Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1323/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədovun 14 aprel 2023-cü il tarixli qərarından və xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində o idarə etdiyi, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan 2012-ci il buraxılışlı Kia Optima minik markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində sol zolaqda hərəkət edərkən piyada keçidində avtomobil yolunu piyada zolağı ilə sağdan sola doğru keçən və təxminən 8-9 metr məsafə qət etmiş qadın piyadanı ehtiyyatsızlıqdan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli bilərək, hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirdi. Zərərçəkmiş şəxsi hadisədən dərhal sonra xəstəxanaya aparmışdır. Hazırda zərəçəkmiş şəxsin hər hansı şikayəti yoxdur. Göstərilənlərə əsasən barəsində olan protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş HK-1 N-278/102-1519/ nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:16-da, ‘DİN”-nin TŞX-nin operatoru Kazımova TŞ 6-004 kamera görüntüsü əsasında məlumat verərək bildirdi ki, Ağa Nemətulla küçəsi və Təbriz küçələrinin kəsişməsində baş vermiş YNH-si zamanı, “Kia” optima markalı **-OA-*** dövlət nömrə nişanlı avtomaşın, piyada qadını vurub uzaqlaşıblar. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş MK-2 N-4025 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:35-də, “Medeyra” Hospitaldan tibb-bacısı Rəfiyeva məlumat verərək bildirdi ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş vermiş YNH-si zamanı, xx.xx.1998-ci il təvəllüdlü X2-bəyin travması xəsarəti almışdır. 2/6553 nömrəli, xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA OPTİMA” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r; Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində o idarə etdiyi, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan 2012-ci il buraxılışlı Kia Optima minik markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə F.X.xoyski küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində sol zolaqda hərəkət edirdi. Qeyd olunan küçələrin kəsişməsində yerləşən yol ayrıcısına çatdıqda hərəkət hissəsinin sağ kənarında quraşdırılmış svetoforun qırmızı işığının tələbinə əsasən idarə etdiyi nəqliyyat vasitəsini stop xəttinin qarşısında saxladı. Svetoforun onun üçün yaşıl işığı yandıqdan dərhal sonra hərəkətə başlayıb təxminən 15 km/saat sürətlə bir neçə metr məsafə qət etdikdən sonra idarə etdiyi avtomobilin ön sol hissəsi ilə avtomobil yolunu piyada zolağı ilə sağdan sola doğru keçən və təxminən 8-9 metr məsafə qət etmiş qadın piyadanı ehtiyyatsızlıqdan vurdu. Bunun nəticəsində piyada asfalt örtüyün üzərinə yerə yıxılıb bədən xəsarəti almışdır. O dərhal avtomobildən yerə endi və həmin piyadaya yaxınlaşaraq onu idarə etdiyi nəqliyyat vasitəsinə mindirib yaxınlıqda fəaliyyət göstərən Oxigen klinikasına apardı, lakin həmin xəstəxananın KT aparatı nasaz olduğundan o həmin piyadanı Medera Klinikasına aparıb həkim müayinələrindən keçirtdi. Müayinələr zamanı piyadanın ciddi bir xəsarət almadığı müəyyən edilmişdir. Əlavə suallara cavaba olaraq hadisə zaman avtomobildə tək olduğunu qeyd etmişdir. Aparılan təhqiqat araşdırması zamanı piyada X1 Şəxs vermiş olduğu izahatla eyni məzmunlu izahat verərək, sonuncu tərəfindən göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Əlavə suallara cavab olaraq, hadisə nəticəsində almış olduğu bədən xəsarəti ilə əlaqədar MTE-nin tibbi sənədlər əsasında təyin edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 67-M saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM 404(23) nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1323/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1323/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver