Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1265/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Nərimanov RPİ-nin 17-ci PŞ-nin MN ******* nömrəli, 01 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 RPİ-nin 17-ci PŞ-nin MN ******* nömrəli, 01 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında göstərdi ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin ******* saylı, 01.12.2020-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 200 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində məlum qərarın qəbul edilməsindən Nərimanov rayon icra şöbəsinin ona göndərdiyi 17.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan sonra məlumatı olmuşdur. Həmin vaxta qədər qərar ona məlum olmamışdır. Belə ki, 01.10.2020-ci il tarixdə polis tərəfindən saxlanılmışdır. Bu zaman maskadan istifadəyə görə məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Lakin o, maskadan istifadə etdiyini bildirmiş və buna dair protokolda qeyd etmişdir. Lakin buna baxmayaraq ona bildirilmədən barəsində cərimə qərarı tərtib olunub. O, inzibati xəta törətmədiyini əsaslandırmışdır. Etiraz etməyinə baxmayaraq buna dair sübutları ona təqdim etməmişlər. Bu səbəbdən hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin 17-ci PŞ-nın rəisi İ.Yusifli tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 01 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 01.12.2020-ci il tarixli MN ******* nömrəli protokola baxaraq X6 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir; Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 01.12.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 01.12.2020-ci il tarixində X3 tibbi maskadan düzgün istifadə etməmişdir. X3 tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək, tərtib edilmiş protokolda tibbi maskadan düzgün istifadə etməsini qeyd etmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariyaepidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülkihüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 451 nömrəli Qərarına əsasən: - Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir; - bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati tənbeh vermə haqqında 01 dekabr 2020-ci il tarixli MN ******* nömrəli qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Belə ki, İXM-in 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməlidir. Mübahisələndirilən qərarda İXM-in 115-ci maddəsinin tələbləri pozularaq işə baxılarkən müəyyən edilmiş hallar göstərilməmişdir. Ümumiyyətlə, qərardan X4 törətdiyi inzibati xətanın nədən ibarət olması aydın olmur. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X4 01 dekabr 2020-ci il tarixdə qoruyucu tibbi maskadan istifadə edib-etmədiyini müəyyən etmək mümkün deyildir. Belə ki, İXM-in: 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh vermə haqqında qərarda isə X6 tərəfindən karantin rejiminin tələbinin pozulması göstərilsə də, bunu təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən tələblərin X6 tərəfindən pozulub-pozulmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında 01 dekabr 2020-ci il tarixli MN ******* nömrəli qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X4 barəsində hər hansı sübut olmadan İXM-in 211.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X4 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına ilə bağlı hansı hərəkətə yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş nöqsanlarla bağlı iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X4 barəsində Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi İ.Yusifli tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 01 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi İ.Yusifli tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 01 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1265/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1265/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver