Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1303/2020 05.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri X2 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 12:35də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 48 ünvanda Şəxs marketdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfindən İXM-in 211.2-ci (epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər aşağıda qeyd edilən əsaslara görə geri qaytarılmalıdır. Belə ki, əvvəla Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş inzibati iş natamam olmaqla 3 vərəqədən, yəni 2 vərəq inzibati xəta haqqında protokoldan, 1 vərəq isə Şəxs MMC-nin nümayəndəsinin izahatından ibarət olmuşdur. Qeyd olunur ki, İXM-in 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsasları müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Eyni zamanda qanunvericilik imkan verir ki, əgər hüquqi şəxs tərəfindən müvafiq inzibati xətanın törədilməsi faktı aşkar edildikdə onun barəsində əlavə araşdırılması zərurəti yarandıqda inzibati xəta haqqında icraatın başlanması haqqında protokol dərhal deyil iki gün müddətində tərtib edilə bilər. Lakin hazırki işin hallarından müəyyən edilir ki, Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda inzibati xəta haqqında icraatın başlanmasının səbəbləri, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən məlumatların necə əldə edilməsi, əgər inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdirsə hansı prosessual və ya rəsmi sənədin tərtib edilməsi (raport, akt və s) barədə müvafiq qeydiyyat aparılmamış, iş materiallarına buna dair hər hansı bir sənəd əlavə edilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-ə xx xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla (dərci x xxxx 2020) dəyişiklik edilərək 211.2-ci maddə əlavə edilmişdir. Həmin maddənin dispozisiyası blanket xarakterli olmaqla epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə məsuliyyət müəyyən edir. Normanın dispozotiv şərtlərindən göründüyü kimi xətanın subyekti 1) ümumi əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilən hər hansı fiziki şəxs, 2) vəzifəli şəxslər, 3) hüquqi şəxslər ola bilər. Xətanın obyektiv cəhəti epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və bu pozuntunun qarşısının alınmamasından ibarətdir. Həmin inzibati xətaya görə fiziki şəxslər üçün yalnız epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, vəzifəli şəxslər və hüquqi şəxslər üçün isə həm bu tələblərin pozulmasına görə, həm də yol verilmiş pozuntunun qarşısının alınmamasına görə məsuliyyət müəyyən edilmişdir. İXM-in 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmçinin Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Beləliklə, qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilatisərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Lakin qanunvericiliyin tələbinə əsasən belə səlahiyyətlər yalnız hüquqi şəxsin vəzifəli şəxsinə aid olduqda törədilən əməl inzibati qaydada hüquqi nəticələr doğura bilər. Həmçinin qanunvericilik normasının məzmunundan göründüyü kimi, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməklə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq həmin hüquqi şəxsin rəhbəri və ya başqa işçisi tərəfindən törədilən inzibati xəta ilə bağlıdır. Bu halda xətaya görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiqi, həmin tədbirin tətbiqinə səbəb olmuş eyni xəta ilə bağlı fiziki şəxsin də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilmir. Qeyd edilməlidir ki, fiziki şəxsin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarını qorumaq üçün törətdiyi əməl o halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər ki, fiziki şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olsun. Beləliklə, fiziki şəxsin əməlində inzibati tərkibi olmadıqda, o cümlədən fiziki şəxs barəsində iş üzrə icraata bəraətverici əsaslara xitam verildikdə, fiziki şəxsin törətdiyi əmələ görə məsuliyyətə cəlbetmə müddətləri keçdikdə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Göründüyü kimi İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə hər hansı hüquqi şəxsin məsuliyyətinin yaranması üçün onun müvafiq tələblərə cavab verən vəzifəli şəxsinin əməlində həmin xətanın tərkib əlamətləri olmalıdır. Qeyd edilməlidir ki, İXM-in 211.2-ci maddəsinə əsasən ölkə ərazisində elan edilmiş epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə mövcud olan istənilən qaydanın deyil yalnız fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və ya pozuntunun qarşısının alınmaması ilə bağlı məsuliyyət müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi qaydaları müəyyən edilmiş, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilmişdir, ona xx xxxx 2020-ci il tarixli 236 nömrəli Qərarla edilmiş dəyişikliklərə əsasən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydaları xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” xx xxx 2020-ci il tarixli 160 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilmişdir: 1.1. qida məhsullarının ticarəti üzrə fəaliyyət; 1.2. ictimai-iaşə müəssisələrinin fəaliyyəti; 1.3. turizm və hotelçilik fəaliyyəti; 1.4. ictimai nəqliyyatın fəaliyyəti; 1.5. vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti; 1.6. müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti sahələri. Həmin Qərarın 2-ci bəndinə əsasən isə müvafiq fəaliyyət sahələri üzrə metodik göstərişlər təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında X1 tərəfindən “Ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topadan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s) koronovirusun (Covid-19) profilaktikasına dair” metodik göstərişlər təsdiq edilmişdir. Qeyd edilən metodik göstərişlərdə həmin sahədə ümumi göstərişlər, yəni kassanın qarşısında növbədə duran insanların araməsafəsi, ərzaq məhsulları satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilərinbirdəfəlik istifadə edilən maska, əlcək, həmçinin dezinfeksiya məhlulundan istifadə etmələri; müəssisədə sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətinin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunamsı; təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməsinin təşkil; işçi heyətinin marifləndirilməsi; təmizlik və dezinfeksiya işləri həyata keçirilərkən riayət edilməli olan ardıcıllıq; istifadə edilən dezinfeksiyaedici vasitələrə dair tələblər və həmin vasitələrdən istifadə qaydaları; dezinfeksiya edilməsi vacib olan sahələr; işçi heyətinin şəxsi gigiyenası; tibbi maskalardan ümumi istifadə qaydaları; işçi heyətinin müayinəsi və s. qaydalar müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması İXM-lə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Hazırki işin hallarından isə görünür ki, Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda təsərrüfat obyektində, yəni Şəxs marketində təmizlik və dezinfeksiya işlərinə riayət edilməsi, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska və əlcəklə təmin edilməsi, işçi heyəti arasında xəstəlik əlamətləri olan şəxslərin evdə qalmasının təmin edilməsi, o cümlədən ictimai iaşə obyektlərində işçilərin iş geyimi ilə təmin edilməsi, işçilərin tibbi maska və əlcəkdən istifadə etmələrinə, habelə tibbi maska və əlcəklərin təmiz vəziyyətdə olmasına nazərət edilməsinin təmin edilməməsi faktının aşkar edildiyi ümumi sözlərlə göstərilmişdir. Halbuki, İXM-in 100.1.4-cü maddəsinə görə törədilən inzibati xətanın mahiyyəti dəqiq göstərilməlidir. Lakin hazırki protokolda Şəxs marketində kim tərəfindən və konkret olaraq ölkə ərazisində mövcud olan karantin rejimləri dövründə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və həmin qərarla təsdiq edilmiş metodik göstərişlərdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hansı tələbin pozulması və ya pozuntunun qarşısının alınmamasının konkret olaraq hansı vəzifəli şəxsin hərəkət və hərəkətsizliyində ifadə olunması göstərilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. Göstərilənlərdən əlavə olaraq məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.3-cü bəndinə görə həmin Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Həmin Fərmanın 5.6-2-ci bəndinə görə isə həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin baxmaq səlahiyyətinin olması müəyyən edilmişdir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Məcəllənin 211-ci maddəsi ilə (sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinlərinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-in 99.2-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx xxxx 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodik Təlimat”ın yekun müddəalarından, yəni 3.1-ci bəndinə görə inzibati hüquq pozuntusunun aşkar edilərək rəsmiləşdirilməsi və bununla bağlı digər məsələlər İXM və ona uyğun olaraq qəbul edilmiş aidiyyəti normativ hüquqi aktlar ilə müəyyən edilir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri və onların müavinləri) İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərilməlidir. Hazırki işin hallarından isə görünür ki, Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol buna səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Eyni zamanda, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-in vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli nzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol onu tərtib etmiş Bakı şəhəri X2 üzrə Baş İdarəsi geri qaytarılmalıdır. Belə ki, İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları və İXM-in 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri X2 üzrə Baş İdarəsinə geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1303/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1303/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver