Məhkəmə qərarları › İş №3(005)-1290/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1290/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1290/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi Şəxs MMC barəsində İXM-in 347-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(006)-1193/2020 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs MMC tərəfindən balansında olan “Vaz 21214” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs MMC-nin mülkiyyətində olan “Vaz 21214” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət Yol Polis Şöbəsindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs MMC-yə göndərilmiş, həmin məktub xx.xx.2020-ci il tarixdə “Məmmədova” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Həmçinin, iş materiallarında olan poçt xəbərnaməsinin Şəxs MMC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa məhkəmənin elektron sistemindən çıxarılmış Şəxs MMC barəsində vergi ödəyicilərinin məlumatından göründüyü kimi, həmin hüquqi şəxsin hüquqi ünvanı ünvan 2 2-dir. Lakin, inzibati xəta haqqında protokolda Şəxs MMC-nin ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Z.Əliyeva pr. 38 göstərilmişdir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar