Məhkəmə qərarları › İş №3(005)-121/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-121/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-121/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 28 dekabr 2021-ci il tarixdə AP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı T.Məmmədovun 1388 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq “Nissan Navara” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomaşınlara maddi ziyan dəymişdir. Sürücü E.Rəşidəlizadə və sərnişin X.Məmmədova “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1-1173 nömrəli raportdan görünür ki, 20.12.2021-ci il tarixdə saat 08:30-da Respublika Xəstəxanasından tibb bacısı Verdiyeva məlumat verərək, İstanbul NS Klinikasının yaxınlığında baş vermiş YHN nəticəsində X2 aldığı burun, yanaq və döş qəfəsinin küt travması xəsarəti ilə müraciət etməsini bildirmişdir. 20.12.2021-ci il tarixli, 2/37449 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 20.12.2021-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 20.12.2021-ci il tarixdə saat 02:10 radələrində etibarnamə əsasında idarə etdiyi X4 məxsus “Hyundai Sonata” minik markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində inşa edilmiş avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş körpünün üzərində 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu MT-sı istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saatda 70-80 km sürətlə düzünə hərəkət etmişdir. O, idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edən “Nissan Navara” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etmişdir. O, idarət etdiyi avtomobil ilə həmin “Nissan” markalı avtomobili ötüb keçmək üçün sağdan 1-ci zolağa manevr etmişdir. Həmin vaxt “Nissan Navara” markalı avtomobildə ona yol vermək üçün sağdan 1-ci zolağa daxil olmuşdur. O yenidən sağdan 2-ci zolağa daxil olmaq istəyən zaman ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin sağ ön hissəsi “Nissan Navara” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə çırpılmışdır. Zərbənin təsirindən o, idarə etməni itirmiş və avtomobili dövr edib dayanmışdır. Hadisədən sonra o dərhal avtomobildən çölə çıxıb digər sürücüyə yaxınlaşaraq xəsarət alıb-almadığını maraqlanmış, onlara xəstəxanaya getməyi təklif etmişdir. Həmin sürücüdə narahatçılığa ehtiyac olmadığını bildirmişdir. Bundan sonra hadisə yerinə YPX əməkdaşları gəlmişdir. Bundan bir qədər sonra Nərimanov RPİ-nin əməkdaşı onunla əlaqə saxlayaraq aparılan araşdırmada iştirak etməyini xahiş etmişdir. O da həmin araşdırmada iştirak etmişdir. Aparılan araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, 20.12.2021-ci il tarixdə saat 02:00 radələrində əri X1 etibarnamə əsasında idarə etdiyi “Nissan Navara” minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində inşa edilmiş avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş körpünün üzərində 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu MT-sı istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla saatda 70-80 km sürətlə düzünə hərəkət edirdi. Onlar avtomobil ilə düzünə hərəkətdə olduqları zaman onlarla eyni zolaqla onlardan arxada hərəkət edən “Hyundai Sonata” minik markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobil ilə sağdan 2-ci zolağa manevr edən zaman düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə onların avtomobilinin arxa sol hissəsini vurmuşdur. Zərbənin təsirindən Ergün idarə etməni itirmiş və avtomobilin yolun sağ hissəsində olan dəmir dirəyə dəyərək avtomobil əks istiqamətdə çevrilmişdir. Hadisədən sonra ətrafdan təsadüfi keçən şəxslər köməklik etmək üçün onlara yaxınlaşmışlar. Bundan bir qədər keçmiş hadisə yerinə YPX əməkdaşı gəlmişdir. Bundan sonra isə Ergün onun səhhətindən narahat olub onu xəstəxanaya aparmışdır. Müayinə olunduqdan sonra onu evə buraxmışlar. Bundan sonra isə Nərimanov RPİ-nin əməkdaşı onunla əlaqə saxlayaraq aparılan araşdırmada iştirak etməyini xahiş etmiş və o da aparılan araşdırmada iştirak etmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X6” X10 23.12.2021-ci il tarixli, 971 nömrəli rəyindən görünür ki, vət. X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-üst dodağının şişkinliyi və iç selikli qişasının əzilmiş yarası, burun belinin, sol yanağın, döş qəfəsinin sağ yarısının, sağ sağrının, sağ və sol diz oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 20.12.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına “Yüngül” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işi başlanılması rədd edilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar