Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1311/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin böyük məsləhətçisi X1, Şikayət vermiş şəxs X3 vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X3 X2 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərara əsasən "xxxx" MMC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinin pozulması əsas gətirilərək İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmin qərar ona 22 aprel 2024cü il tarixində təqdim edilmişdir. Qanunvericiliyə əsasən Qərar ona təqdim edildikdən sonra 10 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququ vardır. O, bu hüququndan istifadə edərək həmin Qərardaddan 10 gün müddətində məhkəməyə şikayət vermişdir. Bildirmək istəyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* saylı "İnzibati tənbeh vermə haqqında” Qərar qanunvericiliyə ziddir, düzgün araşdırılmadan qəbul edilmişdir və ləğv edilməlidir. Nəzərə çatdırmaq istəyir ki, 21 fevral 2022-ci il tarixli, 023 saylı və 10 yanvar 2020ci il tarixli, 2134 saylı “Sürücü xidmətlərinin göstərilməsi haqqında” Müqavilələrə nəzər yetirən zaman "xxxx" MMC ilə sürücü arasında olan münasibətlərin, faktiki hallan araşdıran zaman isə sürücünün işlədiyi müddətdə "xxxx" MMC ilə sürücünün faktiki münasibətlərinin hansı formada olması açıq aydın görsənir. Belə ki, 21 fevral 2022-ci il tarixli, 023 saylı və 10 yanvar 2020-ci il tarixli, 2134 saylı “Sürücü xidmətlərinin göstərilməsi haqqında” Müqavilələrə nəzər yetirən zaman görürük ki, həmin müqavilələrin faktiki əmək münasibətlərinə heç bir aidiyyəti yoxdur. Belə ki, bu müqavilələrə xidmət müqaviləsi kimi qəbul edilməsə belə icarə müqaviləsinin müddəalarını özündə əks etdirir. Qeyd olunan müqavilənin 2.1-ci maddəsində qeyd edilmişdir ki, Sifarişçi İcraçıya sürücü xidmətlərinin göstərilməsi üçün ona tam təchiz edilmiş, istismara yaralı vəziyyətdə “London Taxi TX-4” minik markalı avtomobili təmin edir. İcraçıda bunun müqabilində gündəlik hasilatı Sifarişçiyə ödəyir. Həmin hasilat məbləği Müqavilələrin 5.3-cü maddəsində günlük 27 AZN və 37 AZN müəyyən edilmişdir. Sifarişçi qeyd olunan günlük hasilatın ödənilməsi təqdirində İcraçıya günlük 7 manat xidmət haqqı ödəyir. Həmin ödənilən xidmət haqqı hasilatın (icarə haqqının) tam ödənilməsi təqdirində sürücüyə (icarə alana) edilən faktiki icarə haqqının azaldılması deməkdir. İcraçı həmin əmlakdan istifadə ilə yanaşı, həmin hasilat məbləğini Sifarişçiyə ödədikdən sonra gün ərzində həmin əmlak vasitəsilə qazandığı vəsait onun özünə qalır, bu da onun bəhəri və ya gəliri sayılır. Həmin müddəaya nəzər yetirən zaman görünür ki, bu faktiki icarə münasibətlərinin tənzimlənməsi qaydalarını özündə əks etdirir. Belə ki, AR Mülki Məcəlləsinin 700.1-ci maddəsində qeyd edilmişdir ki, İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yəni buradan da aydın olur ki, İcraçının Sifarişçiyə ödədiyi 27 AZN və 37 AZN hasilat haqqı faktiki icarə haqqıdır. Sifarişçinin avtomobili İcraçıya verməyi, eyni zamanda faktiki icarə haqqı olan günlük 27 AZN və 37 AZN hasilat haqqının Sifarişçiyə İcraçı tərəfindən ödənilməsi əvəzində icarə haqqının azaldılması kimi İcraçıya günlük 7 AZN xidmət haqqı ödəməsi faktiki icarə münasibətləridir. AR X7 qeyd edilmişdir ki, icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 21 fevral 2022-ci il tarixli, 023 saylı və 10 yanvar 2020-ci il tarixli, 2134 saylı “Sürücü xidmətlərinin göstərilməsi haqqında" Müqavilələrə nəzər yetirən zaman İcraçının avtomobildən istifadə etməsi və bəhər götürməsi müddətləri növbəli rejim saatlarında müəyyən edilmişdir. Bu hal faktiki icarə münasibətlərini özündə əks etdirir. Həmin Qanunda qeyd edilmişdir ki, icarə müqaviləsində icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi nəzərdə tutulur. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. 21 fevral 2022-ci il tarixli, 023 saylı və 10 yanvar 2020-ci il tarixli, 2134 saylı Sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilələrə nəzər yetirən zaman orada qeyd olunan müddəaların icarə müqaviləsinin tələblərinə uyğun olduğu görsənir. Bu hal faktiki icarə münasibətlərini özündə əks etdirir. Həmin Qanunda qeyd edilmişdir ki, icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. 21 fevral 2022-ci il tarixli, 023 saylı və 10 yänVar 2020-ci il tarixli, 2134 saylı “Sürücü xidmətlərinin göstərilməsi haqqında Müqavilələrə nəzər yetirən zaman görürük ki, hasilat haqqı kimi qeyd olunan faktiki icarə haqqı qarşılıqlı razılıq əsasında müəyyən edilmişdir. Bu hal faktiki icarə münasibətlərini özündə əks etdirir. Yuxarıda bütün qeyd olunanlara əsasən aydın olur ki, X6 və X4 ilə "Bakı Taksi Xidməti” MMC arasında olan münasibətlər birmənalı şəkildə faktiki əmək münasibətləri deyildir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 vəkili Vəkil məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Məhkəməyə zəruri sənədləri təqdim edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X5 bildirmişdir ki, yol verilmiş pozuntu hüquqi şəxsin fəaliyyət sahəsi ilə birbaşa bağlı olduğundan əmək münasibətləri hesab edilmişdir. Ona görə də vəzifəli şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Sürücü xidmətlərinin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, 023 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC (Sifarişçi) ilə X6 (İcraçı) arasında xidmətlərin göstərilməsi ilə bağlı mülki hüquqi müqavilə bağlanılmış, münasibətlər "xxxx" MMC-nin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı Sifarişçiyə müəyyən hasilatın verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli 023 nömrəli xidməti müqaviləyə 03 nömrəli əlavədən görünür ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “Sifarişçi” adlandırılacaq, baş direktor X8 və digər tərəfdən sürücü xidməti göstərən fiziki şəxs bundan sonra “İcraçı” adlandırılacaq X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 023 nömrəli sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilənin 9.2.1 və 9.2.2-ci bəndlərinə əsasən, müqaviləyə “Sifarişçi” tərəfindən bir tərəfli qaydada xitam verilmişdir. Sürücü xidmətlərinin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, 2134 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC (Sifarişçi) ilə X4 (İcraçı) arasında xidmətlərin göstərilməsi ilə bağlı mülki hüquqi müqavilə bağlanılmış, münasibətlər "xxxx" MMC-nin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı Sifarişçiyə müəyyən hasilatın verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli 2134 nömrəli xidməti müqaviləyə 17 nömrəli əlavədən görünür ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “Sifarişçi” adlandırılacaq, baş direktor X8 və digər tərəfdən sürücü xidməti göstərən fiziki şəxs bundan sonra “İcraçı” adlandırılacaq X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2134 nömrəli sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilənin 9.1.2-ci bəndinə əsasən, müqaviləyə tərəflərin qarşılıqlı razılığına əsasən xitam verilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X6 və X4 ilə "xxxx" MMC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli, 023 nömrəli və xx.xx.2020-ci il tarixli, 2134 nömrəli “Sürücü xidmətlərinin göstərilməsi haqqında” müqavilələrdən tərəflər arasında olan münasibətlərin mülki-hüquq məzmunlu olduğu müəyyən edilir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən sifarişçi sürücü xidmətlərinin göstərilməsi üçün onu tam təchiz edilmiş, istismara yararlı vəziyyətdə “London Taxi TX-4” minik markalı avtomobillə təmin edir. İcraçı bunun müqabilində gündəlik hasilatı Sifarişçiyə ödəyir. Həmin Müqavilələrin 5.3-cü bəndinə əsasən hər gün üçün hasilat və xidmət haqqı məbləği müəyyən edilmişdir. İş materialları əsasında müəyyən edilir ki, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilmədiyindən mülki-hüquqi müqavilə ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən bu Məcəllə əmək münasibətlərində tərəflərin əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edəlmir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin, elektron kabinetinə göndərildiyi andan yaranır. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 1) müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2) bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 3) tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 4) tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 5) tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 6) yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 7) yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 8) müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarına əsasən əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Həmin Qərara əsasən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1311/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1311/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver