Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1210/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X4 və onun vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 17.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 17.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 31.12.2021-ci il tarixdə saat 23:36 radəsində Bakı şəhəri Nərimanov rayonu, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində idarə etdiyi “REFERANS MEDİCAL GROUP” şirkətinə məxsus “MERCEDES BENZ SPRİNTER” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təcili yardım avtomobili ilə “LAND CRUİSER” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Həmin hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin X8 idarəsinin yol nəqliyyat hadisəsi inspektoru X5 (bundan sonra - "1-ci İnspektor") tərəfindən 31.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (undan sonra - İXM) 327.2-ci maddəsi ilə inzibati xəta haqqında 31.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra - "İnzibati Protokol") tərtib edilmişdir. 1-ci İnzibati Qərarın qəbul edilməsi İnzibati Protokol əsasında İXM-in 327.2-ci maddəsini törətməkdə təqsirli bilinərək 01.01.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla (bundan sonra - "1-ci İnzibati Qərar") barəsində 60 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. 1-ci İnzibati Qərar onunla əsaslandırılmışdır ki, o 31.12.2021-ci il tarixdə saat 23:36 radəsində Bakı şəhəri Nərimanov rayonu, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində "REFERANS MEDİCAL GROUP" şirkətinə məxsus MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təcili yardım avtomobili idarə edərkən svetoforun və nizamlayıcısının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Həmin qərardan tərəfindən Nərimanov Rayon Məhkəməsinə şikayət verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli 3(005)-249/2022 nömrəli qərarı ilə şikayət təmin edilmiş, 1-ci İnzibati Qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə tapşırılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, o hadisə zamanı üstün keçid hüququna malik nəqliyyat vasitəsini idarə etmişdir. Bundan sonra, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin Yol Nəqliyyat Hadisələri Şöbəsinin baş inspektoru X1 (bundan sonra - "2-ci İnspektor") tərəfindən 17.03.2022-ci il tarixli TP4789/88 nömrəli inzibati tənbeh vermə haqqında qərar (bundan sonra - "2-ci İnzibati Qərar") qəbul edilmişdir. 2-ci İnzibati Qərarla İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərar rəsmi qaydada onlara təqdim edilməmiş, yalnız 13.01.2022ci il tarixdə 2-ci İnspektor tərəfindən onlara təqdim edilmişdir. 2-ci İnzibati Qərar onunla əsaslandırılmışdır ki, "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsinin İİ hissəsinin tələblərini pozaraq svetoforun qadağanedici siqnalı verilərkən hərəkətini davam etdirmişdir və nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Qanunun həmin maddəsinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini yolayrıclarında kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin 4-cü hissəsini nəzərə almaqla) dayanmalıdırlar. Aşağıdakı səbəblərə görə hesab edir ki, 2-ci İnzibati Qərar qanunsuz və əsassızdır. İlk növbədə qeyd edir ki, hadisə zamanı mən MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili xüsusi səs siqnalı və sayrışan işıq siqnalı ilə idarə etmişdir və belə olan təqdirdə idarə etdiyi operativ nəqliyyat vasitəsi üstün keçid hüququna malik olmuşdur. Belə ki, "Yol hərəkəti haqqında" Qanunun 74-cü maddəsinin 1-ci hissəsinə əsasən üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxa bilər. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. Həmin maddənin 2-ci hissəsinə əsasən hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Göründüyü kimi, o hadisə zamanı MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsini xüsusi səs siqnalı və sayrışan işıq siqnalı ilə idarə etdiyindən həmin nəqliyyat vasitəsi üstün keçid hüququna malik olmuşdur. İdarə etdiyi avtomobilə yol verildiyini yəqin edərək üstünlükdən istifadə etmiş və svetoforun və nizamlayıcısının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Həmin faktlara baxmayaraq, 2-ci İnspektor da mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, məhkəmənin qərarında 1-ci İnzibati Qərarın ləğvi əsası kimi istinad etdiyi hüquqi mövqeyini nəzərə almadan işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq aşkar surətdə qanunsuz 2-ci İnzibati Qərar qəbul etmişdir. Halbuki, İXM-in 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aiddir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 2-ci İnspektor işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirsəydi, hadisə zamanı idarə etdiyi MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı ilə hərəkətdə olmasına görə həmin nəqliyyat vasitəsinin üstün keçid hüququna malik olduğu nəticəsinə asanlıqla gələrdi. Yalnız bütün bunlardan sonra qanuni qərarın qəbul edilməsi mümkün olardı və sözsüz ki, o inzibati məsuliyyətə cəlb edilməzdi. Çünki onun İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsinə aidiyyətinin olmadığı aşkar şəkildə işin haları ilə təsdiq edilir. Onların halında isə 2-ci İnspektor bunları etməmiş və nəticədə aşkar surətdə qanunsuz qərar qəbul etmişdir. Hadisəyə səbəb olan inzibati xətanı LAND CRUİSER markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilməsi Qeyd edək ki, əslində hadisənin baş verməsinin səbəbi LAND CRUİSER markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətləri olmuşdur. Belə ki, İXM-in 331-ci maddəsinə əsasən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda təsvir etdiyi faktlardan göründüyü kimi, onun idarə etdiyi operativ nəqliyyat vasitəsi üstün keçid hüququna malik olmuşdur və belə olan halda, yol hərəkətinin digər iştirakçıları kimi LAND CRUİSER markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil keçid üstünlüyü hüququna malik olan MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təcili yardım avtomobilinə yol verməli olduğu halda, bunu etməməmişdir. 2-ci İnspektor 2-ci İnzibati Qərar qəbul edərkən toplanmış sübutları olduğu kimi qəbul etməməli, əvvəlcə onları obyektiv surətdə təhlil etməli, bir biri ilə müqayisə etməli, sübutların mümkünlüyü və mötəbərliliyi baxımından qiymətləndirilməli idi. Yalnız bütün bunlardan sonra qanuni 2-ci İnzibati Qərar qəbul edilməsi mümkün olardı. Lakin onların halında 2-ci inspektor bunları etməmiş və nəticədə aşkar surətdə qanunsuz 2-ci İnzibati Qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 17.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 və onun vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli, 3(005)- 249/2022 saylı qərarından görünür ki, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* 01 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinə tapşırılması qərara alınmışdır. Bakı şəhəri X8 İdarəsinin əməkdaşı X1 tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri X8 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın diqqətini «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 74-ci maddəsinin 1-ci hissəsinə cəlb edərək bildirir ki, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Üstün keçid hüquqi olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. Belə olan halda, X4 üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü kimi yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən kənara çıxa bilmək hüququ vardır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs işin bu hallarına qiymət vermədən onun svetaforun qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirməsini pozuntu kimi qiymətləndirərək İXM-nin 327.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində 17.03.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də ilə Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin əməkdaşı X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 17.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1210/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1210/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver