Məhkəmə qərarları › İş №3(005)-1314/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1314/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1314/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X10 şöbəsinin axtarış üzrə inspektoru X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon X10 şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 rayon X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nərimanov rayon ərazisində özünə məxsus “Honda ACCORD ” minik markalı 90TK575 dövlət qeydiyyat nişanlı avtomobillə köməkçi yoldan əsas yola keçid edərkən avtomaşını saxlamış və tədricən avtomaşının passos (driver) rejimində hərəkətdə olarkən həmin vaxtı qarşısında olan avtomaşına hiss olunmayacaq dərəcədə toxunmuşdur. Sonradan avtomobilinə baxmış və müəyyən etmişdir ki, hər iki avtomobildə heç bir cızıq olmamışdır. O zaman o, qarşı tərəfə bildirmişdir ki, əgər avtomaşında hər hansı bir xəsarət varsa, polis dəvət edək araşdırma aparsın. Lakin qarşı tərəf bildirdi ki, heç bir xəsarət yoxdur. Ona görə də onlar razılaşmışlar və heç biri polisə şikayət etmədən mehribanlıqla ayrılmışlar. Lakin üstündən bir neçə gün sonra polis əməkdaşı kimi özünü təqdim edən şəxs ona telefonla zəng edərək, bildirmişdir ki, sizdən şikayət var və siz polis şöbəsinə gəlməlisiniz. Ona görə də o, deyilən vaxtda Polis Şöbəsinə getmişdir. Həmin vaxtı ondan şikayət edən adam orada olmamışdır. Polis əməkdaşı ona bildirmişdir ki, guya o, törətmişdir və hadisə yerini tərk etmişdir. O, etiraz etmiş və bildirmişdir ki, o heç bir avtomaşına xəsarət yetirməmiş və ona görə də onlar mehribanlıqla ayrılmışlar. Əgər o həmin avtomaşına xəsarət yetirmişdirsə, o zaman ekspertiza keçirilsin və xəsarətin dərəcəsi müəyyənləşdirilsin. Lakin polis əməkdaşı heç bir araşdırma aparmadan onun izahatını aldıqdan və o polis şöbəsini tərk edib gedəndən sonra barəsində protokol tərtib etmiş və protokolda qeyd etmişdir ki, guya o avtoqəza törətmiş və hadisə yerindən qaçmışdır. Bu tamamilə əsasızdır. Sonradan, polis əməkdaşı ona təkrarən zəng etmiş və şöbəyə gəlməyini bildirmişdir. Ona görə də o Polis Şöbəsinə getmiş və həmin vaxtı polis əməkdaşı AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə onun cərimə edilməyi barədə qərar qəbul edildiyini bildirmişdir. Bakı şəhəri X9 Polisi Şöbəsinin TP 640754 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X10 şöbəsinin axtarış üzrə inspektoru X6 məhkəmə iclasında çıxış edərək, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X10 şöbəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının əsaslı olduğunu bildirmiş və məhkəməyə müvafiq sənədləri və DVD diski təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov rayon X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Honda Accord” minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən ara məsafəsi qaydalarını pozmuş və hadisə yerindən yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddələrində göstərilən inzibati xətalar törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddələrdə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddələrdə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Bakı şəhəri Nərimanov rayon X10 şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Nərimanov rayon X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar