Məhkəmə qərarları › İş №3(005)-13/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-13/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-13/2022 05.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 27.07.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 27.07.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X5 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27.07.2020-ci il tarixdə təxminən saat 11:30 radələrində qlobal pandemiya ilə əlaqədar Azərbaycan Respublikasında tədbiq edilmiş karantin müddəti dönəmində Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində piyada hərəkətdə olduğu zaman bir nəfər polis serjantı ona yaxınlaşaraq karantin müddətində evdən çıxmaq üçün icazəsinin olub olmadığını soruşdu, o isə 8103 sms icazə sistemi vasitəsiylə icazə aldığını bildirib və ona məxsus olan telefonda icazənin olduğunu təsdiq edən sms məlumatın olduğunu polis əməkdaşının diqqətinə çatdırmış, lakin polis əməkdaşı bunu məqbul saymayıb icazənin olub olmadığını yoxlamaq üçün onu bir neçə metr məsafədə yerləşən polis kabinetinə dəvət edib və onlar birlikdə polis kabinetinə daxil olmuşlar. Polis kabinetində özünü polis kapitanı Yasin kimi təqdim edən polis zabiti əyləşmişdir. Onu polis kabinetinə dəvət edən polis serjantı onu polis kapitanına icazəsiz vətəndaş kimi təqdim edərək kabineti tərk etmiş, polis kapitanı isə ondan şəxsiyyət vəsiqəsini tələb etmiş və o üzərində olan şəxsiyyət vəsiqəsini ona təqdim edib sms vasitəsilə icazə aldığını qeyd etmişdir. Polis kapitanı “biz 4 nəfərik (iki nəfər polis əməkdaşı iki nəfər isə hərbi qulluqçu) bizə nə hörmət edə bilərsən” deyərək ona müraciət edib və o “nə üçün sizə hörmət etməliyəm mənim sms icazəm mövcuddur” deyə cavab vermiş, bir neçə dəqiqə səssizlikdən sonra polis kapitanı ona məxsus olan şəxsiyyət vəsiqəsini ona uzadaraq “gedə bilərsiniz” demiş və o polis kabinetini tərk etmişdir. Qeyd etdiyi məsələdən 1 il 2 ay keçdikdən sonra 09.09.2021-ci il tarixində Hacıqabul rayon icra və probasiya şöbəsi tərəfindən qeydiyyatda olduğu ünvana məktub daxil olmuşdur və orada onun 27.07.2020-ci il tarixində Bakı şəhəri Nərimanov rayonu 16-cı Polis Bölməsi tərəfindən 200 AZN cərimə olunduğu qeyd edilmişdir. Bununla bağlı 20.09.2021-ci il tarixində Bakı şəhəri Nərimanov rayonu 16-cı polis bölməsinə yaxınlaşmış və barəsində 1 il 2 ay öncə ondan xəbərsiz tərtib edilmiş inzibati protokolun sürətini əldə etmişdir. Qeyd edir ki, barəsində tərtib edilmiş inzibati xətaya dair protokol və onun əsasında qəbul edilmiş qərar bir neçə dəqiqə zaman fərqi ilə qəbul edilmişdir və eyni şəxs tərəfindən yəni polis sahə müvəkkili Yasin Abbasov tərəfindən imzalanmışdır, protokol və qərarın sənəd nömrələri fərqlidir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 27.07.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 27.07.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X5 tərəfindən 27.07.2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələbləri pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin polis sahə rəisi X4 tərəfindən qəbul edilmiş 27.07.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, onun barəsində 200 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. SMS bildirişdən olan çıxarışdan görünür ki, AZE seriyalı 08526740 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin sahibi 27 iyul 2020-ci il tarixdə saat 11.26-dan etibarən 3 saat müddətində yaşayış yerini tərk etməsi ilə bağlı icazə almışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X5 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə ki, X2 bildiriş əsasında 3 saat müddətində yaşayış yerini tərk edə bilməsi üçün icazə 27 iyul 2020-ci il tarixdə saat 11:26-dan verilmişdir və verilmiş icazənin müddəti saat 14:26-da başa çatmışdır. İş materiallarından göründüyü kimi X5 tərəfindən inzibati xəta sms bildiriş əsasında ona verilmiş icazə müddəti başa çatdıqdan sonra törədilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 27.07.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar