Məhkəmə qərarları › İş №3(005)-1225/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1225/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1225/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 01400-02893/23 nömrəli, 10 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şimal Ərazi Bas Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2023-ci il tarixli, 34/012/002320 saylı raportunun icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, Şəxs MMC tərəfindən 2022-ci il tarixdə 4 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Bas Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 37632.5 ABŞ dolları (63975,36 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Dövlət Gömrük Komitəsinin “X2 Sistemin”-dən əldə etdilən məlumata əsasən, Şəxs MMC-nin ********** saylı VÖEN-lə ünvan 1 ünvanında qeydiyyata alınmış, fəaliyyəti aktivdir, hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikası vətəndaşı, şəxsiyyət vəsiqəsi seriya nömrəsi AZE № AA1873744 olan, doğum tarixi xx.xx.1989-cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan X3r. Aparılan araşdırma ilə əlaqədar, Şəxs MMC-nin nümayəndəsi və rəhbəri X1 Ərazi Bas Gömrük idarəsinə dəvət olunmuş, lakin, MMC-nin nümayəndəsi və rəhbəri X4 çağırış üzrə gəlməmiş və 37632.57 ABŞ dolları (63975,36 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülməməsinin səbəbini də bildirməmişlər. Gömrük Prosedurları və Ödənişləri şöbəsinin Dövlət Gömrük Komitəsinin “Vais" sistemindən əldə etdiyi məlumata əsasən, 2 gömrük bəyannaməsi üzrə 11281,32 ABŞ dolları (19178,24 manat) məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən Şimal Ərazi Bas Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyanamələr üzrə köçürülməli olan 11281,32 ABŞ dolları (19178,24 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə 10 aprel 2023-cü il tarixində EP seriyalı ******* nömrəli inzibati xəta haqqında (01400-02893/23 nömrəli) protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə başlanmış həmin inzibati xəta haqqında işə İXM-nin 53-cü maddəsinə əsasən (inzibati xəta hadisəsinin baş verməməsi əsası ilə) xitam verilməlidir. Belə ki, məhkəməyə daxil olumuş həmin protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin əsası kimi xx.xx.2022-ci il tarixli **********0129 nömrəli yük gömrük bəyannaməsi üzrə 20.000 ABŞ dolları dəyərində malın köçürülməmiş qalıq hissəsi olan 9140, 94 ABŞ dolları və xx.xx.2022-ci il tarixli **********0109 nömrəli yük gömrük bəyannaməsi üzrə 28349.80 ABŞ dolları dəyərində malın köçürülməmiş qalıq hissəsi olan 2140, 38 ABŞ dolları məbləğində pul vəsaitləri təşkil edir. Yəni yuxarıda qeyd edilən 2 gömrük bəyannaməsi üzrə 11.281,32 ABŞ dolları (19178,24 manat) məbləğində vəsaitin Şəxs MMC-nin bank hesabına vaxtında köçürülməməsinə görə həmin inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli **********0129 nömrəli yük gömrük bəyannaməsi üzrə 20.000 ABŞ dolları dəyərində malın köçürülməmiş qalıq hissəsi olan 9140, 94 ABŞ dolları məbləğində vəsait 04 may 2023-cü il tarixində Şəxs MMC-nin bank hesabına artıqlaması ilə köçürülmüş və buna dair rəsmi sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, **********0129 nömrəli yük gömrük bəyannaməsi üzrə Şəxs MMC- nin “VTB” Bankda olan hesabına 04 may 2023-cü il tarixində 6411,42 ABŞ dolları və 3293.66 ABŞ dolları məbləğində vəsaitlər daxil olmuşdur və həmin yük gömrük bəyannaməsi üzrə borc tam olaraq 10 may 2023-cü il tarixində bağlanmışdır. Həmin vəsaitin gecikmə ilə, yəni 180 gün konsiqnasiya müddəti bitdikdən sonra köçürülməsinə səbəb isə vaxtilə mah Şəxs MMCdən qəbul etmiş RF-nın Stavropol vilayətində yerləşən "xxxx" MMC adlı şirkətin fəaliyyətinin dayandırılması səbəbindən baş vermişdir. Belə ki, həmin şirkət qeyd edilən yük gömrük bəyannaməsi üzrə ilkin olaraq öz öhdəliyini "xxxx" MMC-yə ötürmüş, daha sonra isə həmin şirkətin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmış və sonuncuda 04 may 2023-cü il tarixində 6411,42 ABŞ dolları və 3293.66 ABŞ dolları məbləğində vəsaitləri məhz Şəxs MMC-nin bank hesabına tam olaraq köçürülmüşdür. Bir daha bildirirlər ki, buna dair bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi həmin pulun gecikmə ilə köçürülməsinə səbəb yuxarıda baş vermiş hüquqi prosedurlar olmuşdur ki, bu hadisələrə görə Şəxs MMC-nin heç bir təqsiri yoxdur. İnzibati xəta haqqında Protokolda istinad edilən xx.xx.2022-ci il tarixli **********0109 nömrəli yük gömrük bəyannaməsi üzrə 28349.80 ABŞ dolları dəyərində malın köçürülməmiş qalıq hissəsi olan 2140, 38 ABŞ dolları məbləğində pul vəsaitinə gəlincə isə qeyd etmək istərdik ki, həmin yük gömrük bəyannaməsi üzrə malın ümumi dəyərindən 26209.42 ABŞ dolları vəsait konsiqnasiya müddəti ərzində yəni xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin müvafiq bank hesabına tamamilə vaxtında köçürülmüşdür. Bu haqda bank köçürmə sənədi məhkəməyə sübut kimi təqdim edilmişdir. Qalıq 2140, 38 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməməsinin səbəbi isə həmin dəyərdə malın məntəqə yerinə çatdıqdan sonra satışa yararlı olmamasının (keyfiyyətsiz olmasının) aşkar edilməsi ilə bağlı olmuşdur. Belə ki, satışa göndərilən mal yaş məhsuldur (şaftalı olmuşdur). Bu haqda mah qəbul edən RF-nın ‘'Prodmir” MMC şirkəti ilə Şəxs MMC arasında kredit not (akt) adlı sənət tərtib edilərək təsdiq edilmişdir. Göründüyü kimi, burada da Şəxs MMC-nin heç bir təqsiri müəyyən edilmir. Bu haqda da rəsmi sübut məhkəməyə təqdim edilmişdir. Yəni yenə də yuxarıda istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli QƏRAR İ-na görə Şəxs MMC xx.xx.2022-ci il tarixli **********0109 nömrəli yük gömrük bəyannaməsi üzrə 28349.80 ABŞ dolları dəyərində malın köçürülməmiş qalıq hissəsi olan 2140, 38 ABŞ dolları məbləğində vəsaitin gecikməsinə görə özünü təqsirli bilmir və hesab edir ki, bu hissədə onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Odur ki, təqdim edilmiş həmin sübutlara əsasən, hazırda hesab edirik ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin əsası kimi - xx.xx.2022-ci il tarixli **********0129 nömrəli yük gömrük bəyannaməsi üzrə 20.000 ABŞ dolları dəyərində malın köçürülməmiş qalıq hissəsi olan 9140, 94 ABŞ dolları və xx.xx.2022-ci il tarixli **********0109 nömrəli yük gömrük bəyannaməsi üzrə 28349.80 ABŞ dolları dəyərində malın köçürülməmiş qalıq hissəsi olan 2140, 38 ABŞ dolları məbləğində pul vəsaitləri təşkil edir. Yəni yuxarıda qeyd edilən 2 gömrük bəyannaməsi üzrə 11.281,32 ABŞ dolları (19178,24 manat) məbləğində vəsaitin Şəxs MMC-nin bank hesabına vaxtında köçürülməməsi göstərilmişdir. Məhkəməyə təqdim edilmiş **********0129 nömrəli yük gömrük bəyannaməsi ilə Şəxs MMCnin “VTB” Bankda olan hesabına 04 may 2023-cü il tarixində 6411,42 ABŞ dolları və 3293.66 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur və həmin yük gömrük bəyannaməsi üzrə borc tam olaraq 10 may 2023-cü il tarixində bağlanmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, vəsaitin gecikmə ilə ölkəyə daxil olmasında Şəxs MMC-nin təqsirli hərəkətləri olmamışdır. Belə ki, 180 gün konsiqnasiya müddəti bitdikdən sonra köçürülməsinə səbəb isə vaxtilə mah Şəxs MMC-dən qəbul etmiş RF-nın Stavropol vilayətində yerləşən "xxxx" MMC adlı şirkətin fəaliyyətinin dayandırılması səbəbindən baş vermişdir. Belə ki, həmin şirkət qeyd edilən yük gömrük bəyannaməsi üzrə ilkin olaraq öz öhdəliyini "xxxx" MMC-yə ötürmüş, daha sonra isə həmin şirkətin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmış və sonuncuda 04 may 2023-cü il tarixində 6411,42 ABŞ dolları və 3293.66 ABŞ dolları məbləğində vəsaitləri məhz Şəxs MMC-nin bank hesabına tam olaraq köçürülmüşdür. Buna dair sübutlar MMCnin vəkili tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair qərarında göstərilir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: • xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; • əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş 01400-02893/23 nömrəli, 10 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar