Məhkəmə qərarları › İş №3(005)-1292/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1292/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1292/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X1, şikayət vermiş şəxs X3 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DYP ona əsassız olaraq xx.xx.2023-cü il tarixdə İXP ******* saylı protokol yazmaqla 500 manat cərimə etmişdir. Lakin həmin protokolla razılaşmadığından və əsassız yazıldığını əsas gətirərək protokola inzibati xətanı törətmədiyini bildirmişdir. Həmin vaxtdan xx.xx.2023-cü il tarixədək ona heç bir məlumat verilməmişdir. O da öz növbəsində həmin cərimənin əsassız olduğundan silindiyini bilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə DYP-yə zəng edərək protokolun nəticəsini öyrənmək istəyərkən ona cərimə qərarının vurulduğunu öyrənmişdir. Həmin qərarın özü ona təqdim edilməyib. Yalnız həmin qərarın nömrəsini və tarixini DYP-dən şifahi əldə etmişdir. Bildirmək istəyir ki, o, həmin inzibati xətanı törətməmişdir. Həmin yerdə taksilər saxlamışdı. O da gəlib həmin ərazidə saxlayanda taksilər “bura bizim yerimizdi, saxlama burada” deyib narazılıq etdilər. O da öz növbəsində baxdı ki, həmin yer taksi duracağı deyil, onlara burda saxlayacağını bildirmişdir. Həmin vaxtı Asan xidmətin arxasında ofisə yaxınlaşaraq işlərini gördü (özü də taksi fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyata düşmək istəyirdi və ona görə həmin ofisə getmişdi). Avtomobilə yaxınlaşanda isə DYP əməkdaşının maşını çəkdiyini gördü. Dayanma durma qaydalarını pozuduğunu fikirləşdi. Sonra isə ona nömrənin bağlandığını bildirərək ona cərimə yazdığını söylədi. Lakin tərəfindən nömrəyə hər hansı müdaxilə edilməmiş və nömrənin qabağı bağlanmamışdır. Bunu DYP əməkdaşına bildirsə də heç bir məhəl qoymamışdır. O, gələndə artıq protokolu tərtib etmişdi. Taksi şoferləri bunu edib sonra isə DYP-yə məlumat vermiş və onu öz aləmlərində cəzalandırmaq istəyiblər. Çünki həmin taksi fəaliyyəti ilə məşğul olan ordakı şəxslərlə mübahisəsi olmuşdu və “gör sənin başına nə oyun açırıq” kimi ifadələr etmişdilər. Nömrənin qabağını o, bağlamadığından və həmin vaxtı o, orda olmadığından DYP-nin ona cərimə yazması absurddur. Gələndən sonra heç bir aydınlıq gətirmədən və DYP-də araşdırma aparmadan cərimə yazılması qanunsuzdur və İXM-nin inzibati tənbeh tətbiq edilməsi barədə müddəalarına ziddir. Buna görə də Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək iş üzə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, vətəndaş özü də qeydiyyat nişanına müdaxilə edildiyini qəbul edir, lakin süni şəkildə onun başqa şəxs tərəfindən edildiyini iddia edir. X5 gətirdiyi arqument əsassızdır. Buna görə də Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmalıdır. Sonda Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X2 şikayətin təmin edilməyərək “inzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X10 İdarəsinin əməkdaşı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə görə, Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri X10 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X6 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X3 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə hər hansı sübut (protokol, videogörüntü, şahid və s.) təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə olan halda İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, ehtimal olunan inzibati xətanın məhz X6 tərəfindən törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol, şahid ifadəsi və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X6 barəsində TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X6 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də ilə Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar