Məhkəmə qərarları › İş №3(005)-1202/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1202/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1202/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 444.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə MN ******* nömrəli 17 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli 17 aprel 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokoldan görünür ki, 29 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən Şəxs MMC tərəfindən satılmış keyfiyyətsiz mal (müqavilə şərtlərinə uyğun olmayan mal) qaytarılmamışdır. Bununla da Şəxs MMC tərəfəndən İXM-in 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, vətəndaş X5 öz müraciətində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Şəxs mağazalar şəbəkəsinin internet səhifəsindən onlayn qaydada 2 illik zəmanətlə 1448 AZN dəyərində "Dyson“ markalı ütü feni sifariş etmişdir. xx.xx.2024-cü il tarixində mal çatdırıldıqdan sonra qablaşdırması açılarkən onun əksik hissələrinin olduğu məlum olmuşdur. xx.xx.2023-cü il tarxində maldan ilk istifadə zamanı onun qüsurlu olması məlum olduğu üçün həmin gün adıçəkilən mağazaya müraciət edərək qüsurlu malın geri götürülməsini tələb etməsinə baxmayaraq, indiyədək heç bir tədbir görülməmişdir. Qeyd olunanları əsas gətirməklə vətəndaş özünün istehlakçı hüquqlarının pozulduğunu iddia edərək, bununla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Ona görə də tərtib edilmiş protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, vətəndaş X2 müraciəti əsassızdır. Belə ki, qeyd olunan məhsulun qablaşdırılması ilə bağlı şirkət saytına yerləşdirilmiş şəkildə səhv olduğu üçün şəkil dəyişdirilmişdir. Müştəriyə bu barədə məlumat verilmiş, kompensasiya kimi müştərinin istəyi ilə 50 AZN-lik hədiyyə kartı şirkətin Nərimanov mağazasına göndərilmişdir. Müştəriyə qeyd olunan kartı götürmək üçün mağazanın müştəri məmnuniyyəti şöbəsinə yaxınlaşmaq lazım olduğu bildirilmiş, lakin müştəri xəzinədarlıq şöbəsinə yaxınlaşdığı və xəzinədarlıq şöbəsinin bu məsələdən məlumatsız olduğu üçün kartı əldə edə bilməmişdir. Müştəri ilə sonradan əlaqə saxlanılıb bir daha izah olunsa da, müştəri hədiyyə kartından imtina etmişdir. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 444.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material üzrə inzibati işə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şəxsnə ünvanlanmış 09 fevral 2024cü il tarixli, 3-21-1/2-2095/2024 nömrəli məktubdan görünür ki, vətəndaş X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. X4 (müştəri kodu: K2127325) xx.xx.2024-cü il tarixində Şəxs mağazasına məxsus internet səhifəsindən 2 (iki) illik zəmanətlə 1448 (bir min dörd yüz qırx səkkiz) manat dəyərində “Dyson” markalı fen sifariş verdiyini, xx.xx.2024-cü il tarixində fenin qablaşdırılmamış formada çatdırıldığını və mala aid bəzi hissələrin olmadığını müəyyən etdiyini, həmçinin malın qüsurlu olduğunu və bu barədə mağazaya etdiyi müraciətin nəticəsiz qaldığını bildirərək, istehlakçı hüquqlarının qorunmasında köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Şəxs tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış 28 fevral 2024-cü il tarixli, 139/24 nömrəli məktubundan görünür ki, 3-21-1/2-2095/2024 saylı, xx.xx.2024-cü il tarixli Günay Babazadənin şikayəti əsasında ünvanlanmış müraciət araşdırılmışdır, 3-21-1/2-2095/2024 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, müştərinin Şəxs mağazasından aldığı məhsulu (“Dyson” markalı fen) ilə bağlı şikayəti əsasında məhsul servis tərəfindən diaqnostika edilməsi üçün məhsulu rəsmi servis mərkəzinə təqdim etməlidir. Bu barədə müştəri məlumatlandırılmışdır. Qeyd olunan məhsulun qablaşdırılması ilə bağlı şirkət saytına yerləşdirilmiş şəkildə səhv olduğu üçün şəkil dəyişdirilmişdir. Müştəriyə bu barədə məlumat verilmiş, kompensasiya kimi müştərinin istəyi ilə 50 AZN-lik hədiyyə kartı şirkətin Nərimanov mağazasına göndərilmişdir. Müştəriyə qeyd olunan kam götürmək üçün mağazanın müştəri məmnuniyyəti şöbəsinə yaxınlaşmaq lazım olduğu bildirilmiş, lakin müştəri xəzinədarlıq şöbəsinə yaxınlaşdığı və xəzinədarlıq şöbəsinin bu məsələdən məlumatsız olduğu üçün kartı əldə edə bilməmişdir. Müştəri ilə sonradan əlaqə saxlanılıb bir daha izah olunsa da, müştəri hədiyyə kartından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. İş materialları araşdırılarkən müəyyən olmuşdur ki, vətəndaş X5 ünvan 1 ünvanda yerləşən Şəxs MMC-nin mağazasından aldığı məhsulu (“Dyson” markalı fen) ilə bağlı onun əksik hissəsini olduğunu iddia etmişdir. Belə ki, bu iddia əsassızdır. Qeyd olunan məhsulun qablaşdırılması ilə bağlı şirkət saytına yerləşdirilmiş şəkildə səhv olduğu üçün şəkil dəyişdirilmişdir. Müştəriyə bu barədə məlumat verilmiş, kompensasiya kimi müştərinin istəyi ilə 50 AZN-lik hədiyyə kartı təklif olunmuş, lakin vətəndaş X5 hədiyyə kartından imtina etmişdir. Yol verilmiş yanlışıqla bağlı Şəxs onun internet saytında düzəlişlər etmiş, daha sonra həmin məhsulu olduğu kimi təqdim etmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə düşür. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli 17 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar