Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1223/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə MN ******* nömrəli, 12 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 1222 ünvanında xx.xx.2022-ci il tarixdə AZ 031.xx.xx.04569.22 nömrəli sertifikat verməklə akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə fəaliyyət sahəsinə uyğun olmayan sahə üzrə AZ 031.xx.xx.04569.22 nömrəli sertifikat vermişdir və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qanunun əsas anlayışlarında akkreditasiya sahəsi termini yoxdur. Şəxs MMC sertifikatlaşdırma orqanı olaraq akkreditasiya sahəsində AZS İSO/İEC 17065:2021 standartının 5-ci, 6-cı bəndlərinə uyğun olaraq müvafiq sahələr üzrə məhsul sertifikatlaşdırılması üzrə kodların verilməsi, yuxarıda qeyd edilən məhsulların sertifikatlaşdırılmasına heç bir məhdudiyyət tətbiq etməmişdir. Bu Qanunun 8.2-ci maddəsinə əsasən iddia olunan pozuntunun törədilməsi əsassızdır, həmin maddədə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun fəaliyyətinə dair ümumi tələblər öz əksini tapmışdır, cəmiyyətdə fəaliyyət sahəsində həmin məhsula dair kodlaşdırılması nəzərdə tutulmuşdur, cəmiyyət fəaliyyət sahəsinin genişləndirməsi məqsədi ilə akkreditasiya mərkəzinə əlavə standartların alınması üçün daim müaricətlər etməkdədir. “Standartlaşdırma haqqında" Qanunun 12.2-ci maddəsinə əsasən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodlarının müvafiq standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun təsdiq edilməsi prosesindən əvvəl milli standartlaşdırma qurumundan standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin əldə olunması və onların tələblərinə riayət olunması məcburi hesab olunur. Həmin Qanununun 14.6-ci maddəsinə əsasən standartlaşdırma üzrə sənədlərin tətbiqi və yayımı müəlliflik hüquqlarına əməl edilməklə həyata keçirilir. Rəsmi nəşrlərə müəlliflik hüququ milli standartlaşdırma qurumuna məxsusdur. Uyğunluğun qiymətləndirilməsi zamanı fiziki və hüquqi şəxslər rəsmi nəşrlərin (texniki şərtlər istisna olmaqla) onlara məxsusluğunu (standartlaşdırma üzrə sənədlərin milli standartlaşdırma qurumundan alınmasını) təsdiq etməlidirlər. Bu Qanunun 1.0.23-cü maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi - malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesidir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən uyğunluğun könüllü qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir. Göründüyü kimi, Qanunda fiziki və hüquqi şəxslərin standartlaşdırma üzrə sənədlərin rəsmi nəşrlərini milli standarlaşdırma qurumundan almaq, habelə bu tələbə əməl edilməsini təsdiq etmə vəzifəsi bilavasitə uyğunluğun qiymətləndirilrməsi prosesinə aid edilmişdir. Uyğunluğu qiymətləndirən qurumun özünün akkreditasiyası zamanı onlar tərəfindən müvafiq sənədlərin rəsmi nəşrlərinin əldə olunması və bunun təsdiq edilməsi tələbi isə Qanunda nəzərdə tutulmamışdır. Bundan başqa bildirmişdir ki, Şəxs MMC tərəfindən verilmiş sertifikat ilk növbədə hazırlanaraq “Azərbaycan Akreditasiya Mərkəzi” X11 göndərilir və tərəflərindən yoxlanılır, tələblərə və fəaliyyət sahəsinə uyğun olduqda sertifikat nömrəsi verilir. Hüquqi şəxsin məsuliyyətə cəlb edilməsinə səbəb olmuş “Uyğunluq sertifikatı”na məhz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Akreditasiya Mərkəzi” PHŞ tərəfindən AZ 031.xx.xx.04569.22 nömrəsi verilmişdir. Eyni zamanda akreditasiya sahələri 3 illik verilir və ona əlavələr edilə bilər, lakin həmin siyahıda normativ sənədin işarəsinin göstərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna baxmayaraq tərəflərindən “Azərbaycan Akreditasiya Mərkəzi”nin tələbinə əsasən bu barədə məlumatlar da quruma verilir. Göstərilən normativ sənədlərin işarəsi xx.xx.2022-ci il tarixdə siyahıya əlavə edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs MMC barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Akreditasiya Mərkəzi” X8 nümayəndəsi X6 bildirmişdir ki, hazırda “Azərbaycan Akreditasiya Mərkəzi” X10 baş qiymətləndirici vəzifəsində işləyir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciət edir. Müraciətə bu qanunun 5.4-cü maddəsinə uyğun akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər əlavə edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Qanuna uyğun olaraq həmin sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sahələr 3 illik müddətinə təsdiq edilir və bu müddət ərzində müvafiq dəyişikliklər edilə bilər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qurum tərəfindən “Uyğunluq sertifikatı” verilməmişdən əvvəl sertifikat “Azərbaycan Akreditasiya Mərkəzi” PHŞ-ə göndərilir, Mərkəz tərəfindən sahəyə uyğun olub-olmaması yoxlanılır və qeydiyyata alınaraq nömrə verilir. Fəaliyyət sahələrinə normativ sənədlərin işarəsinin əlavə edilməsi tələbi son dövrlər tələb edilməyə başlanmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Mərkəzdə sertifikat yoxlanılarkən fəaliyyət sahəsinə uyğun olmaması müəyyən edildikdə sertifikat nömrəsi verilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-nin məhsulların, işlərin, xidmətlərin sertifikatlaşdırılması üzrə orqanın akkreditasiya sahəsinə dair siyahıya (xx.xx.2021, AZ 02.0556.01.21) əsasən həmin cəmiyyətə 1.154 növdə məhsul kodu üzrə akkreditasiya sahəsi aid edilmişdir. Qeyd edilən siyahıya nəzər saldıqda müəyyən edilir ki, “Bakı Tikiş Evi”nə məktəbli geyim dəstlərinə verilmiş xx.xx.2023-cü il tarixli “Uyğunluq sertifikatı”nda 14.12.30. məhsul kodu altında “sair iş geyimləri” Şəxs MMC-nin akkreditasiya sahəsinə aid edilərək ona uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir. “Azərbaycan Akkreditasiya Mərkəzi” X12 tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı olan Şəxs MMC CS/155-İS/2 №-li xx.xx.2022-ci il tarixli qərarı əsasında “Bakı Tikiş Evi”nə məktəbli geyim dəstlərinə xx.xx.2023-cü il tarixdə AZ 031.xx.xx.04569.22. №-li “Uyğunluq sertifikatı” vermiş, məhsulun kodu 14.12.30, standart isə ГОСТ 25296-2003 b5.1.3., b5.4.2, b5.4.3., cədvəl 8, b5.5.1 kimi qeyd edilmişdir. Bu “Uyğunluq sertifikatı” “Azərbaycan Akkreditasiya Mərkəzi” X12 tərəfindən yoxlanılaraq AZ031.xx.xx.04569.22 sertifikat nömrəsi verilmişdir. 12 oktyabr 2022-ci il tarixli MN004307 saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə AZ031.xx.xx.04569.22 nömrəli sertifikat verməklə akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli “inzibati xəta haqqında protokolun tərtib edilməsi barədə məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş məlumatların araşdırılması nəticəsində aşkar edilmişdir ki, Şəxs MMC tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin həyata keçirilməsi zamanı ona verilmiş akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99cu və 538-1.2-ci maddələrinə əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtibi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ünvan 2 ünvanında yerləşən inzibati binada xx.xx.2022-ci il tarixdə saat 11:00-12:00-dək sözügedən protokolun tərtibində səlahiyyətli nümayəndənin iştirakını təmin edilməsi xahiş edilmişdir Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci bəndinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. xx.xx.2022-ci il tarixli “Uyğunluq Sertifikatı”ndan aydın olur ki, sertifikat “Akreditasiya siyahısın”da əks olunmuş 14.12.30 saylı koda uyğun verilmişdir. Belə ki, Şəxs MMC tərəfindən akkreditasiya siyahısının (AZ 02.0556.01.21, xx.xx.2021) 228-ci bəndində, Sertifikatlaşdırılan malın (xidmətin, işin) adı - sair iş geyimləri, Kodu isə - 14.12.30 kimi qeyd edilmişdir. Bundan başqa “Standartlaşdırma haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodlarının müvafiq standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun təsdiq edilməsi prosesindən əvvəl milli standartlaşdırma qurumundan standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin əldə olunması və onların tələblərinə riayət olunması məcburi hesab olunur. Həmin Qanunun 14.6. Standartlaşdırma üzrə sənədlərin tətbiqi və yayımı müəlliflik hüquqlarına əməl edilməklə həyata keçirilir. Rəsmi nəşrlərə müəlliflik hüququ milli standartlaşdırma qurumuna məxsusdur. Uyğunluğun qiymətləndirilməsi zamanı fiziki və hüquqi şəxslər rəsmi nəşrlərin (texniki şərtlər istisna olmaqla) onlara məxsusluğunu (standartlaşdırma üzrə sənədlərin milli standartlaşdırma qurumundan alınmasını) təsdiq etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.1-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. İXM-nin 538-1.2. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati protokol tərtib etmiş orqan protokol tərtib edərkən istinad etdiyi İXM-nin 538-1.2-ci maddəsinin tələblərinin yəni dispozitiv şərtlərinin Şəxs MMC-nin əməlində mövcud olması və onun tərəfindən pozulması halı nə iş materialları ilə nə də ki, məhkəmə iclasında araşdırma aparılarkən öz təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətə gələrkən ilk növbədə nəzərə alır ki, hər hansı bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün birmənalı olaraq İXM-nin sözügedən maddəsinin əsas dispozitiv şərti olan hal qanuni olmalıdır. Belə ki, Şəxs MMC tərəfindən verilmiş “Uyğunluq sertifikatı” “Akreditasiya siyahı”ında əks olunmuş sertifikatlaşdırılan malın, xidmətin, işin adına və həmin sahənin koduna uyğun olmuş, şahid ifadəsi ilə aydın olan, eləcə də protokol tərtib edən qurumun nümayəndəsi tərəfindən də təsdiq edilir ki, “Uyğunluq sertifikatı” verilməmişdən əvvəl “Azərbaycan Akkreditasiya Mərkəzi” X11 göndərilir və tərəflərindən yoxlanıldıqdan sonra sertifikat nömrəsi verilir. Mərkəz tərəfindən Şəxs MMC-nin fəaliyyət sahəsinə uyğun olmayan sertifikat verilməsi aşkar edildiyi halda ona sertifikat nömrəsi verilə bilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nın barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.1, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Hüquqi şəxs Şəxs MMC-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1223/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1223/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver