Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-123/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli, 28 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 10000.00 Avro məbləğində vəsaiti 02 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10000.00 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Nəticədə Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Xəta 03 dekabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 iş materialları üzrə tərtib etdiyi protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə müvafiq sənədləri təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda EMİS vasitəsi ilə məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, Şəxs MMC-nin fəaliyyəti agentlik fəaliyyəti olub. Rusiya rezidenti "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixde Agentlik Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən Prinsipal "xxxx" MMC adından malların axtarışı və alınması, Prinsipal tapşırığı ilə bağlı müqavilələrin bağlanması kimi öhdəliklər öz təsdiqini tapmışdır. O cümlədən həmin müqavilənin 2.4-ci maddəsinə əsasən Agent tərəfindən Prinsipalın hesabına alınan mallar Prinsipalın mülkiyyətidir. Müqavilənin 2.6-cı maddəsinə əsasən Prinsipal əvvəlcə Agentin hesabına 100 % məbləğində öncədən pul köçürür və müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə Agentin mükafat məbləği müqavilədə gösterilen məbləğin ən azı 3 %-ini təşkil edir. Qeyd olunan Agentlik Müqaviləsi əsasında Agent "Tulpar AZ” MMC tapşırığın icra edilməsi istiqamətində xx.xx.2022-ci il tarixində X3 rezidenti “EVP Trading D.O.O." ilə rnalların almması üçün müqavilə bağlamış, eyni zarnanda Agent "Tulpar AZ” MMC Agent olaraq təmsil etdiyi Rusiya rezidenti "xxxx" MMC ilə də xx.xx.2022-ci il tarixde 03-22 saylı Müqavilə bağlamışdır. Sonuncu müqavilə üzrə Prinsipal "xxxx" MMC-nin pul vəsaitleri hesabına alınmış mallar Prinsipala da göndərilmişdir. Pul vəsaiti olaraq 10 000,00 Avronun Rusiya rezidenti “NPO Promet" MMC tərəfindən Agent "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixində köçürülmüş, Agent "Tulpar AZ” MMC də öz növbəsində xx.xx.2022-ci il tarixində həmin məbləğin Serbiya rezidenti "EVP Trading “D.O.O."-ya köçürülməsini təmin etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin hesabından 02 dekabr 2022-ci il tarixdə 10000.00 Avro ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Şəxs MMC 10000.00 Avro xarici valyutanı 02 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 10000.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini təsdiq edən sənədləri banka təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarmamışdır. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin vəsatətinə münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Şəxs MMC agentlik fəaliyyəti göstərək müvafiq müqavilə əsasında agent olaraq "xxxx" MMC-i təmsil etmiş, digər şirkətlə müqavilə bağlayaraq malların alınması xidməti göstərmiş, həmin mallara görə 10000.00 Avro ödəniş də məhz Şəxs MMC tərəfindən edilmişdir. Beləliklə, müəyyən olunur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 10000.00 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında – 2000 (iki min) Avro məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-123/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-123/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver