Məhkəmə qərarları › İş №3(005)-1275/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1275/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1275/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, Zərər çəkmiş şəxs- X5, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 08 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 31.03.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində vətəndaş Samir Hüseynovdan işə düzəltmək adı ilə 200 AZN məbləğində pul almış, lakin vədinə əməl etməmişdir. Bununla da, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X7 məhkəmə iclasında protokola uyğun çıxış edərək bildirmişdir ki, vətəndaş X2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra 31.03.2021-ci il tarixdə törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X6 məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirmişdir ki, 31.03.2021-ci il tarixdə X4 işə düzəltmək adı ilə 200 manat pul almışdır. O, həmin məbləği şirkətin balansına köçürdüyünü və həmin məbləği mənimsəmədiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, zərər çəkmiş şəxs razılaşarsa, 200 manatı ödəyə bilər. Son olaraq əməlindən səmimi peşmanlıq çəkdiyini qeyd edib barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X6 ilə tanışdır və bir müddət bir yerdə işləmişlər. O, ondan 200 manat pulu götürərək işə düzəldəcəkdi. Lakin vədinə əməl etmədi. X5 ona dəymiş 300 manat pulu ödəməsi halında, şikayətçi olmayacağını məhkəməyə bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21.05.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, X2 yerinin müəyyən edilib inzibati məsuliyyətə cəlb edilərək barəsində AR İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 28.3-1. maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə cinayət işinin rədd edilməsi haqqında qərarı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərər çəkmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs X2 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin törətdiyi əməli etiraf edib əməlindən səmimi peşmanlıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər növündə tənbeh tətbiq edilsin. X2 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar