Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1305/2020 14.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət verən şəxs Alshan Musaevin iştirakı ilə, Alshan Musaevin Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin TP seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Alshan Musaev Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin TP seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, koronovirus xəstəliyi ilə bağlı xüsusi karantin rejimi qaydalarına uyğun olaraq evi yalnız zəruri hallarda tərk etmişdir. xx xxxx 2020-ci il tarix saat 18.07 radələrində, o, 8103 nömrəsinə 2-ci indeks üzrə müraciət etmiş, 2 saatlıq icazə verildikdən sonra evi tərk etmişdir. Lakin Suraxanı rayonu ərazisində polis əməkdaşı tərəfindən saxlanılmış, polis əməkdaşına icazə sms-i təqdim etməyinə baxmayaraq ona Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən 200 manat cərimə edilməsi barədə protokol tərtib edilmişdir. Hesab edir ki, protokol və qərar qanunsuzdur. Qeyd etdiklərini nəzərə alaraq məsələyə ədalətli şəkildə baxıb, Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin TP seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Alshan Musaev şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən Şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verənin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri digər sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin Yol patrul xidməti üzrə inspektoru Elçin İsmayılov tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”ın surətindən görünür ki, vətəndaş Musaev Alshan xx.xx.2020-ci il tarixdə saat 18.37 radələrində “Mazda MPV” minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman karantin qaydalarını pozmuşdur. Musaev Alshan Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan sms bildirişdən olan çıxarışdan görünür ki, MY ******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi 2 saat müddətində yaşayış yerini tərk etməsi ilə bağlı icazə almışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə Musaev Alshan tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə ki, iş materiallarında Musaev Alshan tərəfindən xx.xx.2020-ci il tarixdə 2 saat müddətində yaşayış yerini tərk edə bilmək üçün icazə almasını təsdiq edən sms bildiriş olmasına baxmayaraq Musaev Alshan özü də məhkəmə iclas zalında həmin gün artıq üçüncü dəfə idi ki, müayinə olunmaq məqsədilə evdən çıxdığını etiraf etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin Yol patrul xidməti üzrə inspektoru Elçin İsmayılov tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”ın ləğv edilməsinə dair Alshan Musaevin verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(005)-1305/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1305/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver