Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1254/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 iştirakı ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsi ilə EP seriyalı ******* nömrəli, 16 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 16 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ASC-də xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2020 – xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək qeyd etmişdir ki,yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək 4 müştəri ilə işgüzar münasibətlər yaradılmasından əvvəl MUT qaydaları ilə nəzərədə tutulmuş məlumatlar Bank tərəfindən əldə edilməmişdir. Protokolda qeyd olunan tarıxlərdə həmin şəxslərlə 8 bank əməliyyatı aparılmışdır. Bununla da Bank müxtəlif gəlirlər əldə etmişdir. Qanunvericiliyin tələbləri pozulmuş və həm Şəxs ASC, həm də vəzifəli şəxsi barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Hazırda hüquqi şəxs barəsində qanunvericilyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan bankın nümayəndəsi X4 inzibati xəta haqqında protokolun əsassız olduğunu bildirərək qeyd etmişdir ki, protokolda göstərilən mştərilərdən məlumatların əldə edilməməsinin səbəbi həmin məlumatların müxtəlif mənbələrdə olması və ya ümumiyyətlə həmin məlumatların mövcud olmaması səbəbindəndir. Bundan başqa qeyd olunan qanunvericiliyin müddəalarına əməl edilməməsi ilə bağlı Şəxs ASC heç bir halda məsuliyyət daşımamalıdır və onun bu sahəyə məsul vəzifəli şəxsi məsuliyyət daşımalıdır. Hüsuqi şəxsin heç bir marağı və gəliri olmadığından barəsində tərib edilmiş protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 598.1.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, hüquqi şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə monitorinqi departamentinin direktoru Orxan Abdullayev tərəfindən «Premium Bank” ASCyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Bildiririk ki, xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində Mərkəzi Bank tərəfindən keçirilmiş yoxlamanın nəticəsində tərtib edilmiş “İnspeksiya haqqında hesabat” əsasında monitorinq iştirakçısı olan Şəxs ASC-də (Bank) İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1-ci maddəsinin tələbinin pozulduğunu göstərən hallar aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 16 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə monitorinqi departamentinin yoxlama haqqında hesabatından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (Bank) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama xx.xx.2020 - xx.xx.2024-cü il tarixləri arasmdakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqmda qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: ƏL/TMM Qanunun 4.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir. "Müştəri uyğunluğu və yeni texnologiyalarm tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydalarm (MUT Qaydaları) 2.1-ci yarımbəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə edilməli olan mimunum məlumatlar qeyd edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasmda 4 müştəri ilə işgüzar münasibətlərin yaradılmasından əvvəl MUT ilə nəzərdə tutulmuş zəruri məlumatlar əldə edilməmişdir (MUT Qaydalarının 2.1.1.1-2.1.1.5-ci, 2.1.3-cü və 2.1.4-cü yarımbəndləri üzrə) (İnspeksiya haqqında hesabat, səh 47-48, Əlavə 4.2). MUT Qaydalarının 2.1.1.8-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində birdəfəlik əməliyyatlar zamanı əməliyyatm növü, təyinatı, istiqaməti, vəsaitin mənbəyini barədə məlumatlar əldə etməlidirlər Yoxlama zamanı müəyyən edilmişdir ki, ödəniş terminalları vasitəsilə (autentifikasiya alətlərindən istifadə edilmədən) xx.xx.2024 xx.xx.2024-cü il tarixlərində 3 sayda mədaxil əməliyyatları, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində 3 sayda nağd valyuta alışı, habelə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində 2 halda Bankın kassası vasitəsilə ücüncü şəxs tərəfindən müştərinin hesabına nağd mədaxil əməliyyatları zamanı yuxanda qeyd edilən tələblərə əməl edilməmiş, vəsaitin mənbəyi barədə məlumatlar əldə olunmamışdır. Bununla da 4 müştəri və 8 sayda əməliyyat üzrə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar Bankın fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2024 xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Nəticədə “Premium Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (4 müştəri və 8 sayda əməliyyat üzrə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.6-cı maddəsinə əsasən müştərisi hüquqi şəxs və ya xarici hüquqi təsisat olan öhdəlik daşıyan şəxslər əlavə olaraq aşağıdakı müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər: 4.6.1. müştərilərin fəaliyyətinin xarakterinin, sahiblik, nəzarət və idarəetmə strukturunun müəyyən edilməsi; 4.6.2. adı, təşkilati-hüquqi forması, mövcudluğuna dair dəlillər, habelə təsis sənədləri, cari fəaliyyətinə rəhbərlik edən vəzifəli şəxslərin adları, hüquqi və faktiki ünvanına dair məlumat və sənədlər əsasında müştərilərin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumatlar, sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya edilməsi; 4.6.3. hüquqi şəxsin və xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onun eyniləşdirilməsi və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlərin görülməsi. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində tədbirləri (10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi.) görməlidirlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Sadalananlardan göründüyü kimi, qanunvericiliklə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına səbəb olan halların dairəsi dəqiq müəyyən olunmuş və həmin tələblərin pozulmasına görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin Şəxs ASC tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxs məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs ASC tərəfindən İXM-nin 598.1.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də «Premium Bank” ASC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “Premium Bank" Açıq Səhmdar Cəmiyyəti məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə qeyd edir ki, “Premium Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən bildirlən Cəmiyyətin qeyd olunan əməliyyatlardan heç bir gəlir əldə etməməsi və bu sahəyə məsul şəxslər barəsində protokol tərtib olunması ilə bağlı çıxışı özünü müdafiə xarakterli qiymətlərndirilməli və məsulyyətdən boyun qaçırmaq məqsədi daşımalıdır. Məhkəmə Şəxs ASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İXMnin 598.1.1 maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 25.4-cü maddəsi nəzərə alınmaqla cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 25.4-cü maddəsi nəzərə alınmaqla barəsində 50000 (əlli min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1254/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1254/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver