Məhkəmə qərarları › İş №3(005)-1346/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1346/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1346/2020 24.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.9-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru x1 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli 28 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda xətanın mahiyyəti açıqlanmayaraq yalnız İXM-in 342.9-cu maddəsinin dispozisiyası yazılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmişdir. Bundan əlavə iş materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini təsdiq edən heç bir sübut əlavə olunmamışdır. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam şəkildə tərtib olunduğundan, Şəxs İXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru x1 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli 28 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin DYPŞnin yol patrul xidməti inspektoru x1 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli 28 iyun 2020-ci il tarixli protokol onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar