Məhkəmə qərarları › İş №3(005)-1233/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1233/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1233/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X7 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, Bakı şəhəri DYPİ-nin İXP ******* saylı 04.03.2021-ci il tarixli protokolu üzrə SmsRadar.az xidməti tərəfindən 04.03.2021-ci il tarixdə saat 09:47 radələrində onun istifadəsində olan mobil telefona sms vasitəsi ilə daxil olan məlumata əsasən onun idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-VY-*** qeydiyyat nişanlı avtomobillə 04.03.2021-ci il tarixdə saat 09:32:34 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin tələblərinin pozulmasına görə inzibati xəta törətdiyi və buna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsinə əsasən 60 manat məbləğdə və 3 bal cərimə olunmağı qeyd olunumuşdur. Belə ki, 04.03.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda **-YP-*** dövlət nömrə nişanlı avtomobildə xidmət aparan və özünü Təbriz Ağayev adlı şəxs kimi təqdim edən YPX-nin əməkdaşı hərəkətdə olduğu zamanı onun idarə etdiyi avtomobilə saxlama əmri vermişdir. Aparılan danışıqlar zamanı o, həmin əməkdaşa heç bir yol hərəkəti qaydasını pozmadığını bildirsə də, polis əməkdaşı buna əhəmiyyət verməyərək, qərəzli olaraq qayda pozulması ilə bağlı ona hər hansı bir foto və ya video görüntü kimi heç bir sübut və ya rəsmi sənəd təqdim etməmişdir. Sonradan isə Təbriz Ağayev özü onun iştirakı olmadan müvafiq İXP ******* saylı 04.03.2021-ci il tarixli protokolu və TP ******* nömrəli 04.03.2021-ci il tarixli qərarı tərtib etmişdir. Bunu müəyyən etmək üçün həmin ərazidə olan müşahidə kameraları və ya həmin əməkdaşın üzərində xidməti zamanı yazısını qeydə alan mikrofon vasitəsi ilə araşdırma aparmaq mümkündür. Qeyd olunan İXP ******* saylı 04.03.2021-ci il tarixli protokolu və TP ******* saylı 04.03.2021-ci il tarixli qərarı qanunsuz tərtib olunmuşdur. Belə ki , qeyd olunan qayda pozulması ilə bağlı inzibati xətanı aşkar edən YPX avtomobili və ya əməkdaşın haqqında müvafiq inzibati protokol və eyni zamanda foto və ya video görüntüsü kimi təqdim edilən sübutlarda foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin köməyi ilə aşkar edilmiş avadanlıq və ya cihazı barədə hər hansı bir məlumatlar İXP ******* saylı 04.03.2021-ci il tarixli protokolunda və eyni zamanda TP ******* saylı 04.03.2021-ci il tarixli qərarında qeyd olunmamışdır. Əlavə olaraq bildirir ki, Bakı şəhəri DYPİ-nin və ya Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin YPŞ-nin İXP ******* saylı 04.03.2021-ci il tarixli protokolu barədə məlumatı SmsRadar.az xidməti tərəfindən göndərilən sms əsasında bilmişdir. Qeyd olunan İXP ******* saylı 04.03.2021-ci il protokolunu və həmin protokol üzrə olan TP ******* saylı 04.03.2021-ci il qərarının surətini özü 05.03.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin YPŞdən almışdır. Bu səbəbdən də qanunsuz tərtib olunmuş İXP ******* saylı 04.03.2021-ci il tarixli protokolu və TP ******* saylı 04.03.2021-ci il tarixli qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-554/2021 saylı 18.03.2021-ci il tarixli qərarına əsasən Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş TP ******* saylı 04.03.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxilması üçün Bakı şəhər DYPİ-yə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-554/2021 saylı 18.03.2021-ci il tarixli qərarını 09.04.2021-ci il tarixdə özü Bakı şəhər DYPİ-nin dəftərxanasına təqdim etmişdir. Lakin bu günə kimi o, həmin işlə bağlı Bakı şəhər DYPİ-yə və ya Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin YPŞ-yə dəvət olunmamışdır. SmsRadar.az xidməti tərəfindən 25.05.2021-ci il tarixdə saat 12:57 radələrində onun istifadəsində olan mobil telefona sms vasitəsi ilə daxil olan məlumata əsasən İXP ******* saylı 04.03.2021-ci il tarixli protokolu üzrə 25.05.2021-ci il tarixli icra qərarının qüvvəyə minməsi qeyd olunmuşdur. Qeyd edir ki , İXP ******* saylı 04.03.2021-ci il protokol üzrə qəbul edilmiş TP ******* saylı 25.05.2021-ci il qərarının surətini özü 26.05.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin YPŞ-dən əldə etmişdir. Lakin bu məsələni obyektiv araşdırılma aparmadan, Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən İXP ******* saylı 04.03.2021-ci il protokol üzrə qayda pozulması ilə bağlı hər hansı sübut olmadan, vizual olaraq TP ******* saylı 25.05.2021-ci il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri DYPİ-nin və ya Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin YPŞ-nin haqqında təkrarən şikayət verdiyi İXP ******* saylı 04.03.2021-ci il tarixli protokolu və yeni qəbul edilmiş TP ******* saylı 25.05.2021-ci il tarixli qərarı qeyri-qanunidir və bu səbəbdən də protokol və eyni zamanda qərar ləğv olunmalıdır. Odur ki, bunları nəzərə alaraq TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 25.05.2021-ci il tarixli qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 **-VY-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET CRUZE” minik markalı avtomobillə 04 mart 2021-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-554/2021 saylı, 30.03.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş X1 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 05 mart 2021-ci il tarixli qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinə tapşırılmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 554/2021 saylı, 30.03.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş X1 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 05 mart 2021-ci il tarixli qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ-yə həvalə edilmiş, lakin icraat zamanı X1 iştirakı təmin edilməmiş, araşdırma aparılmamış və barəsində inzibati xəta haqqında 25 may 2021-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında 25 may 2021-ci il tarixli TP ******* nömrəli qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X7 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş X1 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 25 may 2021-ci il tarixli qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş X1 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 25 may 2021-ci il tarixli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar