Məhkəmə qərarları › İş №3(005)-1290/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1290/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1290/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Seyfəddin qızının katibliyi ilə, Şikayət vermiş şəxs X9 nümayəndəsi və vəkili 6 saylı vəkil bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X20 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X18 Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir və həmin qərardan narazıdır. Vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında "xxxx" MMC barəsində protokol tərtib edilmiş, eyni zamanda vəzifəli şəxs barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında bağlanmış xidməti müqavilə adlı mülki hüquqi müqavilədən görünür ki, bu müqavilə işəgötürənin əsas fəaliyyət sahəsinə aid olan işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olmamışdır. Bu müqavilə zibillərin, tullantıların daşınması ilə bağlı olmuş və müvəqqəti xarakter daşımış, bununla bağlı vətəndaşa gördüyü işə görə ona pul ödənilmiş və vergi hesablanıb ödənilmişdir. İşəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini və qərarın ləğv edilməsini xahiş edir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli 3(005)- 1290/2025 saylı qərarı ilə X9 şikayət təmin edilmiş və inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 3(103)-1800/2025 saylı qərarı ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli 3(005)- 1290/2025 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X9 nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, Zərərçəkmiş şəxs sözügedən hüquqi şəxsdə əmək müqaviləsi bağlanılmaq məqsədilə dəvət olunmamış, sadəcə şirkətin birbaşa fəaliyyət sahəsinə aid olmayan tullantıların daşınmasını həyata keçirmək məqsədilə mülki müqavilə əsasında onun xidmətlərindən istifadə edilmişdir. Belə ki, şirkətlərində həmin dövrdə 6 sürücü olmuş, lakin ara-sıra yaranan tullantıları atmaq üçün başqa imkanları olmamışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs ilə xidməti müqavilə bağlamışlar. Onun istifadəsində olmuş Hyundai markalı nəqliyyat vasitəsi də şirkətə məxsus olmamışdır. Həmin şəxs ilə müqavilədə ehtiyac olacağı halda dəvət ediləcəyi ilə bağlı müvafiq bənd olmuş, aralarında razılaşdırılmış müqaviləyə uyğun Zərərçəkmiş şəxs 144 manat ödəniş edilmiş, bununla bağlı ödəniş mənbəyindən vergi də ödənilmişdir. Müvafiq təsdiqedici sənədlər məhkəməyə təqdim edilir. Apellyasiya Məhkəməsinin VÖEN-i olmadığı üçün şəxs ilə münasibətlərin əmək münasibəti kimi xarakterizə edilməsi ilə razı deyillər. Belə ki, qanunvericilikdə bununla bağlı bir əks göstəriş mövcud deyildir. Əmək müqaviləsi Zərərçəkmiş şəxs özü ilə bağlanılmış və müqaviləyə də özü imza etmişdir. Bu səbəbdən barələrində tərtib edilmiş qərar üzrə icraata xitam verilməsini xahiş edirlər Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, sözügedən müəssisəyə onu Dövlət Məşğulluq Xidməti göndərmişdir. Lakin, bununla bağlı rəsmi göndəriş məktubu yoxdur. "xxxx" olduğunu bildiyi şirkətə işçi kimi müraciət etmiş, orada kadrlar şöbəsinin rəisi kimi özünü təqdim edən xanım onu qəbul etmiş və əmək müqaviləsi bağlamadan onu sürücü kimi işçi götürmüşdür. Onlardan əmək müqaviləsi bağlamağı tələb etdikdə həll edəcəklərini bildirmişlər. 1 həftə müddətində hər gün səhər saat 9-dan axşam saat 19-a kimi orada sürücü kimi işləmiş, istehsal olunmuş şüşələri yük avtomobili ilə müxtəlif şirkətlərə daşımışdır. İşə daxil olduqdan 1 həftə sonra şirkətin rəhbəri onu yaşadığı villasına göndərmiş və oradan tullantıları atmasını istəmişdir. Lakin, ona irad bildirərək, bunun onun işi olmadığını bildirərək həmin işləri görməkdən imtina etmişdir. Daha sonra müdir onu işdən çıxarmış və hara şikayət edirsən et deyə bildirmişdir. Onun işi tullantıları atmaq olmamış, sözügedən “Hyundai” markalı nəqliyyat vasitəsini ona şirkətin rəhbəri kimi tanıdığı X5 adlı şəxs vermişdir və şirkətin rəhbəri də həmin şəxs olmuşdur. Lakin, müvafiq etibarnaməni təqdim edə bilməmiş, həmin etibarnamənin kağız daşıyıcıda şirkət tərəfindən verildiyini qeyd etmişdir. Bildirmişdir ki, "xxxx" adlı şirkəti tanımır. Onun işə girdiyi yer "xxxx" şirkətidir. İş materiallarında olan müqavilə və ödənişin alınması barədə sənəddəki imzalar ona məxsus deyil və saxtalaşdırılmışdır. Heç bir yerə imza çəkməmişdir. Həmin şirkətdə işləməsini digər sürücülər də təsdiq edə bilər. Sözügedən şirkətdən ona heç bir məbləğdə ödəniş ödənilməmişdir və VÖEN-i də mövcud deyildir. X16 onun dediklərini təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X23 qərarın məzmununa uyğun çıxış edərək, Zərərçəkmiş şəxs VÖEN-in olmadığını, bu səbəbdən bağlanılmış müqavilənin qanuna zidd olduğunu, əmək münasibətlərinin mülki müqavilə ilə pərdələnməyə çalışılması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yol verilmiş pozuntu hüquqi şəxsin fəaliyyət sahəsi ilə birbaşa bağlı olduğundan əmək münasibətləri hesab edilmişdir. Ona görə də vəzifəli şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində sorğu sual edilmiş X21 bildirmişdir ki, təxminən 6 ilə yaxındır ki, həmin şirkətdə işləyir və hazırda orada 5-6 sürücü işləyir. Şirkət şüşə istehsalı ilə məşğuldur və həmin istehsal olunmuş şüşələri istifadələrində olan nəqliyyat vasitələrinə yükləyərək alıcılara təhvil verirlər. Məhkəmənin sualına cavab olaraq Zərərçəkmiş şəxs adlı işçinin adını ümumiyyətlə eşitmədiyini, onu şirkətdə görmədiyini, istehsal nəticəsində yaranmış tullantıların gəlib daşındığını qeyd etmiş, lakin hansı şirkət və ya kim tərəfindən daşındığını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində sorğu sual edilmiş X10 bildirmişdir ki, şirkət saat səkkizdən altıya qədər fəaliyyət göstərir və müəssisədə 3-4 nəfər sürücü çalışır. Lakin, işləyən şəxslər arasında Zərərçəkmiş şəxs adlı işçini heç vaxt görməmiş və onun nə iş görməsindən də məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində sorğu sual edilmiş X16 bildirmişdir ki, uzun illərdir ki, sözügedən şirkətə çalışır. Təxminən yanvar ayında Zərərçəkmiş şəxs şirkətdə görmüş və onun şirkətdə işləməsinə şahid olmuşdur. Daha sonra rəhbərliyin evində iş görmək istəməsi səbəbindən işdən çıxmışdır. Lakin, işin detallarını ətraflı bilmir və bildikləri sadəcə bunlardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 07 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında bağlanmış xidməti müqavilənin 7.2-ci maddəsinin Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun tənzimləndiyi, həmçinin Zərərçəkmiş şəxs istifadəsi üçün avtomobilin "xxxx" MMC tərəfindən verildiyi, bununla da Əmək Məcəlləsinin 7.3-3.4 və 7.2-3.6 maddələrinin tələblərinin pozulduğu, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sürücü işləməsində, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “FACADE" MMC-nin direktoru X20 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Zərərçəkmiş şəxs ilə sifarişçi "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2025-ci il tarixli xidməti müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində sürücü Zərərçəkmiş şəxs iş olduğu zaman sifarişçinin dəvəti ilə (xidmətlər, işlər) görməyi öhdəsinə götürmüş, sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 06 fevral 2025-ci il tarixədək qüvvədə olmuşdur. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən 144 manat vəsaitə görə 20.16 manat məbləğində vergi hesablanıb ödənilmişdir. xx.xx.2025-ci il tarixli müraciət vərəqindən görünür ki, Rzayev X13 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi bağlanılmadan "xxxx" MMC-də sürücü kimi çalışmış və kənar tapşırıqları icra etməməsi səbəbindən işdən çıxarıldığını bildirmişdir. Ödəniş sənədindən görünür ki, Zərərçəkmiş şəxs 144 manat vəsaiti almasını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1543 №-li rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, inzibati işin 81-83-cü vərəqlərində "xxxx" MMC ilə Zərərçəkmiş şəxs adlarından olan xx.xx.2025-ci il tarixli xidməti müqavilənin surətində 1-2ci vərəqlərinin aşağı sağ küncündə əks olunmuş imzalar, 3-cü vərəqində "İcraçı:" hissəsində "İmza:" qrafasında əks olunmuş imza və inzibati işin 123-cü vərəqində Köməkçi cədvəl № 1-də (xx.xx.2025-dən xx.xx.2025-tarixli 2 tərəfli müqaviləyə əsasən ** KP ***) avtomaşını ilə etdiyi reyslərə və daşıdığı mal-materiala görə ödəniləcək məbləğ) "Zərərçəkmiş şəxs Aldım AZN" yazıları və yazıların qarşısındakı imza - Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2025-xx.xx.2025-ci il tarixli tabel cədvəlindən görünür ki, həmin tarixdə olan sürücülər arasında Zərərçəkmiş şəxs adı əks olunmamışdır. "xxxx" MMC-nin ştat cədvəlindən görünür ki, 6 sürücü ştatı təsis edilmişdir. Nəqliyyat vasitəsinin texniki pasportundan görünür ki, “Hyundai” markalı ** KR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 oğlunun mülkiyyətindədir. Məhkəmə iclasında X18 Elektron Portalından şifahi edilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, “Hyundai” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 "xxxx" MMC-də əvvəllər çalışsa da, 2022-ci il tarixdən həmin şirkətdə çalışmır. Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC (VÖEN **********) hüquqi ünvanı “AZ1033, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.103” olan və qanuni təmsilçisi X7 olan bir hüquqi şəxsdir Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC (VÖEN **********) hüquqi ünvanı “AZ1033, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.103” olan və qanuni təmsilçisi X20 olan bir hüquqi şəxsdir. Vergi sistemindən edilimş sorğu nəticəsində müəyyən edilmişdir ki. "xxxx" MMC-nin əsas fəaliyyət istiqaməti şüşədən çoxsaylı məmulatların istehsalı olmuşdr. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə icraatının predmetini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X20 barəsində qəbul edilmiş MN seriyalı ******* nömrəli, 16 aprel 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Mübahisələndirilən qərarla X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Şikayət vermiş şəxs X20, həm məhkəməyə təqdim etdiyi şikayət ərizəsində, həm də məhkəmə iclası zamanı nümayəndəsi vasitəsilə öz mövqeyini ardıcıl olaraq müdafiə edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün aşağıdakı hüquqi və faktiki əsasları irəli sürmüşdür: Əsas arqument ondan ibarətdir ki, "xxxx" MMC ilə vətəndaş Zərərçəkmiş şəxs arasında yaranmış hüquqi münasibətlər, öz mahiyyəti etibarilə, əmək münasibətləri deyil, Mülki Məcəllə ilə tənzimlənən xidməti müqavilə çərçivəsində formalaşmış mülki-hüquqi münasibətlərdir. Zərərçəkmiş şəxs cəlb olunduğu fəaliyyət zibillərin və tullantıların daşınması "xxxx" MMC-nin əsas fəaliyyət sahəsinə aid olmayıb, epizodik və müvəqqəti xarakter daşımışdır. Tərəflər, Konstitusiya ilə təmin edilmiş müqavilə azadlığı prinsipinə uyğun olaraq, öz iradələri ilə məhz xidməti müqavilə bağlamağı qərara almışlar. Bu müqavilənin şərtləri, o cümlədən ödənişin görülən işin həcminə uyğun müəyyən edilməsi, əmək münasibətlərinə xas olan əmək haqqı, sosial təminatlar və işəgötürənin daimi nəzarəti kimi elementləri ehtiva etmir. Görülmüş iş müqabilində Zərərçəkmiş şəxs ödənilmiş 144 manat vəsaitdən qanunvericiliyə uyğun olaraq ödəmə mənbəyində verginin tutularaq dövlət büdcəsinə köçürülməsi faktı, münasibətlərin gizli saxlanılmadığını və qanuni müstəvidə rəsmiləşdirildiyini sübut edir. Şikayətçi iddia edir ki, səlahiyyətli orqanın gəldiyi nəticənin əksinə olaraq, Zərərçəkmiş şəxs müəssisənin daxili intizam qaydalarına tabe edilməmiş, ona daimi iş yeri ayrılmamış, əmək kitabçası açılmamış və o, işəgötürənin sistematik nəzarəti və təlimatları altında fəaliyyət göstərməmişdir. Bu isə, öz növbəsində, münasibətlərin əmək münasibəti kimi təsnifləşdirilməsini istisna edir. Məhkəmə qeyd edir ki, bu iş üzrə icraat, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1800/2025 saylı, 17 iyul 2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli ilkin qərarının ləğv edilərək işin yenidən araşdırılması üçün geri qaytarılması nəticəsində başlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarını, işin hallarının birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmaması ilə əsaslandırmışdır. Apellyasiya Məhkəməsi vurğulamışdır ki, xidməti müqavilənin tərəfi kimi çıxış edən Zərərçəkmiş şəxs bir fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatda olmaması (VÖENə malik olmaması) faktı birinci instansiya məhkəməsi tərəfindən lazımi səviyyədə hüquqi qiymətləndirməyə cəlb edilməmişdir. Məhkəmənin mövqeyinə görə, fiziki şəxsin sahibkarlıq subyekti olmadan digər bir hüquqi şəxslə mülki-hüquqi xarakterli (xidmət) müqavilə bağlaması, münasibətlərin əmək münasibətləri kimi pərdələnməsi ehtimalını artırır. Bu səbəbdən, işə yenidən baxan məhkəməyə bu halın münasibətlərin hüquqi təbiətinə təsirini müəyyən etmək vəzifəsi həvalə edilmişdir. Səlahiyyətli orqan da əsas arqument kimi bu fakta istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təsbit edir və eyni zamanda əmək müqavilələrinin sərbəst bağlanmasını təmin edir. Bu prinsipdən çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 20 oktyabr 2023-cü il tarixli qərarı ilə əmək və mülki-hüquqi müqavilələr arasında sərhədləri müəyyən edən mühüm hüquqi meyarları formalaşdırmışdır. Həmin qərara əsasən, işəgötürənin əsas fəaliyyət sahəsinə aid olan, mütəmadi, sistematik və davamlı xarakter daşıyan, onun birbaşa nəzarəti və təlimatları altında həyata keçirilən işlərin icrası əmək münasibətlərinin mövcudluğuna dəlalət edir. Bunun əksinə olaraq, icraçının fəaliyyətinin müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövri xarakter daşıdığı, konkret nəticəyə yönəldiyi hallar isə mülki-hüquqi müqavilələr üçün xarakterikdir. Mövcud iş üzrə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında bağlanmış xidməti müqavilənin predmeti şirkətin əsas fəaliyyət sahəsi olan şüşə istehsalı və daşınması deyil, müəssisənin fəaliyyəti nəticəsində ara-sıra yaranan tullantıların daşınması olmuşdur. Bu fəaliyyət, öz təbiətinə görə, sistematik və daimi deyil, epizodik və yardımçı xarakter daşıyır. Müqavilənin şərtləri (ödənişin görülən işin həcminə görə müəyyən edilməsi), habelə işin təşkilinin reallıqları (Zərərçəkmiş şəxs müəssisənin daxili intizam qaydalarına tabe olmaması, onun adının ştat və tabel cədvəllərində əks olunmaması) Konstitusiya Məhkəməsinin müəyyən etdiyi meyarlar çərçivəsində tərəflər arasındakı münasibətlərin mülki xarakterli olduğunu, əmək münasibəti olmadığını təsdiq edir. Zərərçəkmiş şəxs həmin xüsusatı təkzib edib, şüşə daşıdığını israr etsə də, məhkəmə həmin xüsusata tənqidi yanaşır. Doğrudur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi orqanlarında uçota durmalıdır. Zərərçəkmiş şəxs bu öhdəliyi yerinə yetirməməsi, onun vergi qanunvericiliyi qarşısında potensial məsuliyyətini yarada bilər. Lakin, bir normativ hüquqi aktın pozulması faktı, özlüyündə başqa bir normativ hüquqi aktda (İXM-nin 192.1-ci maddəsi) nəzərdə tutulan tamamilə fərqli tərkibə malik inzibati xətanın törədildiyini avtomatik olaraq sübut etmir. Qanunvericilikdə VÖEN-i olmayan fiziki şəxslə bağlanan istənilən xidməti müqavilənin avtomatik olaraq əmək müqaviləsi hesab edilməsi barədə heç bir norma mövcud deyil. Səlahiyyətli orqanın vəzifəsi İXM-nin 192.1-ci maddəsinin dispozisiyasında göstərilən bütün elementlərin mövcudluğunu sübut etməkdir. Zərərçəkmiş şəxs VÖEN-in olmaması bu elementlərdən biri deyildir və X9 təqsirini sübut edən dolayı sübut kimi belə qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsi məhkəməyə imperativ olaraq tələb edir ki, hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati icraatın mərkəzində dayanan və işin faktiki hallarının müəyyən edilməsində həlledici rol oynayan dəlil, heç şübhəsiz ki, məhkəmə tərəfindən təyin edilmiş 4/1543 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyidir. Zərərçəkmiş şəxs məhkəmə iclasında birmənalı və israrlı şəkildə bəyan etmişdir ki, "xxxx" MMC ilə onun arasında bağlandığı iddia edilən 29 yanvar 2025-ci il tarixli xidməti müqavilədə və görülmüş işlərə görə 144 manat məbləğində vəsaitin alınmasını təsdiq edən köməkçi cədvəldə olan imzalar ona məxsus deyildir və saxtalaşdırılmışdır. Bu iddia, inzibati xəta tərkibinin subyektiv cəhətdən mövcudluğunu birbaşa şübhə altına alan fundamental bir arqumentdir. Lakin, ekspert tərəfindən aparılmış tədqiqatın nəticəsi olan həmin rəy, Zərərçəkmiş şəxs bu iddiasını qəti və birmənalı şəkildə təkzib edir. Ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş mübahisələndirilən sənədlərdəki imzalar məhz Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi İXM-nin 76-cı maddəsinin tələblərinə uyğun olaraq əldə edilmiş mötəbər sübutdur və onun elmiobyektiv nəticələri, tərəfin subyektiv və maraqlı izahatından üstün hüquqi qüvvəyə malikdir. İmza kimi fundamental bir fakt barədə həqiqətə uyğun olmayan məlumat verən şəxsin digər ifadələrinin doğruluğuna da məhkəmə tənqidi yanaşmağı zəruri hesab edir. Bu da Zərərçəkmiş şəxs bütün ifadələrinin sübutetmə əhəmiyyətini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə, Zərərçəkmiş şəxs "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olması iddiasını təsdiq və ya təkzib edə biləcək şahid ifadələrini təhlil edərkən onlar arasında ciddi ziddiyyətlərin mövcudluğunu müəyyən edir. Belə ki, uzun müddətdir şirkətdə sürücü olaraq çalışan şahidlər X21 və X1 Elsevər adlı bir şəxsi nəinki işçi kimi, heç ümumiyyətlə müəssisə ərazisində görmədiklərini və tanımadıqlarını bildirmişlər. Bunun əksinə olaraq, yalnız şahid X4 Elsevər İlyas oğlunu yanvar ayında şirkətdə gördüyünü, lakin onun daimi işçi olub-olmadığını, hansı şərtlərlə fəaliyyət göstərdiyini və işdən çıxma səbəblərinin təfərrüatlarını bilmədiyini qeyd etmişdir. Məhkəmə bu məqamda şahid Elxan Abbasovun ifadəsinin sübutetmə qüvvəsinə tənqidi yanaşmağı zəruri hesab edir. Birincisi, onun ifadəsi digər iki şahidin ifadəsi ilə kəskin ziddiyyət təşkil edir. İkincisi və daha mühümü, həmin şahidin adı zərərçəkmiş şəxs tərəfindən çəkilmiş və alibi kimi təqdim edilmişdir ki, bu da şahidin neytrallığı və obyektivliyi ilə bağlı əsaslı şübhələr yaradır və onun zərərçəkmiş şəxslə potensial dostluq və ya tanışlıq münasibətlərində olaraq, onun mənafeyi naminə ifadə verməsi ehtimalını istisna etmir. Məhz bu səbəbdən, onun ifadəsi müstəqil və bitərəf sübut kimi deyil, işin nəticəsində maraqlı olan tərəfin mövqeyini dəstəkləməyə yönəlmiş bir izahat kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iki şahidin qəti və birmənalı təkzibedici ifadəsi ilə bir şahidin ümumi və qismən təsdiqedici ifadəsi arasında yaranan ziddiyyət, Zərərçəkmiş şəxs iddia etdiyi kimi, onun müəssisədə hər gün səhər saat 9-dan axşam saat 19-a kimi mütəmadi və davamlı əmək fəaliyyəti ilə məşğul olması faktını şübhə altına alır. İXM-nin 8.3-cü maddəsinə görə, təqsirlilik barəsində şübhələr inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməlidir. Bu ziddiyyətli ifadələr, şikayət verən şəxsin təqsirini təkzibedilməz şəkildə sübut etmək üçün kifayət deyildir. Məhkəmə, Zərərçəkmiş şəxs məhkəmə iclasındakı iddialarının iş materiallarında olan digər obyektiv sübutlarla tamamilə təkzib olunduğu qənaətindədir. Belə ki, Zərərçəkmiş şəxs "xxxx" adlı şirkətə işə düzəldiyini və "xxxx" MMC-ni tanımadığını bildirsə də, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə sübuta yetirilmişdir ki, o, məhz "xxxx" MMC ilə xidməti müqavilə imzalamışdır. Bu, onun ya hadisələrin mahiyyətini tam dərk etmədiyini, ya da məhkəməni qəsdən yanıltmağa çalışdığını göstərir. Zərərçəkmiş şəxs heç bir məbləğdə ödəniş almadığını iddia etsə də, onun öz imzası ilə təsdiq etdiyi köməkçi cədvəl və "xxxx" MMC tərəfindən həmin ödənişə görə dövlət büdcəsinə verginin ödənilməsini təsdiq edən "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi" bu iddianı təkzib edir. Bütün bu hallar məcmusu Zərərçəkmiş şəxs izahatlarının etibarlılığını sıfıra endirir və onun ifadələrinin inzibati tənbeh vermə haqqında qərar üçün yeganə və ya həlledici əsas kimi götürülməsinin yolverilməz olduğunu bir daha təsdiq edir. Eynilə, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş "Hyundai" markalı nəqliyyat vasitəsinin "xxxx" MMC-nin direktoru tərəfindən ona verildiyini və etibarnamə verildiyinə istinad etsə də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində deyil, X6 adlı üçüncü şəxsin mülkiyyətindədir. Məhkəmənin birbaşa səlahiyyətli orqan vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi 2022-ci ildən etibarən "xxxx" MMC-də çalışmır. Lakin, zərərçəkmiş şəxs israrla həmin nəqliyyat vasitəsinin işəgötürən tərəfindən ona verildiyinə istinad etmiş, lakin etibarnaməni təqdim edə bilməmişdir. Bu fakt, işəgötürən tərəfindən işçinin əmək funksiyasının icrası üçün zəruri olan istehsal vasitələri ilə təmin edilməsinin mövcud olmadığını göstərən mühüm dolayı sübutdur. Əksinə, bu hal xidmət müqavilələri üçün xarakterikdir ki, burada icraçı öz işini ya şəxsi, ya da cəlb etdiyi üçüncü şəxslərə məxsus alət və vasitələrlə yerinə yetirir. Həmin xüsusat Apellyasiya Məhkəməsinin qərarında da qeyd edilmişdir ki, məhkəmə hazırkı halda həmin xüsusatı araşdıraraq hüquqi nəticəyə gəlir. Məhkəmə, şikayət vermiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin müvafiq dövrə aid ştat cədvəli və tabel cədvəllərini tədqiq etmişdir. Həmin rəsmi sənədlərdə Zərərçəkmiş şəxs adının əks olunmaması faktı müəyyən edilmişdir. Bu sənədlər, inzibati xətanın predmeti olan əmək müqaviləsinin bağlanmaması iddiasını birbaşa sübut etməsə də, müəssisənin daxili uçot sənədlərində Zərərçəkmiş şəxs işçi kimi qeydiyyatda olmamasını təsdiq edir və iş üzrə toplanmış digər sübutlarla (müqavilənin xidməti xarakteri, nəqliyyat vasitəsinin başqa şəxsə məxsus olması, zərərçəkmişin ifadələrinin ziddiyyətli və təkzib edilmiş olması) məcmuda qiymətləndirildikdə, tərəflər arasındakı münasibətlərin əmək deyil, mülki-hüquqi xarakter daşıdığı qənaətini daha da möhkəmləndirir. İş üzrə təqdim edilmiş və məhkəmə araşdırması zamanı hərtərəfli tədqiq edilmiş sübutlar məcmusunu qiymətləndirdikdən sonra, məhkəmə mübahisənin hüquqi qiymətləndirməyə keçərək, tətbiq edilməli olan maddi hüquq normalarını şərh etməyi və onları işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməyi zəruri hesab edir. Ədalət mühakiməsinin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası İXM-nin 8-ci maddəsində təsbit edilmişdir. Bu prinsipə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə, o, təqsirsiz hesab edilir. Həmin maddənin 8.3-cü bəndi isə imperativ olaraq müəyyən edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində aradan qaldırılmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Hazırkı işə bu fundamental prizmadan yanaşdıqda, məhkəmə müəyyən edir ki, inzibati orqan X9 təqsirini sübuta yetirmək üçün zəruri olan təkzibedilməz sübutları təqdim edə bilməmişdir. İcraatın yeganə əsasını təşkil edən zərərçəkmişin iddiaları işdəki obyektiv sübutlarla (ekspert rəyi, ödəniş sənədləri) ziddiyyət təşkil edir. Şahid ifadələri qeyriardıcıldır. Müqavilənin mətni və işin xarakteri şikayətçinin mövqeyini daha çox dəstəkləyir. Bütün bunlar, tərəflər arasında yaranmış münasibətlərin əmək münasibəti olduğuna dair aradan qaldırılması mümkün olmayan ciddi şübhələr yaradır. Sübutetmə yükü inzibati orqanın üzərinə düşdüyü üçün və bu yükün öhdəsindən gəlinmədiyi üçün, məhkəmə in dubio pro reo prinsipini rəhbər tutaraq, bütün şübhələri şikayət verən şəxsin xeyrinə yozmağa borcludur. Nəticə etibarilə, yuxarıda aparılan təhlillərin məcmusu məhkəməni qəti qənaətə gətirir ki, X9 əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin zəruri elementləri mövcud deyildir və səlahiyyətli orqan tərəfindən təqsirliliyi sübuta yetirilməmişdir. Həmin maddənin dispozisiyası, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən" fiziki şəxslərin işə cəlb edilməsini qadağan edir. Məhkəmə tərəfindən isə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasındakı münasibətlər heç bir zaman əmək münasibətləri müstəvisinə keçməmiş, mülki-hüquqi xarakterli xidmət müqaviləsi çərçivəsində qalmışdır. Belə olan halda, əmək münasibətləri mövcud olmadığından, əmək müqaviləsinin bağlanmaması faktı da inzibati xəta tərkibini yarada bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X9 şikayəti tam əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və X9 əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X20 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar