Məhkəmə qərarları › İş №3(005)-1225/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1225/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1225/2020 05.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “xxxxxx” MMC-də mühəndis işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Evoğlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 “b” ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədovun xx xxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov RPİ DYPŞ-i tərəfindən xx xxxx 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki,Şəxs idarə etdiyi “X5” minik markalı **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə düzgün ara məsafəsi seçməyib qarşısında olan “Nissan MAXİMA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, bu zaman sonuncu avtomobil zərbənin təsirindən qarşıda eyni zolaqda dayanmış “Opel Astra” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. Hadisə baş verən zaman hər üç avtomobilə maddi zərər, sürücü X2 isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında protokola uyğun izahat verərək, inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, hadisə baş verdikdən sonra “Nissan MAXİMA” minik markalı avtomobili idarə edən şəxs boynunun ağrıdığını bildirmiş və o, ona təklif etmişdir ki, ehtiyac varsa həkim müayinəsinə aparsın. Lakin sürücü tibbi yardımma ehtiyacının olmadığını bildirmişdir. Daha sonra avtomobilini sığorta etdiyi şirkətə zəng edib hadisə yerinə nümayəndə dəvət etmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinin sxemini tərtib etmiş, onların izahatını almışlar. Hazırda zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Aralarında barışıq əldə edilmişdir. Son olaraq barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqana və zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 329 nömrəli ekspert rəyindən görünür ki, 1967-ci il təvəllüdlü X1 aşkar edilmiş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət edilən boyun fəqərələrinin əziyi və bağların gərilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin qeyd olunan yolnəqliyyatı hadisəsi sürücü Şəxs ehtiyatsızlığı nəticəsində əmələ gəldiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, zərərçəkmiş şəxslərin RM-454 nömrəli rədd materialında olan izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə barəsində inzibati icraat aparılan şəxsin məhkəmə iclasında vermiş olduğu izahatını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar