Məhkəmə qərarları › İş №3(005)-1278/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1278/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1278/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1032/21 nömrəli, 02 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 1 ədəd uzunluğu 7,5 m-dən çox istirahət və ya idman üçün yaxtalar və digər üzən vasitələr avarlı qayıqlar və kanoe (SB255 X2 X1 CE PT/ST 1.5L SC HO; VİN № 566S7BY2XH2000070; Serial № PSBSD0771617) yükü **********1309 sorğu nömrəli 16.05.2019-cu il tarixli gömrük bəyannaməsi ilə 16.05.2020-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan Şəxs MMC tərəfindən 2020-ci il tarixdə təqdim edilmiş 24/24/015002 qeydiyyat nömrəli ərizə əsasında **********1309 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən malın müvəqqəti ixrac müddəti 16.05.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********1309 sorğu nömrəli 16.05.2019cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malın müvəqqəti ixrac müddətinin son tarixi 16.05.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin 16.05.2021-ci il tarixində bitməsinə baxmayaraq **********1309 sorğu nömrəli 16.05.2019-cu ıl tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş sözügedən yükün müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malın Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük proseduranda resmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********1309 sorğu nömrəli 16.05.2019-cu il tarixli gömrük bəyannaməsində qeyd edilən malın müvəqqəti ixrac müddəti 16.05.2021-ci il tarixdə bitsə də, həmin malın ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə baglı Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 12 (on iki) gün sonra, yəni 23.05.2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsinə **********9205 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi Gömrük Prosedurları Şöbəsinin 20.05.2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********309 saylı GB ilə müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin Şəxs MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır; “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”ndən çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən **********1309 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin müvəqqəti ixrac müddəti 16.05.2021-ci il tarixində bitmişdir; Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********309 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin müvəqqəti ixrac müddəti 16.05.2021-ci il tarixində bitmiş, lakin Şəxs MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə müraciəti gecikdirilməklə, yəni 28.05.2021-ci il tarixdə daxil olmuşdur. Bununla da Şəxs MMC tərəfindən İXM-in 499.1.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin hüquqi şəxs tərəfindən törədilmiş əməlin etiraf olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar