Məhkəmə qərarları › İş №3(005)-1350/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1350/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1350/2020 23.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH üzrə inspektoru Zeynalov Azər Şahvələd oğlunun, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Talıbov Hüseyn Əli oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bayramov Əli Natiq oğlunun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi ev 29 ünvanında qeydiyyatda olan Bayramov Əli Natiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı İslamov Samir İsa oğlunun 01 iyun 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 23 iyul 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bayramov Əli Natiq oğlu 16 may 2020-ci il tarixdə saat 23:35 radələrində qayını Türkiyə Respublikasının vətəndaşı Doğan Aliş Kamil oğluna məxsus “Nissan Qashqai” markalı Türkiyə Respublikasının 34-ZON-63 dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə saatda 60 km sürətlə 2 zolaqlı yolun soldan birinci zolağı ilə idarə edərkən Azadlıq prospekti ilə kəsişmədə yerləşən işıqforun sarı işığının yandığını görüb sürətini azaltmadan hərəkət etmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozmuş və nəticədə onun idarə etdiyi avtomobilin ön hissəsi Azadlıq prospekti ilə hərəkətdə olan Bayramov Ucal İbrahim oğlunun idarə etdiyi “Mercedes Benz S500” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsi ilə toqquşmuşdur. Nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH üzrə inspektoru Zeynalov Azər Şahvələd oğlu izahat verərək bildirdi ki, sürücü Bayramov Əli Natiq oğlu 16 may 2020-cu il tarixdə saat 23:35 radələrində qayını Türkiyə Respublikasının vətəndaşı Doğan Aliş Kamil oğluna məxsus “Nissan Qashqai” markalı Türkiyə Respublikasının 34-ZON-63 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə yol nəqliyyat hadisəsinin iştirakçıları olan avtomobillərə maddi ziyan vurulmuşdur. Bakı şəhəri Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı İslamov Samir İsa oğlunun 01 iyun 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, həmin qərara əsasən tərəfindən İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Bayramov Əli Natiq oğlu özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 23:35 radələrində qayını Türkiyə Respublikasının vətəndaşı Doğan Aliş Kamil oğluna məxsus “Nissan Qashqai” markalı Türkiyə Respublikasının 34-ZON-63 dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə saatda 60 km sürətlə 2 zolaqlı yolun soldan birinci zolağı ilə hərəkətdə olmuş, bu zaman Azadlıq prospekti ilə kəsişmədə yerləşən işıqforun sarı işığının yandığını görüb sürətini azaltmadan hərəkət etmişdir ki, qırmızı işıqda dayanmasın. Həmin vaxt Azadlıq prospekti ilə hərəkətdə olan, sonradan adının Bayramov Ucal İbrahim oğlu olduğunu öyrəndiyi “Mercedes Benz S500” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuşdur. İdarə etdiyi avtomobildə olan Doğan Aliş Kamil oğlu xəsarət almışdır. Baş vermiş hadisədən sonra DYP əməkdaşları hadisə yerinə gəlmişlər. Daha sonra hadisə yerinə təcili yardım gəlmiş və bir neçə dəqiqədən sonra təhqiqatçı hadisə yerinə gələrək sənədləşdirmə aparmışdır. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Bayramov Əli Natiq oğlunun vəkili Talıbov Hüseyn Əli oğlu müdafiə etdiyi şəxsin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixdə saat 23:40-da Bakı şəhər BPİ-nin DYPİ-nin NH-dən Şahverdiyev məlumat verərək Ak.H.Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş vermiş YNH-si nəticəsində xəsarət alanın olmasını bildirmişdir. Daxil olmuş məlumat xarakterli raport xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin “Cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabında HK-1/337 sıra sayı ilə qeydə alınaraq araşdırmanın aparılması təhqiqatçı İslamov Samir İsa oğluna həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 01:30-da 8 saylı TTYS-dan həkim Bayramzadə məlumat verərək Ak.H.Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş vermiş YNH-si nəticəsində 1984-cü il təvəllüdlü Doğan Alış Kamil oğlunun alnının cızılmış yarası xəsarəti alması göstərmişdir; 2/6485 nömrəli 17 may 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Bayramov Əli Natiq oğlu həmin günü ayıq olmuşdur; Yol nəqliyyat hadisəsinin baş verdiyi yerin fotocədvəlindən görünür ki, “Nissan Qashqai” markalı 34-ZON-63 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz S500” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və hər kimi avtomobilə maddi ziyan dəymişdir; Təhqiqat araşdırması zamanı Bayramov Ucal İbrahim oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 23:35 radələrində özünə məxsus olan “Mercedes Benz S500” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Azadlıq prospektindən üzü H.Ələsgərova küçəsi istiqamətində 4 zolaqlı yolun soldan 1-ci zolağı ilə hərəkət edərkən Azadlıq prospekti ilə Ak.H.Əliyev küçələrinin kəsişməsində işıqforda dayanmış, işıqforun yaşıl işığında hərəkətə başlayan zaman təxminən 10 km saatda hərəkət edərkən H.Əliyev küçəsi istiqamətindən sonradan adının Bayramov Əli Natiq oğlu olduğunu öyrəndiyi şəxsin idarə etdiyi “Nissan Qashqai” markalı Türkiyə Respublikasının 34- ZON-63 dövlət qeydiyyat nişanlı avtomobili onun idarə etdiyi avtomobilin sol orta hissəsindən vurmuşdur; Təhqiqat araşdırması zamanı Doğan Aliş Kamil oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 23:35 radələrində özünü narahat hiss etdiyindən əvvəllər tanıdığı Bayramov Əli Natiq oğluna özünə məxsus olan “Nissan Qashqai” markalı Türkiyə Respublikasının 34-ZON-63 dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün vermiş, özü isə sərnişin qismində yanında əyləşmişdir. Əli Bayramov Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə saatda 60 km sürətlə 2 zolaqlı yolun soldan birinci zolağı hərəkət edərkən Azadlıq prospekti ilə kəsişmədə yerləşən işıqforun sarı işığının yandığını görüb sürətini azaltmadan hərəkət etmişdir ki, qırmızı işıqda dayanmasın. Bu zaman Azadlıq prospekti ilə hərəkətdə olan sonradan adının Bayramov Ucal İbrahim oğlu olduğunu öyrəndiyi “Mercedes Benz S500” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsi ilə Əli Bayramovun idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuşdur. Bu zaman o, baş nahiyyəsindən xəsarət almışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 345 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Doğan Alış Kamil oğlunda zamanı aşkar edilmiş xəsarətlər alının sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; Bakı şəhəri Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı İslamov Samir İsa oğlunun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 iyun 2020-ci il tarixli qərarından görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə sürücü Bayramov Əli Natiq oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Bayramov Əli Natiq oğlunun barəsində İXM-in 332.4-cü maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə və Doğan Aliş Kamil oğlunun barəsində İXM-in 335.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Nərimanov RPİ DYPŞ-nin rəisi YNH üzrə inspektoru polis kapitanı Azər Zeynalovun verdiyi 23 iyul 2020-ci il tarixli arayışından görünür ki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in Mərkəzi Məlumat İnformasiya Sisteminə əsasən xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küç, ev 29 ünvanında qeydiyyatda olan və yaşayan vət. Bayramov Əli Natiq oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur; Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı Zeynalov Azər Şahvələd oğlu tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 23 iyul 2020-ci il tarixli TP3826878 nömrəli qərardan görünür ki, Doğan Alış Kamil oğlu İXM-in 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə İXM-in 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 180 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bayramov Əli Natiq oğlunun 16 may 2020-ci il tarixdə saat 23:35 radələrində Türkiyə Respublikasının vətəndaşı Doğan Aliş Kamil oğluna məxsus “Nissan Qashqai” markalı Türkiyə Respublikasının 34-ZON-63 dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozaraq yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçıları olan avtomobillərə maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bayramov Əli Natiq oğlunun İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Bayramov Əli Natiq oğlu həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bayramov Əli Natiq oğlunun törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bayramov Əli Natiq oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bayramov Əli Natiq oğlunun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Bayramov Əli Natiq oğlu İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Bayramov Əli Natiq oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Bayramov Əli Natiq oğlunun məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Talıbov Hüseyn Əli oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Talıbov Hüseyn Əli oğlu tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Bayramov Əli Natiq oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Talıbov Hüseyn Əli oğluna məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bayramov Əli Natiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Talıbov Hüseyn Əli oğlu tərəfindən Bayramov Əli Natiq oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “Kapital Bank” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “Kapital Bank” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar