Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1261/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 02 iyun 2021-ci il tarixdə Nərimanov rayonu, Z.Bünyadov prospektində DYPX əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 izahatında göstərdi ki, 02 iyun 2021-ci il tarixdə polis əməkdaşı X3 ərazidə xidmət edərkən yük avtomobilinin bortunda dövlət qeydiyyat nişanı olmadığı üçün həmin avtomobili saxlatdırmış və o, özünü təqdim edərək dövlət qeydiyyat nişanı olmadan avtomobilin idarə edilməsinin qayda pozuntusu olduğunu izah etmişdir. Yük avtomobilinin sürücüsündən daşınan yüklərin sənədlərini təqdim etməsini istədikdə, sürücü yüklərin sənədlərinin olmadığını bildirmişdir. İlkin baxışda yük avtomobilində olan yüklərin çəkisinin qabaritdən çox olduğu vizual şəkildə aşkar olunduğundan sürücü polis əməkdaşı tərəfindən yüklərin çəkisinin çəkilməsi üçün tərəziyə dəvət edilmişdir. Bu zaman digər bir şəxs, yəni **-VY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili polis əməkdaşının önünü kəsərək hərəkətlərinə mane olmuşdur. Avtomobildən düşən şəxs polis əməkdaşına yük avtomobilinin ona məxsus olmasını və polis əməkdaşlarının yüklərin daşınmasına müdaxilə etməməsini tələb etmişdir. Minik avtomobilinin sürücüsünü polis əməkdaşları sakitləşdirməyə çalışsalar da o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxsi polis şöbəsinə gətirmişlər. Daha sonra şəxsiyyəti müəyyən edilən Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 02.06.2021ci il tarixində tanışları ilə birlikdə kafedə əyləşərək içki içmişdir. Bu zaman ona məxsus yük avtomobilini etibarnamə əsasında idarə edən sürücüsü X6 onu yığaraq polis əməkdaşları tərəfindən Nərimanov rayonu, Z.Bünyadov prospektində saxlanıldığını bildirmişdir. O, kafeni tərk etmiş və sürücüsünün yanına gəlmişdir. Polis əməkdaşları ona yük avtomobilində olan yüklərin çəkisinin qabaritdən çox olmasının vizual şəkildə aşkar olunduğunu və sürücünün tərəziyə dəvət edildiyini bildirmişlər. Bu zaman o, polis əməkdaşları ilə razılaşmamış və etiraz etməyə başlamışdır. Yüklərin çəkisinin çəkilməsi üçün tərəziyə getməyəcəyini bildirmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün aralarında anlaşılmazlıq yaranmışdır. O və sürücüsü Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə gətirilmişdir. İçkili olduğundan polisin qanuni tələbinə tabe olmamışdır. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X5 izahatında göstərdi ki, 02.06.2021-ci il tarixində ərazidə xidmətdə olarkən digər polis əməkdaşı X3 yük avtomobilinin bortunda dövlət qeydiyyat nişanı olmadığı üçün həmin avtomobili saxlamış və o, özünü təqdim edərək qayda pozuntusunu sürücüyə izah etmişdir. Bu zaman yük avtomobilinin sürücüsü avtomobilin ona məxsus olmadığını, özünün sadəcə sürücü olduğunu bildirmişdir. İlkin baxışda yük avtomobilində olan yüklərin çəkisinin qabaritdən çox olduğu vizual şəkildə aşkar olunduğundan sürücü onlar tərəfindən yüklərin çəkisinin çəkilməsi üçün tərəziyə dəvət edilmişdir. Həmin şəxs avtomobilin sahibinin gəlməsi üçün onlardan vaxt istəmiş və onlar səbr edərək avtomobilin sahibinin gəlməsini gözləmişlər. Lakin, həmin şəxs gec gəldiyindən onlar hərəkət etmişlər. Hərəkətdə olan zaman yük avtomobilinin sahibi öz minik avtomobili ilə Nərimanov rayonu, Z.Bünyadov prospektinə gəlmiş və maşının önünü kəsmişdir. Avtomobilin sahibi yüklərin çəkilməsi üçün özünün və sürücünün tərəziyə getməyəcəyini bildirmişdir. Həmçinin, avtomobilin sahibi nəqliyyat vasitəsinin açarını götürüb özündə saxlamış və ona heçnə edə bilməyəcəklərini demişdir. Avtomobilin sahibinin sakitləşdirilməsi istiqamətində əməkdaşlar tərəfindən izahedici söhbətlər aparılmışdır. Lakin buna baxmayaraq o, qətiyyətlə tərəziyə getməyəcəyini bildirmişdir. Buna baxmayaraq avtomobilin sahibi daha sonra onlara polis bölməsinə getməyi təklif etmişdir. Adı onlara sonradan məlum olan Şəxs gətirib növbətçi hissəyə təhvil vermiş və müvafiq raportla şöbə rəhbərliyinə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 02 iyun 2021-ci il tarixli raportdan görünür ki, yük avtomobilinin bortunda dövlət qeydiyyat nişanı olmadığı üçün həmin avtomobil saxlanılmış və dövlət qeydiyyat nişanı olmadan avtomobilin idarə edilməsinin qayda pozuntusu olduğu izah edilmişdir. Yük avtomobilinin sürücüsündən daşınan yüklərin sənədlərini təqdim etməsini istədikdə, sürücü yüklərin sənədlərinin olmadığını bildirmişdir. İlkin baxışda yük avtomobilində olan yüklərin çəkisinin qabaritdən çox olduğu vizual şəkildə aşkar olunduğundan sürücü polis əməkdaşı tərəfindən yüklərin çəkisinin çəkilməsi üçün tərəziyə dəvət edilmişdir. Bu zaman **-VY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onların önünü kəsərək hərəkətlərinə mane olmuşdur. Avtomobildən düşən şəxs polis əməkdaşına yük avtomobilinin ona məxsus olmasını və polis əməkdaşlarının yüklərin daşınmasına müdaxilə etməməsini tələb etmişdir. Minik avtomobilinin sürücüsünü polis əməkdaşları sakitləşdirməyə çalışsalar da o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Onu 17-ci PŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur; 03.06.2021-ci il tarixli, 2/7196 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs oğlu həmin tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur; “İnzibati qaydada tutma haqqında” 02 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs oğlu həmin tarixdə saat 23:15-də inzibati qaydada tutulmuşdur; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi İltimas Yusifli tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, ***-**** nömrəli arayışdan görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü Şəxs 03.06.2021-ci il tarixdə saat 09:00 radələrində orta sərxoşluq dərəcəsindən ayılmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs oğlunun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs oğlunun xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs sərxoş halda sürücüsü X4 yük avtomobilində olan yüklərin çəkisinin müəyyənləşdirilməsi üçün avtomobilin tərəziyə getməsinə mane olmuş, sonuncunu oradan uzaqlaşdırmaq istəmiş və əsassız olaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Yəni, Şəxs müqavimət göstərməklə polis əməkdaşlarının vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli isə İXM-in 89.5-ci maddəsinə əsasən Şəxs ayıldığı vaxtdan, yəni 03.06.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 iyun 2021-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1261/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1261/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver