Məhkəmə qərarları › İş №3(005)-1226/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1226/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1226/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 18:15-də etibarnamə əsasında idarə etdiyi “Ford Transit” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 saylı ünvanın yaxınlığında “Mercedes Benz D 210 mikroavtobus” markalı ** SD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı sərnişin X7 yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, xx xxx 2020-ci il tarixdə, təxminən saat 18:15 radələrində etibarnamə əsasında idarə etdiyi “FORD TRANZİT-yük” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobillə saat da 20-25 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə, H.Əliyev prospekti istiqamətindən Çaykovskiy küçəsi istiqamətinə hərəkət edib A.Neymətulla küçəsi 38 saylı ünvanın yaxınlığına çatanda sol tərəfə dönüb geriyə qayıtmaq üçün icazə verilən yerdən sol tərəfə dönməyə başlayıb əks tərəfdən gələn avtomobil yoluna təxminən 1.50 metr məsafədə daxil olduğu zaman idarə etdiyi avtomobilin sağ tərəf fara hissəsi, əks tərəfdən gələn “MERSEDES BENZ D 210 DKA” markalı mikroavtobusun sol tərəf fara hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı mikroavtobusda sərnişin olan cavan qızın sol qaş nahiyəsindən xəsarət aldığını görmüşdür. Ona görə də hadisədən bir müddət keçmiş hadisə yerinə TTYS-nın həkimləri və Nərimanov RPİ-nin əməkdaşları gəlmişlər. Həkimlər qızın bədənini müayinə edib ilkin tibbi yardım göstərib Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı X13 xəstəxanasına aparmışlar. Polis əməkdaşları araşdırmanı davam etdirmişdir. Onu da qeyd etmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuş, hər hansı bir bədən xəsarəti almamışdır. Sonda Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı və iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: HK-1 N 362 nömrəli Raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:23-də vət. X4 DİN-nin 102 xidmətinə zəng vuraraq bildirib ki, A.Nemətulla küç.23 ünvanın qarşısında idarə etdiyi “Mersedes” markalı **-SD-*** dövlət nömrə nişanlı avtomobil ilə “Ford” markalı **-RB-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində qızı xəsarət almışdır. Göstərilənləri nəzərə alaraq raportun HK-1-də qeydiyyata alınmasına göstəriş verilməsi xahiş olunmuşdur. HK-2 N 4076/1 saylı TTYS/ nömrəli Raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:36-da 1 saylı TTYS-dan həkim Rüstəmov məlumat verib ki, köhnə məhkəmənin qarşısında baş vermiş YNH-si zamanı 1990-cı il təv. X8 xəsarət almışdır. Məlumatın aidiyyəti üzrə əməkdaşa həvalə olunmasına göstəriş verilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli, 2/7138 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, müayinəsi aparılan sürücü Şəxs xx.xx.2020-ci il tarixdə sərxoşluq halı müəyyən edilməmiş və hadisə zamanı ayıq olmuşdur. Aparılan araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə, təxminən saat 18:15 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “MERSEDES BENZ D 210 DKA mikroavtobus” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı mikroavtobusla saat da 30-40 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə, Çaykovskiy küçəsi istiqamətindən El.Əliyev prospekti istiqamətinə hərəkət edirmiş. A.Neymətulla küçəsi 38 saylı ünvanın yaxınlığına çatanda əks tərəfdən gəlib sol tərəfə dönən “FORD TRANZİT-yük” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona yol verməli olduğu halda yol vermədən, eyni zamanda ona çatmasına təxminən 2-3 metr məsafə qalmış qarşısına dönmüş və nəticədə idarə etdiyi mikroavtobusun sol tərəf fara hissəsi qarşı avtomobilin sağ tərəf fara hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı mikroavtobusda sərnişin olan bacısı qızı X2 qaş nahiyəsindən xəsarət almışdır. Ona görə də hadisədən dərhal sonra TTYS-na zəng edib hadisə barədə və S.Əliyevanın bədən xəsarəti alması barədə məlumat vermişdir. Eyni zamanda DİN-nin 102 Xidməti-zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Məlumatlarından qısa müddət keçmiş hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşları və TTYS-nın həkim briqadası gəlmişlər. Həkimlər S.Əİiyevanın bədənini müayinə edib ilkin tibbi yardım göstərib Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı X13 xəstəxanasına aparmış, polis əməkdaşları araşdırmanı davam etdirmişlər. X.Şirinov izahatında onu da qeyd etmişdir ki. hadisə zamanı idarə etdiyi mikroavtobusda bacısı Qənirə Şirinova, onun qızı Sevda Əliyeva və oğlu Rasim Əliyev olmuşdur. Ancaq xəsarəti təkcə S.Əliyeva almışdır. Araşdırma zamanı X7 izahat verərək bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə, təxminən saat 18:15 radələrində dayısı Xəqani Şirinovun etibarnamə əsasında idarə etdiyi, “MERSEDES BENZ D 210 DKA” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yaşayan Xuraman adlı xalasının evindən yaşadıqları evə gedirmişlər. O mikroavtobusun salonunda soldan 1ci oturacaqda, anası Qənirə Şirinova soldan 2-ci oturacaqda, qardaşı Rasim Əliyev isə sonuncu oturacaqda əyləşmişdir. Dayısı X.Şirinov mikroavtobusu A.Neymətulla küçəsi ilə idarə etdiyi zaman əks tərəfdən gələn “FORD TRANZİT-yük” markalı, dövlət qeydiyyat nişanına baxmadığı avtomobilin sürücüsü sol tərəfə dönərək qarşılarına keçmiş və nəticədə X.Şirinovun idarə etdiyi mikroavtobus qarşı avtomobillə toqquşmuşdur. Toqquşma zamanı sol qaş nahiyəsi salonda harasa dəydiyindən xəsarət almışdır. Ona görə də X.Şirinov TTYS-na zəng edib hadisə zamanı bədən xəsarəti alması barədə məlumat verib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşları və TTYS-nın həkim briqadası gəlmişlər. Həkimlər onun bədənini müayinə edib ilkin tibbi yardım göstərib Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı X13 xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər bir daha bədənini müayinə edib sol qaş nahiyəsinə tikiş qoymaqla tibbi yardım göstərib evə göndərmişlər. Araşdırması üzrə izahatları alınmış X3 və X11, X1 və X5 izahatlarını təsdiq edərək oxşar məzmunlu izahatlar vermişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 366 saylı rəyindən görünür ki, vətəndaş X5 almış olduğu xəsarətlər-sol qaşın əzilmiş yarası, sol göz ətrafının hematoması, sol budun qançırı küt əşyanın təsirindən törənmişlər, xx xxx 2020-ci il tarixdə sərnişini olduğu mikroavtobusun avtomobillə toqquşması nəticəsində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Rafiq Ağaəliyev tərəfindən xx xxxx 2020-ci il tarixdə qəbul olunmuş “cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işi başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar