Məhkəmə qərarları › İş №3(005)-1336/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1336/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1336/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X5 iştirakı ilə, X5 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26397359 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26397359 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:09:03 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, mülkiyyət hüququ "xxxx" X3 məxsus “İVECO DAİLAY 35C15D YÜK” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəs ilə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində xidmətdə olan zaman, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-1 ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə EQ26397359 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Belə ki, barəsində Bakı şəhəri BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ seriyalı 26397359 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanunvericiliyin müvafiq tələbi pozulmaqla qəbul edilmişdir. Göründüyü kimi, inzibati xətanın törədildiyi tarix xx.xx.2024-cü il, saai 10:09:03 olmuşdur. Qanunvericiliyin tələbi baxımından bərəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərar inzibati xətanın törədildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən 1 (bir) gün ərzində qəbul edilməli idi. Lakin BDYPİ tərəfindən müvafiq qərar xx.xx.2025-ci il tarixdə xətanın törədildiyi gündən bir gün müddətində tərtib olunmamış, xətanın törədildiyi vaxtın üzərindən aylar keçdikdən sonra, yəni 03 ay sonra İXM-nin tələblərini kobud şəkildə pozmaqla tərtib olunmuşdur. Digər tərəfdən bildirir ki, o, "xxxx" X2 “Sürücü” vəzifəsində çalışır. Qeyd edir ki, Moskva prospektində yerləşən işıq dirəkləri ilə yanaşı Bakı şəhərinin bütün küçə və prospektlərinin işıqlanmasına xidmət göstərmək məhz çalışdığı müəssisəyə aiddir. Bu səbəbdən Moskva prospektində işıq dirəklərinə xidmət göstərmək üçün həmin zolağa girmişdir. Qeyd edilən zolağa girmədən əraziyə gətirilən kabel və digər avadanlıqların boşaldılması, həmçinin işıq dirəklərinə xidmətin həyata keçirilməsi başqa heç cür münkün deyildir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə EQ26397359 saylı İnzibati Tənbeh vermə haqqında elektron Qərar barəsində xx.xx.2025-ci il tarixdə məlumatı olub. Qeyd edilən qərar rəsmi qaydada xx.xx.2025-ci il tarixdə ona təqdim edilib. Məhkəmə iclasında X7 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26397359 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X1 Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Beləliklə müəyyən edilir ki, hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2024-cü il tarixdə törədilmişdir. Lakin həmin hadisəyə görə tərtib edilmiş xx.xx.2025-ci il tarixli elektron protokol 03 ay sonra qərara çevrilməklə elektron kabinetdə yerləşdirilməmişdir. Halbuki, İXM-in 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.1.6. maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri baxımından X4 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26397359 nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 105, 128 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26397359 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar