Məhkəmə qərarları › İş №3(005)-1315/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1315/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1315/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X2, tələbkar – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın rəhbəri Şəxs iştirakları ilə, "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X4 borclu "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 01 may 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanında "xxxx" MTK-nın rəhbəri Şəxs "xxxx" MTK-nın borclu olduğu icra sənədi üzrə vəzifəli şəxs kimi tam hazır cəziyyətdə mansard və onun açarı tələb olunmuş, lakin Şəxs icra məmurunun qanuni tələblərini icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, məhkəmə qərarının icrasını tələb edir. X1 şikayətçidir və barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın rəhbəri Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, MTK-nın həqiqi yox, formal rəhbəridir. O, icra şöbəsinə dəvət edildikdə bilmişdir ki, vəzifəli şəxs kimi göstərilib. O, heç bir sənədləşdirmə işlərində iştirak etməmiş, ümumiyyətlə o, şirkətdə faktiki olaraq heç bir səlahiyyət icra etməmişdir. O, şirkətdən ümumiyyətlə əmək haqqı almır. Hər şeydən xəbərsizdir. Sonradan ona məlum olmuşdur ki, şirkət “Məhərrəm” adlı şəxsindir. Şirkət onun adına qeydiyyata alınıb. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3792/2021 saylı icra vərəqəsindən görünür ki, ərizənin təmin edilməsi, Bakı Şəhəri Nərimanvo Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3792/2021 nömrəli qətnaməsinin qət etdi hissəsində icra qaydasında aşağıdakı məzmunda izah verilməsi: ünvan 2 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 110 kv.m olan sahənin tam hazır vəziyyətdə Zərərçəkmiş şəxs təhvil verilməsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanvo Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3792/2021 nömrəli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-669/2023 saylı qərarından görünür ki, "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın rəhbəri Şəxs inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Əvvəla məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş materiallardan, icra sənədlərində qeyd olunan öhdəliyin məhz Şəxs "xxxx" MTK-nın rəhbəri olduğu dövrdə yaranması müəyyən edilmir. Ümumiyyətlə, Şəxs hansı tarixdə həmin MTK-nın rəhbəri təyin edilməsi iş üzrə təqdim edilmiş sənədlərdən aydın olmur. Hazırki şəraitdə iş üzrə tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs "xxxx" MTK-nın rəhbəri kimi qeydiyyata alınmasından məlumatsız olmuş, ümumiyyətlə, heç vaxt idarəçilik barədə məlumatı olmamış, mövcud vəziyyət barədə sonradan xəbərdar olmuşdur. Başqa sözlə, Şəxs faktiki olaraq təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini və ya sahibkarlıq fəaliyyətini həyata keçirməmişdir. Şəxs həmin MMC-də rəhbər funksiyalarını həyata keçirdiyinə, xüsusilə icra sənədinin qəbul edildiyi dövrdə bu cür səlahiyyətləri icra etdiyinə dair inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Həmçinin, son dövrlərdə analoji hallara, yəni ayrı-ayrı fiziki şəxlərin onların məlumatı olmadan və ya aldadılaraq hüquqi şəxs rəhbəri kimi qeydiyyata alınması hallarına məhkəmə praktikasında rast gəlindiyindən, barəsində icraat aparılan şəxsin izahatında göstərdiyi xüsusatların həqiqiliyi prezumpsiya edilir və ağlabatan hesab olunur. Belə olan təqdirdə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab oluna bilməz. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, hüququn ədalətlilik, təqsirə görə məsuliyyət və təqsirsizlik prezumpsiyası prinsiplərini rəhbər tutaraq qeyd edir ki, fərd ancaq hüquqazidd əməlinə və onun şəxsiyyətə, cəmiyyətə və dövlətə ziyan vuran nəticəsinə müəyyən psixi münasibəti mövcud olduqda məsuliyyət daşıya bilər. Təqsirlə bağlı olmayan, yəni qəsd və ya ehtiyatsızlıqdan törədilməyən əmələ görə məsuliyyət yarana bilməz. Şəxs yol verdiyi əməlin ictimai təhlükəliliyini dərk etməmişdirsə və ya dərk etmək imkanından məhrum edilmişdirsə belə əməl onun üçün məsuliyyət yarada bilməz. Təqsirlə əhatə olunmayan əmələ görə məsuliyyətə cəlb etmə obyektiv təqsirləndirməyə gətirib çıxarardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3792/2021 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xatanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar