Məhkəmə qərarları › İş №3(005)-1295/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1295/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1295/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 22 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X11 Şəxs tərəfindən xx.xx.2013-cü il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X12 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, vətəndaş X11 Şəxs MMC tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin məlumat onlara Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş cədvəl ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi vəkil X3 bildirmişdir ki, protokolun tərtib edilməsinə əsas X5 2023 və 2024-cü illər ərzində bir neçə dəfə Zəngilan rayonuna Şəxs MMC-nin adından giriş-çıxış üçün icazə verilməsi və bu zaman onunla şirkət arasında əmək müqaviləsi aşkar edilməməsi olmuşdur. Hazırki protokol heç bir halda qanuni və əsaslı sayıla bilməz, aşağıda göstərilənlərə əsasən rədd edilməli və Şəxs MMC barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Əvvəla DƏMX faktı aşkar etdikdən sonra araşdırma məqsədilə nə adıçəkilən vətəndaşın, nə də şirkətin nümayəndəsinin izahatının alınması üçün qurumu yazılı bildirişlə dəvət etməmişdir. Əgər araşdırma aparılsaydı vətəndaş Sərxan Alıyevin şəxsiyyəti müəyyən edildikdən sonra qeydiyyatda olduğu yer üzrə yazılı bildiriş göndərilə və ya adına aşkar ediləcək telefon nömrəsi ilə əlaqə saxlanılaraq izahatının alınması üçün dəvət edilə bilərdi. Bildirir ki, adı çəkilən vətəndaş Alıyev Sərxan heç vaxt şirkətlə nə əmək, nə də digər hüquqi xarakterli müqavilə münasibətində olmamışdır. Şirkətləri heç bir əməkdaş ilə Qarabağda işlərə cəlb edilməsi və ya dəvət edilməsi ilə bağlı danışığı olmamışdır. Həmin şəxs Şəxs MMC ilə fərdi sahibkar X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ASİ/X/360/21 saylı xidməti müqavilə əsasında sonuncuya məxsus bir neçə texnikadan biri olan KAMAZ markalı, 77CK315 dövlət qeydiyyat nişanlı su maşını olan nəqliyyat vasitəsi ilə Yeganə İsmayılovanın sürücüsü olmaqla işlərə cəlb edilmişdir, sahibkar tərəfindən texnikanı idarə etmək üçün ona verilmiş etibarnamə əsasında ona məxsus texnikanı idarə etmişdir. Bunun qarşılığında məhz Yeganə İsmayılovaya şirkət tərəfindən xidmət haqqı şəklində müvafiq ödənişlər edilmişdir. Ödəniş tapşırıqlarının hər birində məhz açıq-aydın şəkildə hansı texnika ilə xidmət göstərildiyi qeyd olunmuşdur. Həmçinin bildirir ki, şirkətləri işğaldan azad edildikdən sonra Zəngilan rayonu, Ağalı kəndi ərazisində dövlət sifarişli "Ağıllı kənd” layihəsinin icrası çərçivəsində tez-tez Qarabağa giriş icazələrinin alınmasına ehtiyacı yaranır. Bu zaman onlar həmin rayon üzrə xüsusi nümayəndəliyə Zəngilan rayonuna giriş icazəsi alınması üçün şəxslərin adlı siyahısını verirlər və yalnız onların DİN-dən bu cür icazəni almasından sonra şirkətlərinin əməkdaşları və onlarla əməkdaşlıq edən sahibkarlıq subyektlərinin Alıyev Sərxan kimi əməkdaşları Zəngilana giriş hüququ əldə edirlər. Sözügedən icazə sistemi DİN-nin nəzarətində və birbaşa idarəetməsində olmaqla “işğaldan azad edilmiş ərazilərə buraxılış və informasiya sistemi” adlı ictimaiyyətə açıq olmayan elektron sistem üzərindən tənzimlənir. Bu barədə adi vətəndaşların və ya sahibkarlıq subyektlərinin sərbəst girib icazə ala biləcəyi heç bir publik sayt və mobil tətbiq yoxdur. Yəni Şəxs MMC istəsə belə heç vaxt Alıyev Sərxan və s. bunun kimi şəxslərə icazə ala bilməz, icazə sisteminə giriş edə bilməz. Xüsusi nümayəndəliyə göndərilən siyahıda əgər xidməti müqavilə əsasında onlarla əməkdaşlıq edən fiziki və ya hüquqi şəxsin əməkdaşına giriş icazəsi alınacaqsa bu barədə göndərilən siyahıda sahibkarın adı, müqavilənin tipi və ya sürücü sözləri kimi dəqiqləşdirici qeydlər qoyulur və xüsusi nümayəndəlik öncədən məlumatlandırlır. Layihənin icrasına başladıqları bu üç il ərzində dəfələrlə Zəngilan rayonu üzrə xüsusi nümayəndəlik vasitəsi ilə Sərxan Alıyev kimi onların işçisi olmayan və üçüncü şəxslərlə əməkdaşlıq edən onlarla şəxsə Zəngilan rayonuna giriş-çıxış icazəsi alınmış və heç vaxt bu barədə X10 Xidməti tərəfindən hər hansı məktub və ya bildiriş şirkətlərinə gəlməmişdir. Göründüyü kimi ortada şirkətləri tərəfindən Sərxan Alıyevin hər hansı işlərə cəlb edilməsi faktı olmadığından onunla hər hansı əmək müqaviləsi bağlanması və bağlanmasından yayınma kimi hüquqi hərəkətdən söhbət gedə bilməz. Yəni DƏMX öncə müəyyən etməli idi ki, həqiqətən də Sərxan Alıyev məhz Şəxs MMC tərəfindənmi işlərə cəlb edilmişdir ya yox, daha sonra buna uyğun olaraq inzibati iş üzrə icraata davam etdirilməsinə zərurət olub-olmaması məsələsi öz həllini tapacaqdı. Lakin görünən odur ki, DƏMX protokola sübut qismində əlavə etdiyi və adi vərəqdə bir cədvəldən ibarət kağız parçası əsasında qanunvericiliyin tələbinə formal yanaşaraq heç bir araşdırma aparmadan inzibati icraata başlamışdır. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, heç vaxt Şəxs MMC-nin işçisi olmamış və MMC tərəfindən hər hansı işin yerinə yetirilməsinə cəlb edilməmişdir. O, Yeganə İsmayılovaya məxsus “Kamaz” markalı su maşınını idarə etmişdir. Yeganə xanımla Şəxs MMC arasında bağlanılmış müqavilə əsasında o, Zəngilan rayonunun ərazisində aparılan tikintidə işləmişdir. Bildirir ki, onun Şəxs MMC-yə heç bir aidiyyəti yoxdur. İş materiallarında olan ASİ/X/360/21 nömrəli, 18 dekabr 2021-ci il tarixli Xidmət müqaviləsindən görünür ki, Şəxs MMC (Sifarişçi) direktor X8 şəxsində fiziki şəxs X2 (İcraçı) ilə xidmət müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən İcraçı Sifarişçinin sifarişlərinə əsasən qanuni əsaslarla onun mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri (texnika) ilə Zəngilan rayonu, 1,2 və 3-cü Ağalı Kəndləri ərazisində icra olunan “Ağıllı kənd” layihəsinin icrası ilə əlaqədar həyata keçirilən tikinti işlərində xidmət göstərməyi, Sifarişçi isə Xidməti qəbul edib, bu Müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə İcraçıya Xidmət haqqını ödəməyə öhdəsinə götürmüşdür. İş materiallarında olan ASİ/X/360/21 nömrəli, 18 dekabr 2021-ci il tarixli Xidmət müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, fiziki şəxs X2 ilə Şəxs MMC direktor X8 şəxsində ay ərzində 28 gün üçün “Kamaz 53212” markalı, 77 CK315 dövlət qeydiyyat nişanlı yük maşınının aylıq xidmət haqqı 4000 manat təşkil etmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 08 dekabr 2022-ci il tarixli etibarnamədən görünür ki, X2 mülkiyyətində olan “Kamaz 53212” markalı, 77 CK315 dövlət qeydiyyat nişanlı yük maşınını idarə etmək üçün X9 vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC (Sifarişçi) direktor X8 şəxsində fiziki şəxs X2 (İcraçı) ilə 18 dekabr 2021-ci il tarixdə Xidmət müqaviləsi bağlanılmışdır. Həmin Xidmət müqaviləsinə əsasən İcraçı Sifarişçinin sifarişlərinə əsasən qanuni əsaslarla onun mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri (texnika) ilə Zəngilan rayonu, 1,2 və 3-cü Ağalı Kəndləri ərazisində icra olunan “Ağıllı kənd” layihəsinin icrası ilə əlaqədar həyata keçirilən tikinti işlərində xidmət göstərməyi, Sifarişçi isə Xidməti qəbul edib, bu Müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə İcraçıya Xidmət haqqını ödəməyə öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, tikinti gedən ərazidə X13 İsmayılova tərəfindən ona etibarnamə əsasında idarə etmək üçün verilmiş “Kamaz 53212” markalı, 77 CK315 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bunun müqabilində isə Şəxs MMC tərəfindən fiziki şəxs Yeganə İsmayılovaya hər ay üzrə xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin üzərinə düşür. Qeyd edilən orqan məhkəmə iclasında əlavə hər hansı sübut təqdim etməmiş və Şəxsnın Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edərkən yalnız Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş cədvələ istinad edilmişdir ki, həmin sübut da məhkəmə iclasında araşdırılan digər sübutlarla təkzib olunur. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə Şəxs ilə X11 arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı araşdırma aparmadan X10 Xidməti Şəxs tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X11 ilə Şəxs arasında əmək münasibətlərinin mövcud olması sübuta yetmədiyindən MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında qeyd edilən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in : 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, Şəxs tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetmədiyindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 22 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata Şəxsnın hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar