Məhkəmə qərarları › İş №3(005)-1244/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1244/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1244/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən X5 barəsində qəbul edilmiş 27 mart 2023-cü tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində tərtib olunmuş 27 mart 2023-cü tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərar Azərpoçt tərəfindən xx.xx.2023-cü il tarixdə yuxarıda göstərdiyim ünvanına çatdırılmışdır. Barəsində tərtib olunmuş xx.xx.2023cü il tarixdə MN ******* nömrəli qərar ilə razılaşmır və hesab edir ki, həmin qərar qəbul edilməsi üçün hüquqi əsaslar mövcud olmamış, inzibati xəta törədilən zaman inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi araşdırılmadan əsassız qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın qəbul edilməsinə səbəb Yasamal rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı olmuşdur. Yasamal rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X1 1975-ci il təvəllüdlü oğlu X2 xx.xx.2022-ci il tarixdə X4 həkimlərinin səhlənkarlığı nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılmışdır. Araşdırma aparılan zaman xx.xx.2022-ci il tarixində K.Mircəlalın izahatı alınmışdır və həmin tarixdən praktik tibb fəaliyyəti ilə məşğul olan şəxsin müvafiq sertifikasiyadan keçmədiyi araşdırma aparan orqana məlum olmuşdur, deməli bu halda İXM-nin 38.3-cü maddəsi deyil, İXM-nin 38.1-ci və 38.2-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Həmin tarixdən bu günədək isə dörd aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları naqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən X5 barəsində qəbul edilmiş 27 mart 2023-cü tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (köhnə redaksiya) 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2022-ci il tarixdə törədilmişdir. Bununla da həmin hadisənin törədildiyi vaxtdan üç aydan artıq vaxt keçdikdən sonra, yəni İXM-in 38-ci maddəsində müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdikdən sonra şəxs inzibati məsuliyyətə cəlb edilmişdir, bununla da qanunun tələbi pozulmuşdur. Çünki qeyd edilən halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən X5 barəsində qəbul edilmiş 27 mart 2023-cü tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 27 mart 2023-cü tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar