Məhkəmə qərarları › İş №3(005)-1218/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1218/2020

24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1218/2020 24.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ DYPİ-nin YNH inspektoru X3, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2020-ci il tarixdə Bakı şəhər BPİ Dövlət X7 Şəxs barəsində tərtib olunmuş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 13:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21074” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-in 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bununla da, onun barəsində İXM-in 327.1, 332.1 və 332.4-cü maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan İXP seriyalı ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ DYPİ-nin YNH inspektoru X5 izahat verərək bildirdi ki, sürücü Şəxs xx xxxx 2020-cu il tarixdə saat 13:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Vaz 21074” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobillərin park etmə yerində yolun sağından hərəkətə başlayaraq sola yerdəyişmə edərkən “Toyota” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili iki dəfə vurmuşdur. Nəticədə “Toyota” minik markalı avtomobilə maddi ziyan vurulmuşdur. Törətdiyi inzibati xətaya görə sürücü barəsində İXM-in 327.1, 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü İXM-in 327.1, 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, avtomobillərin park edilmə yerində nəzarətçi işləyir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində “Vaz 21074” minik markalı, **- LK-*** dövlət qeydiyyat nişanlı avtomobili Ə.Rəcəbli küçəsində yolun sağından hərəkətə başlayaraq sola yerdəyişmə edən vaxtı solundan düzünə keçən “Toyota” minik markalı, **- UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsini vurmuşdur. Özünü itirərək əyləc əvəzinə sürət pedalından istifadə etmiş və “Toyota” minik markalı avtomobili ikinci dəfə arxa hissədən vurmuşdur. “Vaz 21074” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus deyil və həmin avtomobili idarə etmək üçün etibarnaməsi, ümumiyyətlə nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs vəkili X6 müdafiə etdiyi şəxsin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 Bakı şəhər BPİ-in DYPİ-nə yazdığı izahatdan görünür ki, xx xxxx 2020-ci il tarixdə özünə məxsus “Toyota” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əhməd Rəcəbli küçəsi ilə üzü Ziya Bünyadov prospekti istiqamətində saatda 40 km/saat sürətlə orta zolağı ilə hərəkətdə olmuş, anidən yolun sağından soluna yerdəyişmə edərək hərəkətə başlayan “Vaz 21074” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil sol ön qanadı ilə onun avtomobilinin sağ yan hissəsindən vurmuş, bu zaman sürətini azaldaraq dayanmışdır. Həmin anda “Vaz 21074” minik markalı avtomobil ikinci dəfə ön hissəsi ilə onun avtomobilini vurmuşdur. Onun avtomobilinə 2000 manata yaxın ziyan dəymişdir; 2/9335 nömrəli xx xxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin günü ayıq olmuşdur; “xxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, X2 məxsus “Toyota” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat dəyərində ziyan dəymişdir; Azərbaycan Respublikası DİN Baş Dövlət X9 016-54671-1220 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Şəxs sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxx 2020-cu il tarixdə saat 13:00-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21074” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yerdəyişmə edərkən hərəkətdə olarkən “Toyota” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad olunan İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta ilə bağlı aşağıdakıları qeyd edir: İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş Dövlət X9 rəisi, onun müavinləri, Baş Dövlət X9 Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət X9 rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs İXM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs İXM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar