Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1273/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 497-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1256/20 nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən xaricdə emal xüsusi gömrük proseduru altında **********9115 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və təmir üçün Almaniyanın “X1 GMBH” şirkətinə göndərilmiş 1 ədəd vertolyotların enməsi və aparılması üçün özü hərəkət edən araba – platforma yükü və 370 kq əl alətləri yüklərinin xaricdə emal müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq həmin yüklərin geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar qeyd olunan MMC tərəfindən heç bir tədbir görülməmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********9115 saylı GB ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır; xx.xx.2019-cu il tarixli, **********9115 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC Almaniyanın “X1 GMBH” şirkətinə göndərdiyi malların xx.xx.2020-ci il tarixinə qədər geri qaytarılmasına zəmanət vermişdir. Həmin bəyannamənin 12-ci qrafasından görünür ki, malların gömrük dəyəri 42585 manatdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xaricdə emal xüsusi gömrük proseduru altında **********9115 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və təmir üçün Almaniyanın “X1 GMBH” şirkətinə göndərilmiş malların xaricdə emal müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq həmin yüklərin geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar heç bir tədbir görülməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 200.1-ci maddəsinə əsasən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır; 200.4-cü maddəsinə əsasən gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır. İXM-in 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 faizi məbləğində, yəni 21292,5 (iyirmi bir min iki yüz doxsan iki manat əlli qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1273/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1273/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver