Məhkəmə qərarları › İş №3(005)-129/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-129/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-129/2021 15.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş Məmmədov Asif Məmməd oğlunun iştirakı ilə, Məmmədov Asif Məmməd oğlunun Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixl inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov Asif Məmməd oğlu şikayətlə məhkəməyə müraciət edərək, Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Məmmədov Asif Məmməd oğlu şikayətini müdafiə edərək izahatında göstərdi ki, Nərimanov rayon DYPŞ-nin YPX inspektoru X2 tərəfindən onun barəsində xx xxxxxx 2020-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında o, xx xxxxxx 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsi ilə cərimə olunmuşdur. Hadisə o, “Mercedes ” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağa Nemətulla və X6 küçələrinin kəsişməsində hərəkət edərkən baş vermişdir. YPX inspektorundan kamera görüntüsünü tələb etsə də, onun bu tələbi yerinə yetirilməmişdir. Mübahisələndirilən qərar qəbul edilərkən onun iştirakı təmin olunmamış, bu barədə ümumiyyətlə ona məlumat verilməmişdir. Heç bir qayda pozuntusuna yol vermədiyindən barəsində çıxarılan inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. Buna görə də qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Məmmədov Asif Məmməd oğlunun izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən Məmmədov Asif Məmməd oğlunun İXM-in 327.2-ci maddəsi ilə inzibati cərimə olunmasına dair TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Məmmədov Asif Məmməd oğlu xx.xx.2020-ci il tarixində saat 14:42-də Bakı şəhəri, Ağa Nemətulla küçəsində “Mercedes Benz E 220” markalı, 90ZL011 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Nəticədə İXMin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Məmmədov Asif Məmməd oğlu tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Məmmədov Asif Məmməd oğlu inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati orqan həmin inzibati xəta haqqında protokola baxılaraq qərar qəbul edərkən Məmmədov Asif Məmməd oğlunun iştirakı ilə sonuncunun hadisə yerinin görüntülərinə baxış keçirməsinə şərait yaratmamış, səlahiyyətli vəzifəli şəxs şəxsin iştirakı olmadan və görüntülərə baxış keçirmədən qərar qəbul etmiş və bununla onun hüquqlarını pozmuşdur. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, Nərimanov rayon DYPŞ tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə ətraflı araşdırma aparılmadan, inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli qərarla Məmmədov Asif Məmməd oğlu İXM-in 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğdə cərimə edilmişdir. Bununla yanaşı, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Bununla da məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla qərar qəbul edərək, Məmmədov Asif Məmməd oğlunun hüquqlarını pozmuşdur. Məmmədov Asif Məmməd oğluinzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə tam araşdırma aparılmalı, hadisə yerinin görüntülərinə baxış keçirilməli və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Məmmədov Asif Məmməd oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixl inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması Nərimanov rayon DYPŞ-yə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixl inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Nərimanov rayon DYPŞ-nə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar