Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1272/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Türkiyə Cümhuriyyətinin Diyarbakır şəhərində anadan olmuş, Türk Cümhuriyyətinin vətəndaşı, evli, ali təhsilli, “Azərsun”-da satış mütəxəssisi işləyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanda qeydiuuayda olan X4 barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədovun 26 aprel 2021-ci il tarixli qərarı ilə X1 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında X4 barəsində Nərimanov RPİ DYPŞ-i tərəfindən 02 iyun 2021-ci il tarixli, AP ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, X4 09 aprel 2021-ci il tarixdə saat 14:10 radələrində “Yol hərəkəti haqqında” AR Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq BMC markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, toqquşma zamanı avtomobillərə maddi zərər dəymiş, həmçinin BMC markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sərnişini Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X4 məhkəmə iclasında protokola uyğun izahat verərək, inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, 09.04.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar mahiyyəti üzrə bildirmişdir ki, qeyd olunan tarixdə saat 14:10 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “KİA RİO minik” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat da 40-50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu metrostansiya istiqamətinə 6 zolaqdan ibarət yolda sağdan 2-ci zolaqla hərəkət edirmiş. O avtomobil ilə hərəkət edən zaman YPX-nin avtomobilin arxasında sayrışan işıqlarını yandırıb gəldiyini görmüşdür. Bundan sonra o onlara yol vermək üçün avtomobilini avtobus dayanacağının qarşısına verib, saxlamaq istəmişdir. O idarə etdiyi avtomobili avtobus dayanacağında olan markasına və dövlət nömrə nişanına fikir vermədiyi sərnişin avtobusunun qarşısında saxlamaq istəmişdir. Həmin vaxt sərnişin avtobusunun da dayanacaqdan çıxması səbəbindən onun idarə etdiyi avtomobilin arxa sağ qanadı sərnişin avtobusunun ön sol bufer hissəsinə ehmalca sürtülmüşdür. Bu zaman sərnişin avtobusunun sürücüsü başqa hadisə olmasın deyə əyləci sıxmışdır. Bundan sonra o idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Hər ikisi avtomobillərdən yerə enmiş, bir-birlərindən xəsarət alıb-almadıqlarını soruşmuşlar. Bundan sonra avtobusda olan sərnişinlər avtobusdan çölə çıxmışlar. O narahat olub, sərnişinlərdən kiminsə xəsarət alıb-almadığını soruşmuşdur. Həmin vaxt adını bilmədiyi xanım hadisə nəticəsində həyəcanlandığını və qorxduğunu demişdir. Bundan sonra o ona içməsi üçün su alıb vermişdir. O ona əgər xəsarəti varsa xəstəxanaya aparmasını təklif etmişdir. Lakin həmin xanım onun təklifindən imtina etmişdir. O da bundan sonra baş vermiş hadisə barəsində sığorta şirkətinə bu barədə məlumat vermişdir. Sığorta əməkdaşı gəldikdən sonra avtomobildə zədə olmadığını deyib, oradan uzaqlaşmışrdı. Bundan sonra o Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu qeyd etməklə barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqana və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 21.04.2021-ci il tarixli 67-M saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan xəsarət-sol bazu və dirsək nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət edilən hematoması-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən 09.04.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, X1 əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin qeyd olunan yolnəqliyyatı hadisəsi sürücü X1 ehtiyatsızlığı nəticəsində əmələ gəldiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, zərər çəkmiş şəxin rədd materialında olan izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 327.8-ci maddəsi ilə tövsif edilmişdir. X4 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə X1 törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında X1 məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə barəsində inzibati icraat aparılan şəxsin məhkəmə iclasında vermiş olduğu izahatını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1272/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1272/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver