Məhkəmə qərarları › İş №3(005)-1200/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1200/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1200/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 05 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 32488,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 14 fevral 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13887.00 ABŞ doları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarmamışdır. Xəta 15 fevral 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 aprel 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola (Protokol) əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 403.4.-cü maddəsi üzrə Şəxs MMC barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılır. Hesab edirik ki, aşağıdakı əsaslara görə tərtib edilmiş protokol ləğv edilməli və Şəxs MMC barəsində inzibati icraata xitam verilməlidir: Şəxs MMC tərəfindən "xxxx" QSC-də olan bank hesabından xx.xx.2020-ci il tarixində xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 32488,00 ABŞ dolları ödəniş edilmişdir. Həmin vəsaitin digər hissəsi hesabına Çindən müəyyən mallar ölkəyə idxal edilmişdir, 13887, 00 ABŞ dolları məbləğində vəsait isə sifariş edilmiş malların satıcıda mövcüd olmadığından geri qaytarılmışdır. Bu məbləğ digər geri qaytarılan məbləğlərlə birlikdə cəm şəkildə qaytarıldığına görə "xxxx" QSC tərəfindən 13887, 00 ABŞ dolları məbləğində vəsait geri qaytarılmış məbləğ kimi qeydə alınmamışdır. "xxxx" QSC ilə apardığımız çoxsaylı danışıqlardan sonra "xxxx" QSC bu məbləği geri qaytarılmış məbləğ kimi qeydə almış, bununla bağlı rəsmi sənəd (qoşma kimi əlavə edilmişdir) təqdim etmiş və Azərbaycan Respublikası Mərkəzi Banka məlumat vermişdir. Əlavə olaraq qeyd edilməlidir ki, eyni məbləğ üzrə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən iki fərqli Protokol tərtib edilmişdir. Bu Etiraza qoşma kimi əlavə edilmiş Şəxs MMCnin "xxxx" QSC-də olan bank hesabından 2020-ci ilin fevral ayı üzrə çıxarışdan göründüyü kimi Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixində cəmi 1 dəfə 32488,00 ABŞ dolları məbləğində xaricə ödəniş edilmişdir. Həmin məbləğin bəyan edilməmiş etimal olunan 13887, 00 ABŞ dolları məbləğində hissəsinə Azərbaycan Respublikası Mərkəzi Bank iki fərqli Protokol tərtib etmişdir. Birinci 17 mart 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov tərəfindən Şəxs MMC barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılmış və 3(005)-913/2022 №li iş üzrə “18” aprel 2022-ci il tarixli qərar qəbul edilmişdir. Tərəfimizdən həmin qərardan artıq Apelyasiya şikayəti verilmişdir. Digər 05 aprel 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanov tərəfindən İnzibati xəta haqqında 3(005)-1200/2022 №-li iş üzrə icraat aparılır. Bütün yuxarıdakıları nəzərə alaraq, hesab edirik ki, Şəxs MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(005)-1200/2022 №-li iş üzrə Şəxs MMC barəsində inzibati icraata xitam verilməlidir Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 15 fevral 2022-ci il tarixli, 00051 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan 14 fevral 2020-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC 32488.00 ABŞ dolları məbləğində pulu ölkə xaricinə köçürülməsi üçün "xxxx" QSC-yə müraciət etmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-913/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati xətanın obyekti olmuş 13887.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında – 2777.4 ABŞ dolları məbləğində cərimə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində artıq eyni fakt üzrə inzibati tənbeh etmək haqqında məhkəmənin qərarı mövcuddur. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-913/2022 saylı qərarı ilə Şəxs MMC xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə xaricə köçürülmüş 13887.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 430.4cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tərəflərin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar