Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1192/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Fərruxoğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2024-cü il 29 dekabr tarixli 1689/K nömrəli əmri ilə Cəmiyyətin Mühafizə departamentinin mühafizəçisi X10 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə 2025-ci il 6 yanvar tarixindən xitam verilmişdir (işçinin əmək müqaviləsinin müddəti 1 yanvar tarixində bitmişdir). İşçinin müqaviləsinin 1 yanvar tarixində bitməsinə baxmayaraq, müqaviləsinə 6 yanvar tarixindən xitam verilməsinə səbəb isə 2025-ci il 1-5 yanvar tarixlərinin qeyri-iş günləri olması olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8.4-cü maddəsinə əsasən Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Bu səbəbdən, işçinin xitam əmrində müqaviləsinin müddətinin 1 yanvarda bitdiyi, lakin Əmək Məcəlləsinin 8.4-cü maddəsinə əsasən müqaviləyə 6 yanvar tarixindən xitam verildiyi qeyd edilmişdir. Eyni zamanda X10 Cəmiyyətdə növbəli iş rejimi ilə işləmiş və 1-6 yanvar tarixlərində işə cəlb edilməmişdir (iş günü hesablanmamışdır), dekabr ayının ortasından yanvar ayı üzrə növbə qrafikinə adı salınmamışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" ASC-nin vəzifəli şəxsi olaraq barəsində 2025-ci il 27 yanvar tarixli MN2123267 nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. X1 əmək müqaviləsinin müddəti 2025-ci il 1 yanvar tarixində bitdiyi halda onunla bağlanmış əmək müqaviləsinə 2025-ci il 6 yanvar tarixində xitam verildiyi və bununla da, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 107-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi göstərilmişdir. Həmin protokol əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi olaraq İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilərək 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi ilə bağlı 2025-ci il 6 fevral tarixli MN0024022 nömrəli Qərar qəbul edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət təyin edilmişdir. Qeyd olunan Qərar təqdim edilməsi ilə bağlı X12 Xidmətinin Bakı şəhər İdarəsinin 2025-ci il 7 fevral tarixli 3-17-5/2-11268/2025 nömrəli müşayiət məktubu 2025-ci il 13 fevral tarixində poçt mübadilə məntəqəsinə daxil olmuş, 2025-ci it 19 fevral tarixində isə ona çatdırılmışdır. Həmin müşayiət məktubu ilə eyni zərfdə X12 Xidmətinin Bakı şəhər İdarəsinin 2025-ci il 7 fevral tarixli 3-17-5/2-10988/2025 nömrəli məktubu da 2025-ci il 19 fevral tarixində çatdırılmışdır. Həmin məktubda X4 əmək müqaviləsinə xitam verilməsi barədə 2025-ci il 29 dekabr tarixli, 1689/K nömrəli əmrin ləğv edilərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması və X12 Xidmətinin Bakı şəhər İdarəsinə 30 (otuz) gün müddətində məlumat verilməsi qeyd edilmişdir. X4 əmək müqaviləsinə xitam qanunvericiliyə uyğun olaraq verilmişdir və tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Həmin qərardan şikayət verməmə səbəbi isə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi olmuşdur. X12 Xidmətinin Bakı şəhər İdarəsinin 2025-ci il 7 fevral tarixli 3-17-5/2-10988/2025 nömrəli məktubunda (ona 2025-ci il 19 fevral tarixində çatdırılmışdır) “inzibati xəta pozuntusu”nun aradan qaldırılması üçün 2025-ci il 29 dekabr tarixli, 1689/K nömrəli əmrin ləğv edilməli olduğu bildirildiyindən, "xxxx" ASC-nin 2025-ci il 5 mart tarixli 193/K nömrəli əmri ilə X4 əmək müqaviləsinə xitam verilməsi barədə 2024-cü il 29 dekabr tarixli 1689/K nömrəli əmr ləğv edilmişdir və bununla bağlı məlumat verilməsi, “Əmək və məşğulluq” altsistemində müvafiq düzəlişlərin aparılması üçün X12 Xidmətinin Bakı şəhər İdarəsinə 2025-ci il 10 mart tarixli 132 nömrəli məktub ünvanlanmış və həmin gün də quruma çatdırılmışdır (əlbəəl). "xxxx" ASC tərəfindən ünvanlanmış məktuba X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 2025-cü il 14 mart tarixli cavab məktubu yazılmışdır ki, bu da həmin məktubun 10 mart tarixində əlbəəl çatdırılmasını təsdiq edir. X12 Xidmətinin Bakı şəhər İdarəsinin 2025-ci İM4 mart tarixli 3-17-5/2-24470/2025 nömrəli məktubu ilə "xxxx" ASC-nin 2025-ci il 10 mart tarixli 132 nömrəli məktubuna cavab yazılmış və qeyd edilən məsələ ilə bağlı X6 aid sənədlərin (2024-cü ilin dekabr ayı üzrə MDSS) təsdiq edilmiş surətlərinin təqdim edilməsi istənilmişdir. X12 Xidmətinin Bakı şəhər İdarəsinin 2025-ci İD 14 mart tarixli 3-17-5/2-24470/2025 nömrəli məktubu 14 mart tarixində imzalansa da, “Azərpoçf’un göndərişlərin izlənməsi sistemindən də göründüyü kimi "xxxx" ASC-yə 2025-ci il 7 aprel tarixində çatdırılmışdır. 2025-ci il 15 aprel tarixində isə mənə “ASAN ödəniş” informasiya sistemindən mesaj daxil olmuş və 1700 (bir min yeddi yüz) manat məbləğində cərimə edildiyim qeyd edilmişdir. Barəsində 1700 (bir min yeddi yüz) manat inzibati cərimənin tətbiq edilməsinə razı deyildir və etiraz edir. 2025-ci il 6 fevral tarixli MN0024022 nömrəli qərarda da barəsində inzibatı cərimə şərti olaraq qəbul edilmiş və hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət verilmişdir. Həmin qərar 2025-ci il 13 fevral tarixində poçt şöbəsinə daxil olmuş, 2025-ci il 19 fevral tarixində mənə çatdırılmışdır. X12 Xidmətinin Bakı şəhər İdarəsinin 2025-ci il 7 fevral tarixli 3-17-5/2-10988/2025 nömrəli məktubunda (ona 2025-ci il 19 fevral tarixində çatdırılmışdır) hüquqpozmanın aradan qaldırılması üçün 2025-ci il 29 dekabr tarixli, 1689/K nömrəli əmrin ləğv edilməli olduğu bildirilmişdir. Bu səbəbdən, "xxxx" ASC tərəfindən 2025-ci il 5 mart tarixində həmin əmr ləğv edilmişdir ki, bu da tərəfindən hüquqpozmanın İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən aradan qaldırıldığını təsdiq edir. Eyni zamanda, 2025-ci il 10 mart tarixində "xxxx" ASC tərəfindən hüquqpozmanın aradan qaldırılması ilə bağlı məktub X12 Xidmətinin Bakı şəhər İdarəsinə çatdırılmışdır ki, bu da Məcəllənin 116.4-cü maddəsinə əsasən hüquqpozmanı aradan qaldırılması ilə bağlı bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verilməsini təsdiq edir. MN0024022 nömrəli qərar 2025-ci il 6 fevral tarixində imzalansa da, ona 2025-ci il 19 fevral tarixində çatdırıldığından hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət axımı 2025-ci il 19 fevral tarixindən başlanır. Tərəfimdən iddia edilən hüquqpozma isə 2025-ci il 5 mart tarixində aradan qaldırılmış və müddət ötürülməmişdir. Tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinin məktubunda qeyd olunan qaydada hüquqpozma aradan qaldırılsa da və bununla bağlı məlumat verilsə də, X12 Xidmətinin Bakı şəhər İdarəsi 2025-ci il 14 mart tarixli 3-17-5/2-24470/2025 nömrəli məktubu ilə "xxxx" ASC-nin məktubuna cavab yazmış və ilkin məktubda qeyd edilməyən sənədilər istəmişdir. İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinə əsasən tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verildiyi andan (10 mart tarixindən) müddət axımı dayandırılır. Həmin maddəyə əsasən X12 Xidmətinin Bakı şəhər İdarəsi ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırlmalı və araşdırmanın nəticəsi barədə ona yazılı bildiriş göndərməli idi. Buna baxmayaraq, X12 Xidmətinin Bakı şəhər İdarəsi məlumatın araşdırılması əvəzinə X6 2024-cü il dekabr ayına MDSS sənədlərinə istəmiş və müraciətə baxmamışdır. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, X12 Xidmətinin Bakı şəhər İdarəsinin cavab məktubu 5 iş günü ərzində deyil, 2025-ci il 7 aprel tarixində ona təqdim olunmuşdur ki, bununla da inzibati orqan tərəfindən 116.4-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinə əsasən yalnız məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Tərəfindən verilən məlumat səhv olmadığı və bununla bağlı X12 Xidmətinin Bakı şəhər İdarəsinin heç bir məktubu və ya bildirişi olmadığı üçün müddətin axımı da cari tarixədək bərpa olunmamışdır. Bu səbəbdən də, 2025-ci il 15 aprel tarixində 1700 (bir min yeddi yüz) manat cərimənin tətbiq edilməsi üçün ‘ASAN ödəniş” informasiya sisteminə daxii edilməsi ilə də İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X15 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qərarın ləğvi üçün əsas yoxdur. Bu səbəblə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 06 fevral 2025-ci il tarixli, MN ******* nömrəli nömrəli qərarın qüvvədə saxlanılmasını, X2 şikayət ərizəsinin təmin olunmaması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaq məhkəmə iclasına gəlməyən şikayət vermiş şəxs X5 məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 06 fevral 2025-ci il tarixli, MN ******* nömrəli nömrəli qərarından görünür ki, "xxxx" ASC-nin direktoru mühafizəçi işləmiş X10 ilə aralarında bağlanan əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə qurtardığı halda onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” maddəsi ilə xitam verilmiş, buna görə də inzibati orqanın rəhbəri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinin tələblərini pozduğu üçün barələrində 1700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, ƏMR №1689/K saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, mühafizə Departamentinin mühafizəçisi X11 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilsin. 32 gün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi və Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü hissəsini rəhbər tutaraq, (əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir) xx.xx.2025-ci il tarixindən xitam verilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 811 saylı bildirişindən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində bitdiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq, həmin əmək müqaviləsi üzrə münasibətlər növbəti dövr üçün davam etdirilməyəcəyi və xx.xx.2025-ci il tarixindən etibarən sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b”bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilməs barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Beləlikə, qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, müəssisənin rəhbəri əmək müqaviləsinin bitməsinə ən azı bir həftə qalmış müqavilənin xitam verilməsinə dair işçiyə məlumat verməli olduğu halda X5 tərəfindən qanunvericiliyin tələbləriə düzgün şəkildə riayət olunmamışdır. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1192/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1192/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver