Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1246/2020 04.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan Göyüşov Rafail Davud oğlunun və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraclı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Gürcüstan Respublikasının Bolnisi rayonunda qeydiyyatda olan və Bak şəhəri Nərimanov rayonu, M.Arif küçəsi 27 mənzil 144 ünvanında yaşayan Göyüşov Rafail Davud oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol (İXH) üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Göyüşov Rafail Davud oğlu barəsində tərtib olunmuş İXH protokol və əlavə edilmiş sənədlər daxil olmuşdur. MN ******* nömrəli xx xxxx 2020-ci il tarixli İXH protokolda göstərilir ki, Göyüşov Rafail Davud oğlu xx xxxx 2020-ci il tarixdə saat 18:49-da ünvan 1 ünvanında xüsusi epidemiologiya və gigiyena, karantin rejimi qaydalarına riayət etməyərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin sahə inspektoru X2 göstərdi ki, Göyüşov Rafail Davud oğlu xx xxxx 2020-ci il tarixdə saat 18:49-da ünvan 1 ünvanında yerləşən “Fərid” kafesinin fəaliyyətini dayandırmayaraq xüsusi karantin rejimi qaydalarına riayət etməyərək inzibati xəta törətmişdir. Həmin xəta Nərimanov RPİİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru və Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Fuad Musayev tərəfindən aşkar edilmiş və bu barədə şöbəyə raportla müraciət olunmuşdur. Bununla da Göyüşov Rafail Davud oğlu barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Göyüşov Rafail Davud oğlu özünü Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraclı kəndində doğulmuş, orta təhsilini azərbaycan dilində almış, azərbaycan dilinin latın qrafikası ilə sərbəst yazıb oxuya bildiyindən tərcüməçiyə ehtiyacı yoxdur. Artıq 17 ildir ki, ailəsi ilə birlikdə Azərbaycan Respublikasında yaşayır. Bir neçə gündür ki, ünvan 1 ünvanında “Fərid” kafesini icarəyə götürməklə işlətməyə başlamışdır. Lakin, xüsusi karantin rejimi dövründə qaydalara riayət etməklə kafeni bağlamış və heç bir fəaliyyət göstərməmişdir. xx xxxx 2020-ci il tarixdə kafeyə müraciət edən müştəriyə pəncərədən 1 bakal pivə satmış və yenidən kafeni bağlamışdır. Həmin hərəkətinin inzibati xəta olduğunu dərk etməmişdir. Səmimi peşiman olduğunu bildirərək, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olundu ki, Göyüşov Rafail Davud oğlu xx xxxx 2020-ci il tarixdə saat 18:49-da Nərimanov rayonu, Z.Xəlil küçəsi 11 ünvanında yerləşən “Fərid” kafesində fəaliyyətini davam etdirməklə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə nəticələnən inzibati xətanı törətmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru və Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əmaliyyat müvəkkili polis baş leytenantı Fuad Musayev tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin rəisi polis polkovnik leytenantı Bayram Alıyevə ünvaladıqları raportdan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 18:49-da radələrində Nərimanov rayonu, Z.Xəlil küçəsi 11 ünvanında yerləşən “Fərid” kafesinin qarşısında iki nəfər şəxsin pivə içdiklərini aşkar etmişlər. Bununla da Göyüşov Rafail Davud oğlu xüsusi karantin rejimi qaydalarına riayət etmədiyi üçün tərəflərindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə aparılmışdır. xx xxxx 2020-ci il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Göyüşov Rafail Davud oğlu xx xxxx 2020-ci il tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Göyüşov Rafail Davud oğlu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Göyüşov Rafail Davud oğlu oğlu həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Göyüşov Rafail Davud oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in aşağıda qeyd olunan maddələrinə görə: 3.Yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1. İnzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1.Həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Göyüşov Rafail Davud oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Göyüşov Rafail Davud oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 19:10-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Samir Məmmədov