Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1335/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakları ilə, «ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X5 «ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 13000-00409/23 nömrəli, 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cu il tarixli 34/012/002082 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində ixracatçı Türkiyə Respublikasının “ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ A.Ş.” şirkəti tərəfindən idxalçı hüquqi şəxs « ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ A.Ş.” Azərbaycan Respublikasındakı Filialının ünvanına göndərilən mallar **********8165 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) sistemin də sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair məlumatlardan müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli otan qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs « ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 izahatında göstərdi ki, şirkət Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(019)-33/2023 saylı qərarı ilə artıq eyni malların bəyan edilməməsinə görə İXM-in 482.1-ci maddəsi ilə tənbeh olunmuşdur. Həmin iş üzrə mallar gömrük orqanı tərəfindən saxlanca alınmış, yalnız Baləkən Rayon Məhkəməsinin qeyd edilən qərarından sonra isə onlar barəsində həmin mallara dair qısa idxal bəyannaməsi təqdim edilmədiyi səbəbindən İXM-in 485.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hesab edirlər ki, onlar artıq həmin predmet üzrə bir dəfə cərimələniblər. Gətirilən mallar gömrük orqanının saxlancında idi. Belə olan halda həmin mallar üzrə 485.2-ci maddəsi ilə barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair «ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixində “ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı filialının (VÖEN:**********) ünvanına gələn yük 77JA119 nömrəli nəqliyyat vasitəsi ilə Mazımqara gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi MMC tərəfindən təqdim edilmiş **********8165 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. İş materiallarında olan Baləkən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(019)- 33/2023 nömrəli qərarından görünür ki, «X8 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (filialı)1 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və inzibati xətanın bilavasitə obyekti olan malların 4476,00 manat dəyərinin qırx faizi-1790,4 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 485.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə, təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, «ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının barəsində tərtib edilmiş 13000-00409/23 nömrəli, 17 aprel 2023-cü il tarixli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının ünvanına 77JA119 nömrə nişanlı nəqliyyat vasitəsi ilə mallar daxil olmuş, inzibati xəta hadisəsi də nəqliyyat vasitəsi sərhəddən keçərkən baş vermişdir. Həmin hal üzrə gömrük orqanı tərəfindən İXM-in 482.1-ci maddəsi ilə, daha sonra isə 485.2-ci maddəsi ilə 2 inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Baləkən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(019)- 33/2023 nömrəli qərarı ilə « ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı İnzibati xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh olunmuşdur. Azərbaycan Respublikası İXM-in 482.1 və 485.2-ci maddələrinin dispozisiyalarına və hazırki işin faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, hər iki protokolun tərtib edilməsinin əsası eyni bir fakt – müvafiq malların bəyan edilmədən ölkə ərazisinə gətirilməsi olmuşdur. Başqa sözlə, hazırkı halda Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta, yəni idxal olunan malları müəyyən edilmiş qaydada bəyan etməmə, həm də həmin Məcəllənin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı özündə əhatə etmişdir. Azərbaycan Respublikası İXM-in: 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. 34-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi “ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının ünvanına 77JA119 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş mallara dair adı çəkilən Filial tərəfindən eyni fakt üzrə inzibati tənbeh tətbiq edilmiş və həmin qərar hazırda qüvvədədir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2013-cü il tarixli Qərarında qeyd edilir ki, Konstitusiyada və cinayət qanununda təsbit edilmiş bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsini əks etdirən non bis in idem prinsipi yalnız şəxsin eyni bir cinayət əməlinə görə təkrar məhkum edilməsinin və cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur. Bu prinsip həm də cinayət-hüquqi əhəmiyyəti olan eyni bir halın iki dəfə, həm cinayətin tövsifi zamanı, həm də cəza təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir. Azərbaycan Respublikası İXM-in: 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən törədilmiş inzibati xəta hadisəsi faktına görə inzibati tənbeh etmək haqqında hakimin ləğv edilməmiş qərarı olduğundan, “ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib olunmuş 13000-00409/23 nömrəli, 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «ALBAYRAK TURİZM SEYAHAT İNŞAAT TİCARET ANONİM ŞİRKETİ”nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş 13000-00409/23 nömrəli, 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1335/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1335/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver