Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1224/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin polis sahə inspektoru polis baş leytenantı X1, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsindən daxil olmuş 31.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30.05.2021-ci il tarixdə saat 04:15 radələrində Nərimanov rayonu, K. Rəhimov küçəsində yerləşən iqamətgahın qarşısında olarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin polis sahə inspektoru polis baş leytenantı X3 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, 30.05.2021-ci il tarixdə saat təxminən 04:15 radələrində çevik polis alayının əməkdaşları qeyd olunan inzibati ərazidə xidmət apararkən Nərimanov rayonu, K. Rəhimov küçəsində Gənclik 73A iqamətgahının qapısının yaxınlığında bir nəfər şəxsin yaxınlaşdığını görmüşlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmiş, bu zaman vətəndaş heç bir sənəd təqdim etməyərək tabesizlik göstərməyə başlamışdır. Bu zaman onlar güc tətbiq etməklə vətəndaşı polis bölməsinə gətirmişlər. Daha sonra bölmədə onun şəxsiyyəti müəyyənləşdirilərək izahatı alınmış və daha sonra tərəfindən İXM-in 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən müvafiq protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 30.05.2021-ci il tarixdə o, qeyd olunan ərazidə iqamətgahın qapısının qarşısında olmuşdur. Onun məqsədi dənizə getmək və dəniz havası almaq idi. Polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməsini soruşmuş, o da özünü təqdim etmişdir. Daha sonra ona polis bölməsinə getməli olduqlarını bildirdikdə də onlarla getmiş, sadəcə olaraq polis əməkdaşları onun qolundan tutduqda o, etiraz əlaməti olaraq əlini çəkməsini bildirmişdir. Buna səbəb isə onun özünün könüllü olaraq polis bölməsinə getməsində heç bir etirazının olmaması olmuşdur. Hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Əməlindən peşmandır. Polis əməkdaşlarından üzr istədiyini, bir daha belə qanun pozuntusu törətməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-in əlahiddə çevik polis alayının patrul bölüyü polis nəfəri polis serjantı X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 30.05.2021-ci il tarixdə xidmətdə olarkən onlara məlumat verilmişdir ki, bir vətəndaş iqamətgahın qapısının qarşısındadır. Məlumat üzrə hadisə yerinə digər polis əməkdaşları ilə birgə getmişlər. Həmin vətəndaşı saxlayıb özlərini təqdim etdikdən sonra özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsdən nə üçün burada olduğunu soruşmuşlar, o isə şübhəli ifadələr verməyə başlayıb, dənizə getmək istədiyini bildirmişdir. Həmin şəxs özünü şübhəli apardığından onu polis bölməsinə aparmaq istədikdə tabesizlik göstərməyə başladı. Həmin vətəndaşı bölməyə şəxsiyyətini eyniləşdirmək məqsədi ilə aparırdılar. Əl-qol hərəkəti edərək bölməyə gəlməyə etiraz edirdi. Bu zaman qolundan tutub avtomobilə mindirdikdən sonra polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-in əlahiddə çevik polis alayının patrul bölüyü polis nəfəri polis serjantı X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 30.05.2021-ci il tarixdə xidmətdə olarkən onlara məlumat verilmişdir ki, bir vətəndaş iqamətgahın qapısının qarşısındadır. Məlumat üzrə hadisə yerinə digər polis əməkdaşları ilə birgə getmişlər. Həmin vətəndaşı saxlayıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü şübhəli aparırdı. Rabitəsiz ifadələr söyləyirdi. Dənizə baxmaq istədiyini bildirirdi. Daha sonra sözlü mübahisə etməyə başladı. Polisin tələbinə qarşı tabesizlik göstərsə də, üç nəfər polis əməkdaşı olduğundan cəld onun qolundan tutub avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-in əlahiddə çevik polis alayının patrul bölüyü polis nəfəri polis serjantı X5 məhkəmə iclasında şahid X7 və X4 ifadələrinə oxşar eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan inzibati xəta törətmiş şəxsin tutulması haqqında 30 may 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 30.05.2021-ci il tarixdə saat 05:00-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 30 may 2021-ci il tarixdən saat 05:00-dan hesablanmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 30 may 2021-ci il tarixdən saat 05:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1224/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1224/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver