Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1342/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması və barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması və barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X3 tərəfindən onun barəsində 08.01.2021-ci il tarixli protokol tərtib edilmişdir. Protokola əsasən guya o, 08.01.2021-ci il tarixdə Nərimanov rayonu, C.Hacıbəyli küçəsində maskasız olmuşdur. Halbu ki ona həmin tarixdə heç bir polis əməkdaşı yaxınlaşmamış, hər hansı bir qayda pozuntusu barədə ona xəbərdarlıq olunmamışdır. Tərtib olunmuş protokol əsasında qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarla o, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. Hesab edir ki, barəsində tətbiq edilmiş “İnzibati tənbeh vermə haqqında” qərar qanunsuz olduğundan ləğv olunmalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16cı PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Nərimanov RPİ-nin 16-cı PBnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində 08.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməli və Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci PB-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1342/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1342/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver