Məhkəmə qərarları › İş №3(005)-1341/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1341/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1341/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 10.06.2021-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin TP ******* nömrəli, 10.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, o, 31 may 2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar Nərimanov rayon ərazisindəki Ələsgər Qayıbov küçəsindəki Biznes Mərkəzinin qabağında dayanıb tanışını gözləyirmiş. Elə bu vaxt arxadan keçən və ya gələn VVN 153 nömrə nişanlı Gürcüstan seriyalı Opel maşınının sol arxa hissəsinə çırpılmış və Nicat Cəlilov adlı polis kapitanı yaxınlaşıb haqsız olaraq onunla çox kobud rəftar etməyə başlamışdır. İzahatları alınmış, hadisə yerini çəkmişlər. İnzibati xəta haqqında protokolu 2- 3 gündən sonra versə də, inzibati tənbeh vermə haqqında qərarı bu günədək böyük narazılıqla vermişdir. Bildirir ki, tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz etməsinə baxmayaraq, onun iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, X1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 10.06.2021-ci il tarixli qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, 10.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 **-OE-*** dövlət qeydiyyat nişanlı “NİSSAN SUNNY” minik markalı avtomobillə 10 iyun 2021-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. X2 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında 10 iyun 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 10 iyun 2021-ci il tarixli qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 10 iyun 2021-ci il tarixli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar