Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1224/2020 29.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə inspektoru polis kapitanı x3, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, tikinti şirkətində nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinin polis sahə inspektoru polis kapitanı x2 xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:20-də ictimai nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitədən istifadə etmədiyinə görə irad bildirildikdə, polis əməkdaşına tabesizlik göstərib qoruyucu vasitədən istifadə etməyib polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, polis əməkdaşının protokolda göstərdiyi xüsusatlarla razı deyildir. Bununla əlaqədar olaraq barəsində tərtib olunmuş material üzrə də heç bir sənədi imzalamamışdır. Qeyd etmişdir ki, polis əməkdaşı ictimai nəqliyyat vasitəsinə daxil olaraq ona qoruyucu tibbi maskanı tam taxmasını tələb etmiş, o isə tənəffüs almaqda çətinlik çəkdiyindən tibbi maskanı o formada taxdığını bildirmişdir. Polis əməkdaşı ona ikinci dəfə xəbərdarlıq etdikdə onu dərhal avtobusdan düşürtdülər. Ümumiyyətlə polis əməkdaşı özünü təqdim etmədən onun ad, soyadını bildirməsini tələb etmişdir. Buna baxmayaraq o özünü təqdim etməmiş və DİN-nin 102 zəng xidmətinə zəng edib qoruyucu maska taxdığı halda polis əməkdaşının protokol tərtib etmək səlahiyyətinin olub-olmaması barədə məlumat əldə etmək istəmişdir. Daha sonra onu polis bölməsinə aparmışlar. Son olaraq inzibati xətaya yol vermədiyini belə olan təqdirdə isə barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinin polis sahə inspektoru polis kapitanı x4 məhkəmə iclasında protokolu müdafiə edərək bildirmişdir ki,xx.xx.2020-ci il tarixdə 09:20-də Bakı şəhəri Nərimanov rayonu, F.Xoyksi küçəsində karantin rejimi qaydalarının pozulmasına qarşı keçirilən reyd zamanı ictimai nəqliyyat vasitəsində bir nəfər şəxsin tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitədən düzgün formada istifadə etməməsi aşkar etmişlər. Həmin şəxsdən necə istifadə etməli olduğu izah edilmiş və qoruyucu vasitədən düzgün istifadə etməsi xahiş etmişlər. Həmin şəxs nəfəs almaqda çətinlik çəkdiyini bildirmişdir. Bu halda, həmin şəxsin ictimai nəqliyyatda vasitəsində olmasının yolverilməz olduğu bildirərək, nəqliyyat vasitəsini tərk etməsini xahiş etmişlər. Həmin şəxsə özünü təqdim etməsini xahiş etdikdə özünü təqdim etməmiş və DİN-nin 102 zəng xidmətinə zəng edib qoruyucu maska taxdığı halda polis əməkdaşının protokol tərtib etmək səlahiyyətinin olub-olmaması barədə məlumat əldə etmək istəmişdir. Həmin şəxsə özünü təqdim etməsini və barəsində tərtib olunacaq inzibati protokolun bir nüsxəsini də şəxsə təqdim edəcəyini və narazı qaldığı təqdirə qanunla nəzərdə tutulan qaydada şikayət verə biləcəyini bildirmişdir. Buna baxmayaraq həmin şəxs yenə özünü təqdim etməkdən imtina etmişdir. Daha sonra mobil telefon vasitəsini çıxararaq onları çəkməyə başlamışdır. Həmin şəxs qərəzli şəkildə polisin qanuni tələbinə tabe olmayaraq, ad soyadını deməkdən imtina etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin ictimai nəqliyyat vasitəsində yaşlı nəslin nümayəndələri, uşaq, qadınlar, bir sözlə digər sərnişinlər fərdi qoruyucu vasitədən düzgün formada istifadə etməsinə baxmayaraq yalnız həmin şəxs tənəffüs almaqda çətinlik çəkdiyini bəhanə edib maskanı düzgün şəkildə taxmamışdır. Bundan sonra həmin şəxs bölməyə aparılmış, lakin orada da özünü təqdim etməkdən imtina etmişdir. Bölmədə olan digər polis əməkdaşı onunla etdiyi əməlin qanunazidd olduğunu bildirib etdiyi əməlin hüquqi nəticələri barədə bildirdikdən sonra onun anket məlumatları barədə məlumat əldə etmişlər. Daha sonra onun izahatı alınmış və barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 207 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 01 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görəfiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 211.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204‒208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 211.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli hesab etməyərək inzibati xətaya yol verməməsi ilə bağlı izahatına hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlər, o cümlədən protokolun məzmunu, habelə məhkəmə iclasında tərəflərin vermiş olduqları izahatlarının qarşılıqlı şəkildə tədqiqi, habelə iş materiallarında olan sənədlərin tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə Şəxs bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbs etmənin əvvəli azadlığın faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 15:10-dan hesablanmalı və Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinə göndərilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 15:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1224/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1224/2020
29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver