Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1194/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlunun, zərərçəkmiş şəxs X1, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4307/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlu protokolda göstərilənlərə uyğun izahat verdi və göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4307/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi Nərimanov rayon icra və Probasiya Şöbəsinin icraatına xx.xx.2015-ci il tarixdə daxil olmuş, həmin tarixdə icra olunması üçün borcluya, məlumat üçün tələbkar və müvafiq məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4307/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2020-ci ilə olan aliment borcu 6592 manat təşkil edir. Borclu Şəxs qərar və bildirişləri alsa da, aliment ödənişlərini vaxtıvaxtında icra etməmiş nəticədə bu günə 6592 manat borcu yaranmışdır. Bununla da, borclu icra sənədlərinin icrasından qərəzli yayınmış, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Şəxs tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak, habelə bank hesabları aşkar edilməmişdir. Bununla da borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış icra məmurunu qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, əvəllər aliment borcunu vaxtı-vaxtında X1 bank hesabına ödəmişdir. Lakin, təxminən 2015-ci ilin sonlarında onların münasibətləri yaxşı olduğundan rəsmi nikaha daxil olmuşlar və bu nikahdanda xx xxxx 2016-cı il təvəllüdlü X4 adlı övladları olmuşdur. Həmin dövrdə ailəsini dolandırdığını, bütün maddi xərcləri özü çəkdiyini, uşaqlarına baxdığını, aralarındada aliment pulu barəsində söhbət olmadığını bildirmişdir. 2020-ci ilin mart ayında Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Hal-hazırda o, 6592 manat aliment borcu olduğunu qəbul etmir. Onun fikrincə 2015-ci il tarixdən yenidən rəsmi nikaha daxil olduqları vaxtdan 2020-ci ilin mart ayına qədər, yəni rəsmi nikahlarının pozulduğu müddətə qədər aliment borcunun hesablanmasının düzgün deyildir. Bununla bağlı o, hətta məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdəndə məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında Şəxs ona olan aliment borcundan 6592 manat qaldığını, həmin məbləğin qısa zaman ərzində ödəməsini tələb etdiyini bildirdi, ödəməyəcəyi təqdirdə barəsində qanun çərçivəsində lazımı tədbirlər görülməsini xahiş etdi. Həqiqətəndə 2014-cü ildə nikahları pozulduqdan və aliment kəsildikdən sonra 2015-ci ildən 2020-ci ilədək onlar yenidən rəsmi nikaha daxil olsalar da, Ramil uşağına baxmamışdır. O. Özü aldığı əmək haqqı, daha sonra analıq məzuniyyət pulu və uşaq pulunun hesabına uşağını saxlamışdır. Bu səbəbdən də, həmin aliment tələbindən imtina etməmişdir. Hazırda da o, ödənilməmiş qalan və onun uşağının saxlanılması üçün nəzərdə tutulan 6592 manat aliment ödənişini tələb edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4307/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq 103 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir - İcra sənədi Nərimanov rayon icra və Probasiya Şöbəsinin icraatına xx.xx.2015-ci il tarixdə daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş və digər aidiyyəti sənədlər borclu Şəxs göndərilmişdir; İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə sistemdən çıxarılmış məlumatdan görünür ki, borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak, habelə bank hesabları aşkar edilməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, maddi vəziyyətini, işin hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edilməsinə baxmayaraq, həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinin Şəxs tətbiq olunan həbs inzibati tənbeh növünün həddini müəyyən edərkən nəzərə alınmasını mümkün hesab edir. Belə ki, sözügedən maddə Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilmədiyini təsbit edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(005)-1194/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1194/2020
18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver