Məhkəmə qərarları › İş №3(005)-1351/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1351/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1351/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi ilə Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş 26 aprel 2023-ci il tarixli, 14000-00501/24 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********9484 sorğu nömrəli gömrük bəyannaməsi ilə 9000 litr spirtli içki məmulatları və 100 ədəd şüşə bakallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün Şəxs MMC (VÖEN: **********) tərəfindən heç bir müraciət olmamışdır. xx.xx.2024-cü il tarixdə Şəxs MMC (VÖEN: **********) etibarnamə ilə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 iştirakı ilə "xxxx" MMC tərəfindən müvəqqəti saxlancda olan yükə gömrük baxışı keçirilmişdir. Gömrük baxışı keçirilən zaman məlum olmuşdur ki, Şəxs MMC tərəfindən saxlanca götürülən 9000 litr spirtli içki məmulatları və 100 ədəd şüşə bakallar anbarda toxunulmadan saxlanılır.Lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin malın müvəqqəti saxlanc müddətinin tələbinə əməl olunmamışdır. Həmin malların rəsmiləşdirilməsi üçün Şəxs MMC tərəfindən heç bir müraciət olunmamışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs-nin nümayəndəsi X3 bəzi sənədlərin çatışmazlığı ilə əlaqədar gömrük rəsmiləşdirilməsinin aparılmadığını bildirərək, yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında qeyd edilən şəxs gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********9484 sorğu nömrəli gömrük bəyannaməsilə 9000,00 litr spirtli içki məmulatları və 100 ədəd şüşə bakallar xx.xx.2024-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin mallar üçün nəzərdə tutulan müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq Şəxs MMC tərəfindən malların rəsmiləşdirilməsi barədə heç bir müraciət olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ölkə ərazisinə idxal olunmuş mallar xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin həmin müddət başa çatdıqdan sonra mallar heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs MMC İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsinin törətdikləri inzibati xətanı etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar