Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1348/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Abşeron Rayon Məhkəməsinə ünvanlandığı şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi saytında qeydiyyat keçdiyi elektron kabinetinə 08 aprel 2024-cü il tarixdə və 14 aprel 2024-cü il tarixdə VAZ 21905 markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi kimi ona inzibati protokol tərtib olunaraq göndərilmişdir. İlk öncə onu qeyd edir ki, 14 aprel 2024-cü il tarixdə Z.Bünyadov prospekti ilə Koroğlu metro stansiyasına doğru hərəkətdə olarkən ətalət səbəbindən idarə etdiyi avtomobilin sürəti təyin olunan maksimal sürətdən cəmi 2 km/saat keçdiyi üçün 10 manat məbləğində cərimə olunmuşdur. Bu haqlı cəriməni 10 gün müddətində ödəyəcək və bu məhkəmə keçirilərkən artıq o cərimə silinmiş olacaqdır. Nəzərə çatdırır ki, o, Xırdalanda yaşayır və hər gün işə gedib gəlmək üçün bu yoldan istifadə edir. Tıxaclar olanda belə heç zaman avtobus zolağına girməmiş və bunun qanun pozuntusu olduğunu bilir. Lakin 08 aprel tarixdə hətta heç bir sıxlıq olmadığı halda həmin zolağa daxil olmağı ağıl və məntiqə, onun sürücülük biliklərinə, uyğun deyildir. Qərara əlavə olunmuş şəkillərdən də onun həmin zolaqda hərəkət etmədiyi məlum olur. Şəkillərə diqqət edilsə görünər ki, hətta qarşıdan gələn maşın belə həmin şəkildə eyni yerdədir. Deməli bu şəkil həmin zolaqda hərəkət etdiyinin göstəricisi deyil. Buna görə də hesab edir ki, AR İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinin, həmçinin 5.9 yol nişanının və ya yolların hərəkət hissəsinin işarələrinin tələbləri tərəfindən pozulmamışdır. Elektron kabinetdə yerləşdirilən protokola əlavə edilən fotoşəkildə inzibati xətanın baş verib- vermədiyi dəqiq göstərilməyib. Hesab edir ki, 08 aprel 2024-cü il tarixdə tərtib olunan protokolda İnzibati Xətalar Məcəlləsinin maddələri nəzərə alınmadan barəsində bu qərar verilmişdir. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərardadına əsasən, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsi qeyd olunan qərardadında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 08 aprel 2024-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə barədə qərarında qeyd edilən hadisə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinin N.Nərimanov küçəsi ilə kəsişməsi yaxınlığında baş verməsini və məhz bu səbəbdən də işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 08 aprel 2024-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə barədə qərarında Abşeron Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi düzgün olmayaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. O, Nərimanov rayonunun ərazisində törətdiyi inzibati xətaya görə cəriməsini dövlət büdcəsinə ödəmişdir. Abşeron Rayon Məhkəməsinə ünvanlandığı şikayət ərizəsində də, həmin pozuntu ilə razı olduğunu və cəriməni ödəyəcəyini qeyd etmişdir. Lakin Bakı-Quba yolunun 12-ci kilometrliyində törədilmiş inzibati xətanın tərəfindən törədilməsi ilə razılaşmır və həmin qərardan da Abşeron Rayon Məhkəməsinə şikayət etmişdir. Hazırda qeydiyyatı da Abşeron rayonunadır. Həmin qərardan verdiyi şikayətə Abşeron Rayon Məhkəməsində baxılmasını istəyir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, işin baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 08 aprel 2024-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarında göstərilən inzibati xətanın törədilmə yeri Bakı-Quba yolunun 12-ci kilometrliyi müəyyən olunur. Belə olan halda törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi Abşeron rayonunun ərazisində baş verdiyindən hazırki ərizəyə məhz Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-cimaddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 08 aprel 2024-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarında göstərilən inzibati xəta Abşeron rayonunun ərazisində törədilmişdir. Qeyd olunanlarla əlaqədar hazırki şikayətə inzibati xətanın törədildiyi yer üzrə, yəni Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də qərarından şikayət verilən orqanın bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərardan verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1348/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1348/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver