Məhkəmə qərarları › İş №3(005)-124/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-124/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-124/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X4, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri X5 və X3 iştirakları ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprelindən fəaliyyətə başlayan "xxxx" MMC-nin direktoru olaraq, ölkəyə aroma tozlarının idxalına başlamışdır. Qeyd olunan məhsuldan iki partiya birinci 2.400 kilo, ikinci partiya 8.500 kilo ölkəyə idxal edilmişdir. Məhsulun birinci partiyasını anbara boşaltdıqdan sonra onunla AQTA-nın əməkdaşı malları yoxlamağa getmiş daha sonra məhsulun şəkilini çəkərək whatsapp sosial şəbəkəsi vasitəsi ilə göndərmiş və daha sonra akt yazacağını bildirmişdir və malın satışını edə biləcəyini bildirmişdir. Lakin akt onun iştirakı olmadan tərtib edilmiş və ona idxaldan sonra ödəməli olduğu 25 manat və faizi olduğunu bildirməmişdir. İkinci partiya mal gəldikdə eyni prosedur həyata keçirilərkən AQTA-nın əməkdaşı yenidən anbara gələrək malların etiket uyğunluğunu test etdi və aktlaşdırdı. Bu zaman 25 manatı ödəyib malların satışı üçün lisenziyanı aldım. Lakin birinci partiya onun tərəfindən 25 manat ödənilmədiyindən qanunsuz satış etməsi səbəbi ilə AQTA-nın daxili nəzarət əməkdaşları tərəfindən 2000 manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş şəxs X7 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ilk dəfə MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə 2000 manat cərimə edilmişdir. Həmin qərardan məhkəməyə şikayət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət etdiyi inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yenidən araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə bu dəfə 1500 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, araşdırma zamanı sahibkar agentliyə dəvət edilmişdir. Anbara baxış keçirilən zaman məhsul çatışmazlığı aşkar edilmişdir. Müvafiq aktlar tərtib edilmişdir. Yekunda məhkəməyə müvafiq sənədləri təqdim edərək verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqi şəxsə məxsus anbara baxış keçirilmiş və 135 ədəd mal çatışmazlığına görə sertifikat verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X7 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Lakin məhkəmə iclasında X2 olan, lakin sertifikatlaşdırılmamış malları satmamasına dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materialların olan sənədlərin qarşılıqlı tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X7 istehlakçı hüquqlarını pozaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malları satışa çıxarmış və inzibati xətaya görə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X8 tərəfindən təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində X1 olan, lakin sertifikatlaşdırılmamış malların satışa çıxarılması faktı aşkar edilmişdir. Bu hal səlahiyyətli orqan tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda da öz təsdiqini tapmışdır. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 30 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar