Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1259/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, Alıbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 24 ünvanında yaşyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən tərtib edilən 20 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokol baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Ə.Qayıbov 24 ünvanında qonşusu X4 ilə mübahisə etmiş və sonda onu vurmuşdur. Məhkəmə iclasında iştirak edən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru, X5 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ozünü təqsirli bilməyərək qeyd etmişdir ki, X4 onun qonşusudur, oğlu tərəfindən səsküy yaradılması barədə əvvəllər də dəfələrlə bildirilmişdir. Hadisə günü də Sevinc xanımın oğlu evin divarına bərk cisimlə vuraraq səs-küy etməyə başlamışdır. Buna görə də yenidən xəbərdarlıq edilmişdir ki, sakitçiliyə əməl etsin, daha sonra Sevinclə sözlü mübahisəsi olmuş və Sevinc oğlu ilə birlikdə onu döymüşdür. Şəxs bildirmişdir ki, o, Sevinci vurmamışdır əksinə X4 tərəfindən ona qarşı hücum edilmişdir. Barəsində tərtib edilmiş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə Nərimanov rayonu, Ə.Qayıbov 24 ünvanında ona hücum edərək xəsarətlər yetirmişdir. Şəxs barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetirilməsi nəzərə alınaraq Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi eksperitza və pataloq anatomiya birliyi publik hüquqi şəxsin” 95 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X2 məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ budun və sağ diz oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddətli qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 evral 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda əməldə cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmış o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1259/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1259/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver