Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1248/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X2 onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin qəbul etdiyi xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərarından şikayət verərək, haqqında qanuna zidd tərtib olunmuş protokola əsasən verilmiş qərarın əsassız hesab edilməsi, inzibati xəta halı olmadığı üçün şikayətinin tam təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə “Chevrolet Malibu” minik markalı **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən xidməti avtomobildə hərəkət edən yol patrul xidmətinin əməkdaşı nəqliyyat vasitəsinin nömrə nişanını elan edərək saxlamağım barədə göstəriş vermiş, nəqliyyat vasitəsini saxladıqdan sonra polis əməkdaşı işıqforun qadağanedici (qırmızı) işığında yol ayrıcını keçdiyimi səbəb kimi göstərərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib ediləcəyini bildirmişdir. O polis əməkdaşına havanın yağışlı olması səbəbindən yol səthinin sürüşkən olduğunu, kəskin tormuzlama etməsə artıq yol ayrıcına daxil olacağını nəzərə alaraq və qəza şəraitini yaratmamaq üçün işıqforun qadağanedici deyil, xəbərdaredici (sarı) işığında yol ayrıcını keçdiyini bildirdi. Eyni zamanda, nəqliyyat vasitəsində əyləşən sərnişinin də dediklərini təsdiq etməsinə baxmayaraq polis əməkdaşı təkidlə qayda pozuntusuna yol verdiyimi bildirdi və hərəkətin intensivliyini nəzərə alaraq, avtomobillərin axınına maneə yaratmamaq bəhanəsi ilə inzibati xəta haqqında protokol təqdim etmədən ərazidən uzaqlaşdı. Bundan sonra o da hərəkətini davam etdirmişdir. Bir neçə saat sonra, “Asanpay” proqram təminatı vasitəsi ilə daxil olan sms bildiriş əsasında o məlum olmuşdur ki, yol patrul xidməti əməkdaşı tərəfindən barəsində 31 yanvar 2023-cü il tarixli TP ******* nömrəli qərarla qüvvəsini almış 31 yanvar 2023-cü il tarixli İXP ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Sözügedən qərardan verdiyi şikayət qismən təmin edilərək, inzibati tənbehvermə haqqında qərar hər hansı sübuta istinad edilmədən, ehtimal olunan inzibati xətanın videogörüntüləri araşdırılmadan qəbul olunduğu üçün Nəriman rayon məhkəməsinin 6 mart 2023-cü il tarixli 3(005)-599/2023 nömrəli qərarına əsasən ləğv edilərək, işə yenidən baxılması üçün aidiyyəti quruma göndərilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, 18 aprel 2023-cü il tarixdə “Asanpay” proqram təminatı vasitəsi ilə daxil olan sms bildirişdən o məlum olmuşdur ki, inzibati protokol üzrə 18 aprel 2023-cü il tarixdə TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Bununla əlaqədar, 19 aprel 2023-cü il tarixdə Bakı şəhər X5 İdarəsinin aidiyyəti şöbəsinə yaxınlaşaraq mübahisəli qərarla bağlı onun iştirakının təmin edilməməsinin səbəbləri araşdırdıqda və növbəti dəfə eyni qərarın qəbul olunmasına səbəb olmuş video-foto materiallara birlikdə baxış keçirilməsini istədikdə, xətanın törədilmə anına dair video-foto görüntülərin olmadığını bildirdilər. Məhkəmə iclasında iştirak edən barəsində qərar qəbul edilən şəxs X2 inzibati qərarın qanunsuz olduğunu qeyd etmiş və 18 aprel 2023-cü il tarixli TP ******* nömrəli qərarla başlanılmış inzibati icraat ləğv edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinə əsasən, işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalıdırlar. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib edilmiş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nın Yol Patrul Xidməti xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, altmış 60 manat miqdarında cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 3(005)- 599/2023 saylı qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmişdir. X2 barəsində qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinə tapşırılmışdır. Beləliklə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı hər hansı qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən yol polis əməkdaşı protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və X1 iştirakı ilə araşdırma aparıb qərar qəbul etməli idi. Bundan başqa Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 3(005)- 599/2023 saylı qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmiş və X2 barəsində qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarı ləğv edilərək və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinə tapşırılmışdır. Buna baxmayaraq yenidən barəsində protokol tərtib edilən şəxsi dəvət etmədən, hər hansı araşdırma aparılmadan təkrarən eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul etdiyi xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1248/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1248/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver