Məhkəmə qərarları › İş №3(005)-1298/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1298/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1298/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyət Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi İİİ dərəcəli dövlət müşaviri Elnur Musayev 91-İX-25 saylı material üzrə 21 aprel 2025-ci il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Qeyd edilən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) onun adından qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs MMC-nin iş icraçısı X1 xx.xx.2024-cü il tarixdə Oğuz rayonunda yerləşən “Daşağıl” çayından heç bir sənədi olmadan qanunsuz olaraq 2814 m3 həcmində qum-çınqıl qarışığı götürərək icazəsiz yerin təkindən istifadə etmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə Körpü-Bina-Tikinti” MMC-nin işçisi X1 tərəfindən qeyd olunan pozuntu törədilmişdir, bundan MMC-nin rəhbərliyinin xəbəri olmamışdır. Həmin işçi barəsində tətbiq oluna cərimə və dəymiş ziyan dövlət büdcəsinə ödənilmişdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 30 avqust 2024-cü il tarixdə tərtib olunmuş 85846 saylı aktdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il “Daşağıl” qum-çınqıl yatağında baxış keçirilən zaman qanunsuz olaraq 2814 m3 həcmində qum-çınqıl qarışığının götürüldüyü aşkar edildi. Nəticə hüquqi şəxs Şəxs MMC müvafiq icazə sənədi olmadan körpüdən təhlükəli məsafədə qanunsuz qum-çınqıl hasilatı aparır və bununla “Yer təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9, 10, 11, 21, 46-cı maddəsinin tələbləri pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Yer təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən yer təki istifadəçilərinin vəzifələri aşağıdakılardır: • Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi; • yer təkinin geoloji öyrənilməsi, mineral-xammal ehtiyatlarından kompleks istifadə; • yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması; • geoloji məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi; • emal məhsullarından və tullantılarından tam istifadə olunması, faydalı komponentlər saxlayan və müvəqqəti istifadə edilməyən istehsal məhsullarının və tullantılarının yığılmasının, uçotunun və qorunmasının təmin edilməsi; • kəşf olunmuş, çıxarıla bilən və yerin təkində qalan faydalı qazıntıların və onların tərkibində olan komponentlərin ehtiyatları, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan başqa məqsədlərlə yerin təkindən istifadə haqqında məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi; • yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi; • yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi; • yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi; • faydalı qazıntı yataqlarının işlənməsi və başqa təsərrüfat məqsədləri üçün istifadəsi mümkün olan kəşfiyyat dağ-mədən qazmalarının və buruq quyularının saxlanılması; • istifadəsi mümkün olmayan dağ-mədən qazmalarının və buruq quyularının müəyyənləşdirilmiş qaydada konservasiya və ya ləğv edilməsi; • icazə ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinin, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi. Müvafiq fəaliyyət növünün həyata keçirilməsi (geoloji planaalma, faydalı qazıntıların axtarışı, kəşfiyyatı, müxtəlif üsullarla çıxarılması, yeraltı qurğuların tikintisi və istismarı, yerin təkindən istifadənin başqa növləri) üçün yer təki istifadəçilərinin xüsusi ixtisasını və təcrübəsini təsdiq edən sənədi (diplom, şəhadətnamə) olmalıdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Həmin qanunun 21-ci maddəsinə əsasən yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər aşağıdakılardır: • Yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi; • yer təkinin geoloji öyrənilməsi, səmərəli və kompleks istifadəsi və mühafizəsinin dolğunluğunun təmin edilməsi; • faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geoekoloji işlərin aparılması; • yer təkinin geoloji öyrənilməsi və ondan kompleks istifadəni təmin etmək məqsədilə hər bir faydalı qazıntı yatağı üzrə kondisiyaların müəyyən edilməsi; • faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin dövlət ekspertizasının və dövlət uçotunun aparılması və s Bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanunvericiliyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırıla və ya ləğv edilə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) onun adından qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs MMC-nin iş icraçısı X1 oğlu xx.xx.2024-cü il tarixdə Oğuz rayonunda yerləşən “Daşağıl” çayından heç bir sənədi olmadan qanunsuz olaraq 2814 m3 həcmində qum-çınqıl hasilatı apararaq icazəsiz yerin təkindən istifadə etmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar