Məhkəmə qərarları › İş №3(005)-1232/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1232/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1232/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində Bakı şəhəri X6 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 12.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 12.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 01.05.2021-ci il tarixində Nərimanov rayonu, K.Kazımzadə küçəsi ilə Gənclik metrosu istiqamətində hərəkət edərkən qəfildən “Audi A5” markalı **-UA-*** qeydiyyat nömrəli maşın onun avtomobilinin arxa qapısından vurmuşdur. Zərbənin təsirindən o, idarəetməni itirərək sağ tərəfdə hərəkət edən Əflatun adlı şəxsin idarə etdiyi “Mersedes” markalı maşınla toqquşmuşdur. O, “Audi” markalı maşını ümumiyyətlə görməmiş, o qəfildən onun avtomobilinə dəymişdir. Buna görə də o, qəzanın qarşısını ala bilməmişdir. Bundan sonra hadisə yerinə gələn Bakı şəhər DYPİ-nin polis kapitanı X3 hadisə yerinə yaxın mağazadan kamera görüntüləri gətirmiş və həmin görüntülərə baxaraq guya onun yol nəqliyyat hadisəsində təqsirli olduğunu demişdir. Lakin o, buna etiraz etmiş və heç bir təqsirinin olmadığını, düz yolda hərəkət edərkən “Audi” markalı maşının onun avtomobilinə dəydiyini desə də, polis kapitanı onun dediyini nəzərə almamışdır. Həmçinin, o, ondan yolu və hadisəni daha yaxşı göstərən TŞ-6-165 nömrəli kameraya baxmağı tələb etsə də, o digər kameranın yaxşı göstərmədiyini bəhanə edərək bundan imtina etmişdir. Onun heç bir təqsiri olmamasına baxmayaraq polis kapitanı Cəlil Əliyev onun barəsində qanunsuz və əsassız olan İXP ******* nömrəli protokolu tərtib etmişdir. O həmin protokola da yol-nəqliyyat hadisəsinin onun təqsirindən deyil, digər tərəfin təqsirindən baş verdiyini, onun heç bir təqsiri olmadığını qeyd etmişdir. O, Bakı şəhər DYPİ-nə bu protokoldan şikayət etmişdir. Onlar isə onun haqlı olduğunu, buna görə də, protokolu ləğv edib ona məlumat verəcəklərini desələr də, faktiki olaraq heç bir tədbir görülməmişdir. Bunun nəticəsində də, həmin qanunsuz protokol əsasında 12.05.2021-ci il tarixində TP ******* nömrəli inzibati qərara qəbul edilmiş və o, AR İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Göründüyü kimi digər nəqliyyat vasitəsinin onun nəqliyyat vasitəsini vurmasına baxmayaraq polis kapitanı heç bir əsas olmadan onun təqsirli olduğu qənaətinə gəlmiş, qanunsuz protokol tərtib etmiş, nəticədə onun barəsində inzibati qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 12.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 12.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində 12.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 12.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 12.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar