Məhkəmə qərarları › İş №3(005)-1196/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1196/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1196/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X7 axtarış üzrə inspektoru X1, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Pluton şadlıq sarayının yaxınlığında nömrəsiz fərdi tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş 18 aprel 2022-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, sürücü Şəxs M.Nərimanov küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, həmin qanunun 36-cı maddəsinin 3-cü bəndinin tələbini pozaraq “Kamaz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşınlara zərər dəymiş, sürücü Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etmiş, həmçinin dərəcəsi təyin olunmayan bədən xəsarəti almışdır. Protokol Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı Orxan Məmmədovun 383 nömrəli rədd materialı qərarına əsasən tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Dövlət X7 axtarış üzrə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 28.02.2022-ci il tarixdə axşam saatlarında o dostları ilə birlikdə 20 Yanvar dairəsinin yaxınlığında fəaliyyət göstərən adını xatırlamadığı kafedə görüşüb, yemək yedikləri zaman araq içmişlər. Kafedən çıxandan sonra, yəni 01.03.2022-ci il tarixdə saat 00:10 radələrində o, sərxoş vəziyyətdə olmağı səbəbindən, etibarnamə ilə ona etibar olunmuş Naz Lifan minik markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına oturaraq, yaşadığı evə yollanmaq üçün hərəkətə başladı. Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə Z.Bünyadov prospekti istiqamətindən üzü H.Əliyev prospekti istiqamətində hərəkət edirdi. Bu zaman onunla eyni istiqamətdə arxasında hərəkətdə olan dövlət qeydiyyat nişanına fikir vermədiyi DYP avtomobilinin xüsusi sayrışan işıq siqnallarından istifadə edərək, hərəkət etdiyini, hətta ona tərəf yaxınlaşdığını görüb, həmin polis əməkdaşlarının onu saxlayacaqlarından qorxub, hərəkət sürətini bir qədər də artırdı, bu zaman həmin avtopatrul ona sol tərəfdən yaxınlaşdığından və onunla paralel hərəkət etdiklərindən qarşıda yerləşən “Şeş-beş” restoranına çatmağına az qalmış məsafədə qarşısında eyni zolaqda Kamaz markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin dayandığını görmüş, lakin həmin zaman o sola dönməli olduğundan və sol tərəfdə DYP avtopatrulu olduğundan o manevr etməyi çatdırmadığı və idarə etdiyi avtomobilin ön hissəsi ilə qeyd olunan yük avtomobilinin arxa sol hissəsi toqquşmuşdur. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bildirərərək barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 aprel 2022-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 36-cı maddəsinin 3-cü bəndinin tələblərini pozaraq “Kamaz” markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə zamanı avtomaşınlara maddi zərər dəymiş, sürücü Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etmiş, həmçinin dərəcəsi təyin olunmayan bədən xəsarəti almışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilmişdir; “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 01 mart 2022-ci il tarixli 2/7272 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilərkən sonuncuda alkoqolun konsentrasiyası 0,8 promill olmuşdur; Zərərçəkmiş şəxs X2 03.03.2022-ci il tarixli izahatından görünür ki, 01.03.2022-ci il tarixdə saat 00:20 radələrində o özünə məxsus 1990-cı il buraxılışlı Kamaz-55111 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə Z.Bünyadov prospekti istiqamətindən üzü H.Əliyev prospekti istiqamətində hərəkət etmişdir. Qeyd olunan küçədə yerləşən “Şeş-beş” restoranına çatmamış, sol tərəfdə yerləşən E.İsaqzadə küçəsinə daxil olmaq üçün sola dönmə işıq siqnalından istifadə edərək, qarşıdan avtomobillərin olmadığını yəqin etdikdən sonra dönmə əməliyyatını həyata keçirib E.İsaqzadə küçəsinə daxil olub, hərəkətini davam etdirdiyi zaman onunla eyni istiqamətdə arxasında hərəkətdə olan “Naz Lifan” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, işıqları sönülü vəziyyətdə avtomobili yüksək sürətlə əks istiqamətli hərəkət yolu ilə idarə edib, arxasında hərəkətdə olan, xüsusi sayrışan işıqları qoşulmuş vəziyyətdə DYP 323 nömrəli avtomobilindən yayınmaq üçün qəfil sola tərəf manevr etdiyindən, idarə etdiyi avtomobilin ön hissəsi ilə onun təxminən 5- 10 km/saat sürətlə hərəkətdə olan avtomobilinin arxa sol hissəsi ilə toqquşmuşdur. Toqquşma yol-nəqliyyat hadisəsindən sonra o avtomobili saxlayıb yerə enmiş və DYP əməkdaşlarının iştirakı ilə həmin sürücüyə yaxınlaşmışdır. Avtomobili idarə edən şəxsin nəfəsindən kəskin alkoqol qoxusu gəldiyindən həmin şəxsin alkoqol sərxoş vəziyyətdə olduğunu anlamışlar. Bundan sonra DYP əməkdaşları həmin hadisə barədə radio rabitə vasitəsi ilə öz idarələrinə və TTYS-yə məlumat vermişlər. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş TTYS əməkdaşları sürücünü müayinə etmək istəsələr də, sürücü həkim müayinəsindən imtina etdiyindən həmin TTYS avtomobili hadisə yerindən uzaqlaşıb getmişlər. Bu səbəbdən həmin sürücü DYP əməkdaşları tərəfindən sərxoşluq müayinəsi məntəqəsinə aparıb müayinə olunmuşdur. Bir neçə dəqiqə sonra hadisə yerinə DYPİ-nin Zaur adlı hadisə üzrə inspektrou yaxınlaşaraq hadisəni qeydə almışdır. Bakı şəhər BPİ DYPİ-nin YNHÜ şöbəsinin inspektoru Zaur Abbasov tərəfindən tərtib edilmiş “Yol nəqliyyat hadisəsinin sxemi”-dən görünür ki, “Naz Lifan” minik markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsi əzilmiş, “KAMAZ” yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşının sol arxa hissəsi əzilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmanlığını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətdiq edilsin. “Femida” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar